Müstəqillik illərində məscidimiz necə təmir olundu?

101

    Hələ sovet dönəmində kənd məscidimizin yararsız hala düşməsi ilə əlaqədar həyəcan təbili çalınıb. Məsələn, 1984-cü ildə “Şəfəq” qəzetində Məhəbbət Rəsulovun “Tarixi abidələr qorunmalıdır” adlı yazısında deyilir: “Kəndin mərkəzində yerləşən məscid binası qədimliyinə, tikilişindəki obrazlılığına görə diqqəti cəlb edir. Lakin bu tarixi abidənin də üstündəki dəmirlər köhnəlib sıradan çıxır, ətrafdakı navalçalar tamamilə zay olmuşdur. Damın üstündəki günbəzin dəmirləri sökülmüş və öz gözəlliyini itirmişdir. İndi yağan yağış içəri damır.

    Hörmətli redaksiya, zənnimcə bu laqeydlikdən başqa bir şey deyildir. Görəsən rayon mədəniyyət şöbəsi bu tarixi abidələr haqqında nə fikirləşir?” (Yeri gəlmişkən qeyd edim ki, həmin məqalədə XVI əsrin yadigarı sayılan Subaba türbəsinin baxımsızlıq ucbatından pis vəziyyətə düşməsi də vurğulanıb). Bu isə o deməkdir ki, məscidin yararsız hala düşməsi hələ sovet dönəmində kənd ziyalılarımızı düşündürüb. Amma bu kimi cəhdlərə baxmayaraq belə məkanlara əsla fikir verməyən sovet rejimi, necə deyərlər öz siyasətindən əl çəkməyib.

 

    …Ölkəmiz müstəqilliyə qovuşduqdan sonra insanlar dini etiqadlarında azadlıq əldə etdilər. Sovet dönəmində müxtəlif məqsədlər üçün istifadə olunub yararsız hala salınmış məscidlər yenidən təmir olunmağa başlanıldı, dini icmaların qurulmasına və yeni məscidlərin tikilməsinə icazə verildi. Bu prosesdən kəndimiz də faydalandı. Belə ki, sovet dönəmində taxıl anbarı kimi istifadə edilən kənd məscidinin təmirinə başlanıldı. Bəri başdan qeyd edək ki, o illərdə camaatın iqtisadi-sosial vəziyyəti yaxşı olmasa da, kimsə əlindən gələni köməyi əsirgəmədi, yəni kimi maddi yardımla, kimi də təmir işlərində çalışmaqla məscidin yenidənqurulmasına öz töhfəsini verməyə çalışdı.

 

İlk addım…

    Kəndimizin mollası, Hacı Yaşar Həmidovun sözlərinə görə, müstəqillik illərində məscidin acınacaqlı vəziyyətinə biganə qalmayan və bunu öz əməli işi ilə nümayiş etdirən şəxs həmkəndlimiz Nəbi Həsənov olub. Belə ki, o, öz daxili imkanları hesabına məscidin günbəzinə, daha doğrusu, pəncərələrinə əl gəzdirib: “Özü də Gülməhəmmədin oğlu İsmayılın kranından istifadə etməklə…”

    Əldə etdiyimiz məlumatlara görə, məscidin yenidən qurulması istiqamətində ilk tutarlı addım atan həmin dövrdə sovxozun direktoru vəzifəsində çalışan Tofiq Beykəs oğlu Qubatov olub. O, bizimlə söhbətində bu prosesdən belə söz açdı: “1994-cü ildə Sabir adına meyvəçilik sovxozuna direktor təyin olundum. Günlərin bir günü kəndimizin problemləri ilə maraqlanarkən həmkəndlimiz Alik Babayev diqqətimi kənd məscidinə yönəldərək bildirdi ki, bəs bu qədim abidənin dam örtüyü çürüməkdədir. Mən bu problemi araşdıranda bunu bir daha yəqin etdim. Odur ki, məscidi təmir etmək məqsədilə xeyriyyə tədbiri keçirməyi qərara aldım. Təklifim kənd camaatı tərəfindən müsbət qarşılandı. Beləcə kimsədən göstəriş almadan kəndin mərkəzindəki klubun qarşısında xeyriyyə tədbiri keçirdik. Doğrudur, xeyriyyə tədbirindən toplanan vəsaitlə mövcud problemi aradan qaldırmaq qeyri-mümkün idi. Buna rəğmən tərəddüd etmədən həm sovxozun, həm də özümün daxili imkanları hesabına bu işə başlamaq qərarına gəldim və 1995-ci ildə məscidin dam örtüyünün dəyişdirilməsinə başladıq. İşə başlanan gün özümdə xeyli mənəvi rahatlıq hiss etdim. Yeri gəlmişkən onu da deyim ki, bu işi Bədirxan Muradov, Bəhram Hüseynov, Bəhruz Bayramov yerinə yetirirdilər. Özü də müqavilə əsasında”.

