İkinci dəfə qaziliklə şərəflənən, istəyi Şuşa olan Vətən övladı

345

    Vətən müharibəsi qazisi gizir Babayev Murad Nasir oğlu 1987-ci ildə Quba rayonu Alpan kəndində dünyaya göz açıb. Uşaq vaxtlardan hərb sənətinə olan marağı onun Azərbaycan Silahlı Qüvvələrində gizir kimi fəaliyyətə başlamasına səbəb olub. M. Babayev həm də aprel qazisidir. Onun 2016-cı il aprel döyüşlərində göstərdiyi igidliklər dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib.
Əks-hücum əməliyyatlarına qədər

Qazi Babayev Murad
Qazi Babayev Murad

    Düşmənin nə vaxtsa yeni təxribatlara əl atacağını hamımız hiss etmişdik. İşğal altında olan torpaqlarımız, Qarabağ bizim yaramız idi, yəni gec-tez biz onu qaytarmalıydıq, bu bizim boynumuzda borc idi, bir namus, şərəf məsələsi idi. Ona görə də gecə-gündüz,qar-yağış bilmədən var gücümüzlə hazırlaşırdıq ki, cənab Prezident bizə əmr versin, Azərbaycan Silahlı Qüvvələri olaraq bu acını, yükü biz həm onun, həm də xalqımızın üzərindən götürək, 90-cı illərdə itirdiyimiz şəhidlərimizin qanı və başımıza gətirilən faciələrin qisası yerdə qalmasın.
    Sentyabrın 27-si düşmən yenə mənfur fəaliyyətini icra etdi, xainliyini büruzə verdi, əlavə torpaq iddiası ilə cəbhə boyu hücumlara başladı. Bu zaman Ali Baş Komandanımız bizə əks-hücum əmri verdi. Bizə verilən əmrlərə əsasən düşmən təxribatının qaşısını almaq üçün döyüş əməliyyatlarına atıldıq. Bu bizim üçün işğalda olan torpaqlarımızı yağı düşməndən azad etməyə fürsət vermiş oldu.
Şükürlər olsun ki, üzərimizə düşən missiyanın öhdəsindən şərəflə gəldik. Düzdür, bu yolda şəhidlərimiz oldu, yoldaşlar itirdik, qardaş dediyimiz şəxsləri itirdik, onların acısı dinmir, ağırdır amma yenə də baxırıq ki, onların qanı yerdə qalmadı.
İnanılmaz döyüş ruhu: bircə Şuşaya qədər gedim
    Bu barədə danışmaq çox ağırdır. Hər dəfə döyüş yoldaşlarım yadıma düşəndə inanın ki, gecələr yatanda, gözümü yumanda o anlar, o kadrlar gəlir gözümün qabağına. Şəhidlərimizin döyüş ruhu, canla-başla döyüşən əsgərlərimiz, zabitlərimiz vardı. Hamımızın bir arzusu vardı: heç olmasa Şuşaya qədər gedək. Bilirdim ki, nə vaxtsa vurulacam. Çünki odun-alovun içində olan hərbçi üçün bu gözlənilən hadisədir. Bu gün olmasa sabah, sabah olmasa o birisi gün: yəni hər anın öz hökmü var. Amma yenə də ruhdan düşmürdüm. Allaha dua edirdim ki, bircə Şuşaya qədər gedim, Şuşaya qədər mənə heç nə olmasın, nə olursa olsun, Şuşada olsun. Bircə oraya çatım, mənim uşaqlıq arzum olub ki, Şuşaya gedim, Şuşada olum, ən azından oranı görüm. Düzdür, həmin vaxt qismət olmadı, ağır yaralandım, ancaq şükürlər olsun ki, Allah hifz etdi, inşaallah hamı kimi mən də gedəcəm o gözəl məkanı görməyə.
Şəhidliyə yaraşan şəkil
    Şükürlər olsun ki, ordumuz o qədər güclü idi, o qədər ruh yüksəkliyi var idi ki, inanırdıq ki, əslində biz ölmürük, çünki şəhidlər ölməz. Hamının arzusunda şəhidlik vardı. Döyüş yoldaşlarım deyirdi ki, çək şəklimi baş daşıma vurarsız, nə şəhidliyə yaraşan şəkildi. Hamıda bir yəqinlik, bir rahatlıq vardı elə bil: şəhidliyə namizəd olmaq. O sözləri deyən dostlarımın əksəriyyəti şəhid oldular (məkanları cənnət olsun). Bunları danışmaq mənim üçün çox ağırdır, çox çətindir.
