Məmməd Rüstəmbəylinin tarixçi ömrü – 100

63
Rüstəmbəyli Məmməd
Rüstəmbəyli Məmməd

1921-ci ilin martında Quba rayonunun Alpan kəndində anadan olan tarix elmləri namizədi, dosent, həvəskar dramaturq Rüstəmbəyli Məmməd Gülbala oğlu 1955/58-ci illərdə kənd məktəbimizin direktoru vəzifəsində də işləmişdir. O, Alpanda 8 illik təhsilini başa vurub daxil olduğu Bakı İqtisad-Statistika texnikumunu 1941-ci ildə bitirib bir müddət həmin texnikumda işləmişdir. M.Rüstəmbəyli 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin (Darulfinun) hüquq fakultəsinə daxil olub hüquqşunas diplomu alsa da, 1 il Quba rayonunda müstəntiq işləsə də, sonradan ekstern yolu ilə-bir illik ixtisasdəyişmə kursu keçərək tarix fakultəsini bitirib 1950-ci ildən İmişli rayonunda məktəb direktoru işləmişdir. Sonradan, yuxarıda yazdığım kimi 1954-cü ildə doğma kəndinə qayıdıb müəllim və məktəb direktoru işləyir. Məmməd müəllim 1960-cı ildə Bakıya qayıdıb 64 saylı məktəbdə müəllim və direktor işləyərkən tarix üzrə namizədlik dissertasiyası götürüb tədqiqatla məşğul olsa da, həyat yoldaşı, Alpan kənd məktəbində kimya-biologiya fənnindən dərs deyən Siddiqə (1920-2000) müəllimə övladları ilə birgə

Rüstəmbəyli Məmməd
Rüstəmbəyli Məmməd

1966-ci ilədək kənddə yaşayırdılar. Məmməd müəllim 1970-ci ildə inqilab tarixi mövzusunda dissertasiya müdafiə edib tarix elmləri namizədi elmi dərəcəsi aldığdan sonra Azərbaycan Bədən Tərbiyəsi İnstitutunda müəllimlik etmişdir. Sovet hökumətinin qurulması münasibətilə 1971-ci ildə çap olunmuş “Xalqın səadəti uğrunda” adlı tədqiqatında M.Rüstəmbəyli Cümhuriyyət dövrünü dəfələrlə vurğulamışdır. Qeyd edək ki, müəllif, kitabında əsasən Quba qəzasındakı siyasi hadisələri diqqətə çatdırmışdır. Cümhuriyyətin yaradılması ərəfəsindəki və sonrakı dövrü vətəndaş müharibəsi kimi təsvir edən M.Rüstəmbəyli, sovet ideologiyasının təbliğçisi mövqeyində bolşeviklərin Azərbaycanı işğal etməsinə də haqq qazandırırdı. O, Zaqafqaziya Seyminin buraxılmasından sonra yaradılan Cümhuriyyətin qurulmasını tarixi proseslərin nəticəsi kimi dəyərləndirir. Amma kitabında

Rüstəmbəyli Məmməd
Rüstəmbəyli Məmməd

Cümhuriyyəti “əksinqilabi Müsavat hökuməti” və s. kimi mənfi epitetlərlə səciyyələndirən müəllif, 1920-ci il aprelin və avqustun sonunda baş vermiş silahlı Quba üsyanlarının detallarını izah etməklə, Cümhuriyyətin devrilməsində Rusiyanın rolunu açıq şəkildə ortaya qoyur. M.Rüstəmbəyli siyasi opponent olaraq, Cümhuriyyətin heç bir müsbət, təqdirəlayiq tədbirini nəinki işıqlandırmır, ümumiyyətlə adını belə çəkmir. Maraqlıdır ki, əsər Sovet hakimiyətinə həsr olunmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti baş verən hadisələrin katalizatoru rolunda təsvir edilir, bu da sovet tarixşünaslığında ənənəvi strategiyanın pozulması deməkdir. Əsas etibarilə, mənfi müstəvidə sosial-siyasi mühitin ziddiyyətli keçidi kimi səciyyələndirilən AXC dövrü bu tədqiqatın əsas istiqamətini müəyyənləşdirməklə, dolayısıyla da olsa Cumhuriyyət tarixinə diqqət yönəltmək, maraq oyatmaq baxımından təqdirəlayiqdir. Tarixçi alimə 1989-cu ildən dosent elmi adı verilmiş, Təhsil Nazirliyində məsul vəzifəyə irəli çəkilmiş, 1991-ci ildə Maarif nəşriyyatında “Çarpışan qüvvələr” adlı kitabı da çap edilmişdir. İlk mənbələrə əsaslanan bu kitabda Quba qəzasında bolşeviklərin (1917-1921) yenicə yaradılmış Azərbaycan Demokratik Respublikasına qarşı mübarizəsi əks etdirilir. Bu kitab sovet ideologiyasının təsiri altında yazılsa da, Azərbaycan tarixinin tədrisi baxımından, tarixi fakt və hadisələrin, xüsusilə Quba diyarının beş illik gərgin, təlatümlü zaman kəsimində baş verənlərin daha dolğun öyrənilməsində orta və ali məktəb müəllim və tələbələri, həmçinin qubalı oxucular üçün əhəmiyyətli vəsaitdir.

Rüstəmbəyli Məmməd
Rüstəmbəyli Məmməd

Məmməd müəllimin 1968/92-ci illər arası Respublikada nəşr olunan qəzet və jurnallarda 60-a yaxın müxtəlif mövzulu məqaləsi dərc edilmışdir. Ədəbi yaradıcılığa, əsasən teatr sahəsinə marağı olan Məmməd müəllimin yazdığı 10-a yaxın pyesdən üçü Ağdam, Gəncə və Şəki Dövlət Dram teatrlarında tamaşaya qoyulmuş, bir pyesi və bir neçə satirik səhnəciyi Dövlət Televiziyası tərəfindən tamaşaçılara təqdim edilmişdir. Onun yazdığı pyeslər arasında “Fətəli xan”, “Xaqani” kimi tarixi mövzulu əsərlər də olub. Ömrünün son illərində Respublika

Rüstəmbəyli Məmməd-kitab
Rüstəmbəyli Məmməd-kitab

Müəllimləri Təkmilləşdirmə İnstitutunda baş müəllim işləyən həmyerlimiz 1994-cü ilin 21 dekabrında vəfat etmiş, ailəsinin də yaşayıb işlədiyi Bakı şəhərində dəfn edilmişdir. Deyilənə görə müxtəlif mövzulu xeyli əlyazması, o cümlədən Qubanın, Alpanın tarixi keçmişi barədə yarım qalan tədqiqat materialları var arxivində… Kənddəki ata yurdunda Məmməd müəllimin birinci həyat yoldaşından doğulan böyük oğlu, ixtisasca mühasib olan rəhmətlik Əfrasiyab yaşayırdı, kiçik oğlu ədliyyə mayoru Nüsrət isə ömrünün sonunadək müstəntiq işləmişdi. Elm, maarif fədaisi olan tanınmış həmyerlimiz Məmməd müəllimə Allahdan rəhmət diləyir, bizi məlumatlandıran kiçik qızı Nəcibə xanıma can sağlığı arzulayır, tarixçi alimin 100 illik yubileyində xatirəsini hörmətlə anaraq həyat tarixçəsini gələcək nəsillərin diqqətinə yönəldir, yaddaşlara əmanət edirik.

Qələmə aldı Cabir Alpoğlu Albantürk