 

Sonrakı addım

    Amma məscidin dam örtüyünün dəyişdirilməsi prosesi və digər işlər Tofiq Qubatovun başqa işə keçməsi ilə əlaqədar yarımçıq qalıb. Bu işi sovxoza yeni direktor təyin olunan (1996-1997) Zabit Bəcan oğlu Babayev davam etdirib. Bu barədə Zabit Babayevin dediklərindən: “Bəli, məscidin təmirinə Tofiq Qubatov tərəfindən başlanılıb. Amma məscidin üzərindəki qara dəmir təbəqələri iki tərəfindən sökdürülüb cıxardılmışdı ki, onu vəzifədən azad etdilər. Nəticədə məscidi təmir edən muqaviləcilər işi saxladılar. Mən direktor vəzifəsinə təyin olunanda Qumalat Poladov yanıma gəlib məscidin təmiri ilə maraqlandı və söz verdi ki, təmiri lazımi şəkildə davam etdirilməsinə öz yardımını əsirgəməyəcək. Bir sözlə, təmiri imkan daxilində davam etdirdik. Üstəlik, bu işlə bağlı bəzi şəxslərin guya məscidə kömək edirmiş kimi verdikləri materialların borclarını (həmin şəxslərin adlarını çəkmək istəmirəm) ödədim”.

 

Müəyyən qurumlara müraciət

Vədad bəy və Qəzənfər müəllim
Vədad bəy və Qəzənfər müəllim

    Amma yenə də məscidin tam təmiri yekunlaşdırılmayıb. Buna Ələskər Ramazan oğlu Ələskərli (hazırda o, Türkiyənin Karabük Universitetinin professorudur) laqeyd qala bilməyib. Hazırda Moskva şəhərində yaşayan Vidad Ramazan oğlu Ələskərovun dediklərindən: “Məscidin dam örtüyünin təmirinin yarımçıq qalmasının əsas səbəbi dam üçün alınmış dəmir məmulatının (məscidin dam örtüyünün bir hissəsi açıq qalmışdı) çatışmaması idi. O vaxt mən Bakı Dövlət Universitetinin ikinci kursunda oxuyurdum. Dəqiq yadımdadır ki, onda qardaşım Ələskər dəmir təbəqələr almaq məqsədilə ölkəmizdə fəaliyyət göstərən Türkiyə mənşəli Gəncliyə Yardım Fonduna ərizə ilə müraciət etdi. Fondun sədri hörmətli Nədim Qaya məscidin dam örtüsünü qarşılayacaq qədər məbləğ ayırdı. Nəticədə məscidin yarımçıq qalmış dam örtüyü başa çatdırıldı. Amma vəsait olmadığından məscidlə bağlı digər işləri görmək mümkün olmadı. Elə bu səbəbdən məscidin öz qapılarını mömünlərin üzünə açılması müşkülə çevrildi. Qardaşım təhsil dalınca Türkiyəyə gedəndən sonra bu işi mən davam etdirməyi qarşıma məqsəd qoydum.

    Ali məktəbdə təhsilimi başa vurandan sonra (1997-ci ildə) Beynəlxalq Humanitar Çağırış Cəmiyyətində işə düzəldim. Elə işə başladığım ilk günlərdən cəmiyyətin rəhbərliyinə kəndimizin qədim məscidi barədə məlumat verdim. Bildirdim ki, məscidin dam örtüyü kənd sakinlərinin, kəndin vəzifəli şəxslərinin yardımı ilə dəyişdirilib. Amma məscidin iç hissəsinin, o cümlədən tavanının ciddi təmirə ehtiyacı var. Odur ki, orada dini ayinlərin normal şəkildə icrası mümkün deyil. Bu məsələdə bizə yardım etməyinizi xahiş edirəm. Həmin cəmiyyət məscidin təmirinin davam etdirilməsi üçün smeta hazırlanmasını tələb etdi. Mən vaxt itirmədən işə başladım. Belə ki, Qubadan dəvət etdiyim bir mühəndis smeta hazırladı. Smetanı öz adımdan və kənd dindarları adından cəmiyyətə təqdim etdim. Rəhbərlik həmin smetada müəyyən dəyişikliklər apardıqdan sonra sponsor axtarışı üçün baş ofisə mürəciət etdi. Bir müddət sonra sponsor tapıldı və kəndin məscidinin təmirinə vəsait ayırıldı. Həmin vəsaitlə nəzərdə tutulan işlərin tam başa çatdırmağın qeyri-mümkünlüyüni nəzərə alaraq bu məsələdə alternativ yollardan istifadə etmək qərarına gəldik. Məsələn, tavan üçün tələb olunan materialın bir hissəsini meşədən gətirdiyimiz ağaclardan hazırlatdıq.