Hər gün bu xatirələrlə yaşayıram
    Gözümü yumuram bütün bu danışdıqlarım gəlir gözümün qabağına. Nə yediyimi bilirəm, nə içdiyimi. Çünki dost itirmək, bu başqa bir şeydir. Bu qardaş deyil, qardaşdan ötəsidir. Silah yoldaşıyıq: bu başqa bir duyğudur. Ona görə də Allahdan şəhidlərimizə rəhmət diləyirəm.
Biz vuruşarkən 10 milyon idik
    Bu gün qazandığımız nailiyyət, torpaqlarımızın azad olunması, yağı düşmən altında inləməməsi biz qazilərə yaralarımızı unutdurur. Buna görə cənab Prezidentə minnətdarlığımı bildirirəm. Həmçinin xalqımıza da dəstəyinə görə dərin minnətdarlığımı bildirirəm. Həmişə demişəm. Biz təkcə ordumuz ilə yox, biz 10 milyonluq xalqla birlikdə vuruşduq mənfur düşmənlə. Bilirdik ki, xalqımızın duası bizimlədir. Uşaqlarımız məktub yazırdılar cəhbəyə, dəstək olurdular, onlardan gələn məktubları oxuyanda fikirləşirdik ki, bizə düşmən qarşısından qaçmaq haramdır, bu yolda ya ölmək-şəhid olmaq, ya da öldürmək-bir amal var idi yəni. Hamı deyirdi ki, mənə düşən bir ermənini məhv edim, ondan sonra nə olursa olsun. Ən azından borcumu yerinə yetirim bir ermənini məhv edim. Hamının arzusunda Qarabağ vardı. Ömrüm boyu uşaqlıq arzum olub Şuşa, Kəlbəcər, Laçında olum. Bu bizə əlavə bir stimul verirdi, əlavə güc verirdi.
Kölə düşmən
    Erməni nə qədər güclü görünür-görünsün, erməni zəifdir, zatən, erməni həmişə ona buna arxalanmış dığadır, köhnə texnikalar, köhnə silahlar, yəni hamı da bilir ki, kimin köləsidir. Biz şükürlər olsun azad, müstəqil dövlətdə yaşayırıq, ona görə də mən fəxr edirəm ki, bizim belə ordumuz var. Bizim ordumuz dünyada öz sözünü deyir. Bizim örnək götürüləsi ordumuz var. Ukrayna bu gün təlimlərində Azərbaycan taktikasından istifadə edir. Bu bilirsiz nə deməkdir? Bu çox böyük bir nəticədir. O qədər böyük bir nəticədir ki, böyük dövlətlər Azərbaycandan dərs alır. ABŞ kimi NATO ölkəsi deyir ki, Azərbaycana baxıb səhvərimizi düzəldirik. Azərbaycan 5-ci nəsil müharibə apardı. Bu isə hər dövlətin işi deyil.
Qanlı döyüşlər
    Cəmi iki-üç gün ərzində Füzuli istiqamətində, Füzuli rayonunun önündəki 12-13 kəndi düşməndən azad etdik. Çoxlu yaralı və şəhidlərimiz oldu. Bölük komandirim, gizir yoldaşlarım, əsgər yoldaşlarım orda şəhid oldu (məkanları cənnət olsun). Nə edək ki, qanlı döyüşlər itkisiz olmur.
Yeraltı bunker-sığınacaqlar
Düşmən üzərinə hücum etdik, bu zaman şahidi olduq ki, mənfur dığalar illər boyu necə güclü istehkamlar qurublar. Çox güclü mövqelənmişdilər. Çoxlu bunker və yeraltı sığınacaqları vardı. Füzuli rayonunun özündə o qədər yeraltı sığınacaqlar, bunkerlər var idi ki, hətta ağır artileriya onlara təsir edə bilmirdi. Çıxırdılar yerin altından bizə atəş açırdılar və yenə gizlənirdilər. Atəş nöqtələrini təyin etməkdə çətinliklər yaranırdı. Bəzi texnikalarımızı orada vurdular, itkilərimiz oldu. Nəhayət komandir əmr verdi : Ya öləcəyik, ya qalacayıq, amma bir yolumuz var: biz bu torpağı azad etməliyik.