Vədad Ələskərov
Vədad Ələskərov

    Özü də bu işləri cəmiyyətin xətti ilə kəndimizə gəlmiş ustalar (onlar 7 nəfər idilər) həyata keçirirdilər. Onlara kəndin sakinləri də könüllü olaraq yardımçə olurdular. Vəsaitə qənaət etmək məqsədilə onlar üçün haradasa ayrıca ev tutmadıq; bizim evimizdə məskunlaşdılar. Onların qulluğunda atam Ramazan kişi, anam Sara xanım dayandı. Uzun sözün qısası: məscidin tavanı təmir edildi, bu müqəddəs məkanın içərisində və bayırında suvaq işləri aparıldı. (Yeri gəlmişkən onu da qeyd edim ki, məscidin içərisinə bizə qədər yüngülvari əl gəzdirilmişdi). Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, tanınmış xəttat, həmkəndlimiz Mizafəddin Əzizovun (Allah rəhmət eləsin) məscidə bağışladığı plakatlarla onu bəzədik. Sonra Beynəlxalq Humanitar Çağırış Cəmiyyətinin nümayəndələri kəndimizə gəldilər, gördüyümüz işlərə baxdılar, işimizi qənaətbəxş qiymətləndirdilər və bu dini ocağımız dindarların istifadəsinə verildi. Elə həmin gün onların iştirakı ilə qurbanlıq kəsildi, (elə qurbanlığı da məscidimizin təmirinə vəsait ayıran şəxs kəsdi), ziyafət verildi. Uzun illərdən sonra azan səsi kəsilmiş məscidimizdən azan səsi ucaldı. Bu tarixi hadisə 1999-cu ilin may ayının 3-də keçirildi. Həmin gündən etibarən indiyə qədər məscidimiz Alpan dindarlarının istifadəsindədir”.

    Məscidin imamı Bədəl Bədəlov: “Həmin mübarək gün, yəni yenidənqurmadan sonra məscidin açılışı günü həyatımın ən unudulmaz günlərindən biri kimi yaddaşıma həkk olunub. Həmin açılışda Vidad Ələskərov çıxış etdi, Əlipaşa Murtuzov, tarixçi Şərafəddin Dadaşov, eləcə də tədbrin açılışına gələnlər də öz xeyir-dualarını verdilər. Bu tədbirdə Beynəlxalq Humanitar Çağırış Cəmiyyətinin cəmiyyətin sədri şeyx Rəşid, inşaat briqadasının rəhbəri, sponsor, həmçinin digər qonaqlar da iştirak edirdilər”.

 

Qeydiyyat prosesi

    …Elə 1999-cu ilin may ayında məscidin, eləcə də dini icmanın qeydiyyatdan keçirilməsi məsələsi ortaya çıxdı. Qeydiyyat məsələlərini həll etmək üçün bir sıra tələblər irəli sürülürdü. Bunun üçün kənddə dini icma qurulmalı, dini icmanın iclasından çıxarılmış qərarlar ilə Alpan kənd sovetliyinə, rayon icraiyyə komitəsinə, Şimal bölgəsi üzrə dini quruma, Qafqaz Müsəlmanları İdarəsinə, Nazirlər Kabinetinin dini üşlər üzrə idarəsinə və Ədliyyə Nazirliyinə müraciət olunmalı idi.