Allahu Əkbər sədası ilə düşmən üzərinə
    Əmr verildi, Allahu Əkbər sədaları ilə düşmənin üzərinə hücuma keçdik, düşdük onların səngərlərinə. Əlbəyaxa döyüş də oldu orada. Hər səngərdə demək olar ki, 17-18 erməni əsgəri vardı. Şəhid yoldaşım gizir K. Hüseynovla birlikdə 20-yə yaxın erməni leşini yerə sərdik. Döyüş yoldaşlarımdan biri ermənini vurdu, düşmən yerə yıxıldı. Hiyləgərlik etdi, onu bilmədik. Üzərindən atlayıb keçərkən arxadan atəş açdı. Yəni onların belə namərdliyi vardı. Özlərini qəsdən ölülüyə vururdular. Buna baxmayaraq onları o qədər çıxılmaz vəziyyətə saldıq ki, qaça bilən qaçdı, yerdə isə çoxlu erməni leşi və yaralıları qalmışdı. Bir hissəsi silahlarını, hər şeyini verib təslim olmaq istədilər. Əvvəlcə onlara inandıq ki, həqiqətən təslim olacaqlar. Lakin daha sonra kənardan snayper atışları gəlməyə başladı. Bölük komandirimi orada snayper ilə vurdular. Yəni çox xain, alçaqcasına hərəkət edirdi mənfur düşmən. Baxdıq ki, bunun yalnız bir yolu var: Mənfur düşməni müqəddəs torpağımızdan birdəfəlik silmək. Çünki təslim olmaq istəyirdilər amma hiyləgərlik edirdilər. Yəni niyyətləri bizi aldadıb məhv etmək idi.
Ölüm-qalım döyüşü
    Kənd Horadiz istiqamətində gedən döyüşdə strateji mövqeləri ələ keçirdik, düşməni yerindəcə məhv etdik. Başladıq mövqelənməyə, gözlədik. 15-16 tankımız və zirehli texnikamız vardı. Növbəti əmri gözləyirdik. Bir də gördük ki, düşmən tankı meşəlik istiqamətdən olduğumuz əraziyə ətəş açır. Atılan mərmilərdən biri ön cərgədə duran zirehli texnikamıza dəydi. Yerimizi təyin edən düşmən üzərimizə intensiv artilleriya və minamyot atışları etməyə başladı. Bizə imkan vermək istəmirdilər. Ələ keçirdiyimiz ərazi onların neçə illik məskunlaşdıqları səngər idi. Yəni düşmən tərəf olduğumuz yerin koordinatlarını dəqiq bilirdi.
    Sığınacaqlarda qorunmağa məcbur olduq. Şəxsi heyəti maşınlardan düşürdük ki, texnikalar vurulsa ən azından şəxsi heyət içində yanmasın. Sürücüm və tuşlayıcı operatorla maşında qaldıq. Başladıq tankın yerini müəyyən etməyə. Bölük komandiri əmr verdi ki, bu tank haradan atəş açır, təyin edin. Maşınımın nömrəsi 23 idi. Dedi 23 nömrəli maşın sənin mövqeyin yaxşıdı, rahatdı, bizə məlumat ötür, artilleriyaya koordinat verək o tankı vursun. Çünki bizə rahatçılıq vermir. Lakin düşməni görmək çətin idi. Gizli mövqedən atırdı bizə.
Sarıtəpə
    Bu minvalla çıxdım, gördüm ki, Sarıtəpə deyilən yer var, həmin o təpənin arxasından tankın lüləsi görünür. Dərhal arxaya çəkildim, bölük komandirinə məlumat verdim ki, tank Sarıtəpə istiqamətindən bizi atəşə tutur. Elə arxaya çəkilmişdim, bizim maşınlardan birini vurdular, bu zaman yanğın başladı. Çəkildim arxaya ki, şəxsi heyəti içindən çıxarım. Gəldim həmin maşının yanına. İçəridə dörd nəfər vardı. Üç nəfər maşının öz heyəti, bir nəfər də əlavə əsgər vardı. Həmin üç nəfər maşın heyətini öz heyətimlə çıxardıb xilas etdik. Onları təxliyə edib arxaya sığınacağa çəkdik ki, siz burada qalın kömək gələcək. Lakin əsgərlərdən biri maşının içində qalmışdı, düşə bilmirdi.
Döyüş yoldaşımı xilas etməli idim
    Döyüş yoldaşlarım qışqırdılar mənə ki, maşın partlayacaq vaxta az qalıb, çoxdan yanır o. Dedim partlayacaqsa bərabər partlayacayıq. Yəni o əsgəri orada yana-yana qoyub, onun qışqırtısını bir ömür daşıya bilməzdim. Zirehli maşının içinə girdim. Yaxınlaşıb diqqətlə baxdım. Əsgərin sol ayağı demək olar ki yanmışdı. Kömək üçün əlimi uzatdım, aldığı yaralardan zarıyırdı. Maşın isə alovlanıb yanır, içəridə mərmilər partlayırdı. Yaxınında durmaq mümkün deyildi. Həmin anda düşündüm ki, o da br ananın övladıdır, onu da bir ana gözləyir, bir ata gözləyir. Bəlkə də ailəlidir, övladı var. Bunlar gəldi gözümün önünə. Ən əsası döyüş yoldaşım idi, onu orada köməksiz qoya bilməzdim. Ölüm də olsa özümü atdım oraya. Allaha şükürlər olsun ki, mən o anda onu orada qoymadım. Ən azında vicdanım belə rahatdı. Var gücümü toplayıb texnikanın içərisindən çıxardım onu.
Mərmi partladı
    Bu zaman mərmi partladı, qəlpəsi dəydi sifətimə, yıxdı məni yerə. Qalxdım yenidən o əsgəri yanğın sahəsindən 20-30 metr aralıya sürüdüm. Sürüdüm, gördüm gücüm çatmır. Taqətdən düşmüşəm, həm də əsgər ağırdır, özü də güc etmir. Sürücüm və tuşlayıcıma dedim maşını biraz yaxına çək, maşına qoyaq elə xilas edək. Minamyot da, artileriya da atəş tökür başımıza. Yağış kimi yağdırırlar, imkan yoxdur. Aman yoxdur tərpənməyə.
Kürəyim alışıb yanır
    Sürücüyə əmr vermişdim ki, gəlsin yaxına, bu vaxt bilmədim nə oldu. Əlimi atmışdım əsgəri qaldırmaq istəyirdim birdən dəhşətli partlayış səsi gəldi. Sanki bütün beyin sistemim durdu. Hər yer gözümdə süd kimi ağardı. Elə bilirdim uçuram. Heç bir ağrı hiss etmirdim. Yerə düşəndən sonra nəfəs gəldi. Gözümü açdım ki, yerdəyəm əynimdə paltar belə qalmayıb, bircə şalvar qalmışdı. Hücum jileti və kitelim əynimdən çıxıb paramparça olub. Əvvəlcə elə bildim ki, kürəyim alışıb yanır. Döndüm arxası üstə ki, alovu söndürüm. O zaman gördüm ki, kürəyimə qəlpə dolubmuş. Otuza yaxın qəlpə kürəyimə, bir neçəsi də qoluma girmişdi.
Yanaraq şəhid oldular
    Başım ciddi zədələnmişdi. (Başımın sümüyünü əməliyyatla götürüblər. Demək olar ki, arxa hissədə sümük yoxdur. Həkimlərin dediyinə görə 16 kvadrat sm hissədə sümük deformasiyaya uğrayıb). Üz-gözümdən qan axırdı. Çalışdım özümü itirməyim, zorla da olsa ətrafıma göz gəzdiridm. Bu zaman gördüm ki, maşınımın heyəti: sürücü və tuşlayıcım ikisi də yanıb şəhid olublar. Xilas etməyə çalışdığım həmin əsgər də şəhid olubmuş (məkanları cənnət olsun). Daha sonra heç nədən xəbərim olmadı. Sadəcə əlimi qaldırıb yardım istəmişəm dostlarımdan. Ayılanda gördüm ki, Füzuli hospitalındayam, əməliyyat edirlər.
    Sonda şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Ailələrinə səbr diləyirəm. Allah qazilərimizə şəfalar versin. Xalqımız var olsun!
    Şərəfli döyüş yolu keçmiş ikiqat qazilik nəsib olmuş gizir Murad Babayevi xalqımız adından təbrik edir, ona sağlamlıq diləyirik. Mərd igidimizin Şuşanı görmək arzusu ən qısa vaxtda həyata keçsin. Vətən sizinlə fəxr edir!!!

Müəllif: Rəşad Alpanlı (Sədullayev)