Məsçidin iç görüntüsü
Məsçidin iç görüntüsü

    Molla Yaşar Həmidovun yaddaşından: “Dini icmanın ilk iclası 1999-cu ilin mayın 22-də sovxozun idarə binasında keçirildi. Quba rayon İcra Hakimiyyəti başçısının Alpan kəndi üzrə İƏV nümayəndəsi vəzifəsində çalışan Vahid Qubatovun sədrliyi ilə keçirilən islasda dini icmanın sədri vəzifəsinə Ramazan kişinin və Hacı Salmanın namizədliyi irəli sürüldü. Lakin onlar bundan imtina etdilər. Nəticədə Vidad Ələskərov dini icmanın sədri seçildi. Onu da deyim ki, o, müəyyən səbəblərdən həmin tədbirdə iştirak etmirdi. Elə həmin iclasda dini icmanın qeydiyyata alınması və digər sənədlərin hazırlanması və bununla əlaqədar müvafiq qurumlara müraciət olunması qərara alındı”.

    Vidad Ələskərovun yaddaşından: ”Qeydiyyat prosesində mənə müəllimim – şərqşünas-alim, professor, Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının sədri Vasim Məmmədəliyev (Allah rəhmət eləsin) yaxından köməklik göstərdi. Yəni mən, əgər belə demək mümkünsə, onun adı ilə bir çox qapıları aça bildim. Dini icmanın nizamnaməsini, məramnaməsini hazırladım və aidiyyəti orqanlara təqdim etdim. Nəticədə məscidə aid olan bütün sənədləri, o cümlədən Alpan kənd məscidi dindarlarının dini icmasının şəhadətnaməsini rəsmi şəkildə əldə etdim. (Həmin 341 saylı şəhadətnamə 22 dekabr 1999-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilib). Yeri gəlmişkən onu da qeyd edim ki, həmin sənədin, eləcə də möhür və ştampın əldə edilməsi məqsədilə öz vəsaitimi əsirgəməmişəm. Təbii ki, Allah rizası üçün. Onu da deyim ki, müəyyən səbəblərdən möhür və ştampı dəfələrlə dəyişməli olmuşam. Şübhəsiz ki, bütün bunlar yəni dəfələrlə rayon mərkəzinə, paytaxta gedib-gəlmək vəsait tələb edirdi”.

 

Haşiyə

    Məsciddə təmir işləri aparılarkən Vidad Ələskərov bir sıra problemlərlə qarşılaşıb. Belə ki, kəndin bəzi üzdəniraq “dindarları” onu və ustaları məscidə ayrılmış vəsaiti mənimsəməkdə suçlamaqla yanaşı, vəsaiti ayırmış Cəmiyyətə də müraciətlər ediblər. Bütün bunlar öz “nəticəsini” verib. Belə ki, Vidad Ələskərov təhlükəsizlik orqanlarına, o cümlədən kənd sovetinə dəvət olunub. Lakin sübut olunub ki, məscidin təmiri ilə bağlı heç bir mənimsəmədən söhbət gedə bilməz. Bir sözlə, bu kimi addımlar Vidad Ələskərovu işdən soyuda bilməyib: o daha inamla bu prosesi davam etdirib.

    Kəndimizin imamı Bədəl Bədəlov sənədlərə əsasən bildirdi ki, Vidad Ələskərov 1999-cu ildən 2005-ci ilin yanvar ayının 29-dək Alpan kənd dini icmasının sədri və məscidimizin imamı olub. Sonradan o, Alpan kənd dini icmasının qərarı ilə bu qurumun fəxri sədri seçilib. Bu yerdə bir məsələni də vurğulamaq istərdim. Belə ki, məscidin qorunmasında, təmirində, dini ibadətlərin yerinə yetirilməsində danılmaz xidmətləri olan Vidad Ələskərov iş dalınca xarici ölkəyə gedəndə Alpan kənd məscidi dindarlarının dini icmasının sədr müavini Yaşar Həmidov onu əvəz edib, yəni o, 12 avqust 2000-ci ildən 2005-ci ilədək Alpan kənd dini icmasının sədri və məscidimizin imamı funksiyalarını yerinə yetirib.

    Sonradan, daha doğrusu, 2005-ci ildən mən dini icmanın sədri və məscidimizin imamı seçilmişəm. Onu da deyim ki, mənim və Həmid kişinin oğlu Emin Şirinovun dini təhsil almağımızda Vidad Ələskərovun tövsiyyələri böyük rol oynayıb.

    Molla Yaşar Həmidovun yaddaşından: “O zaman bu kimi işlərin həyata keçirilməsinə mane olanlar da olublar. Məsələn bir fakt: həmin təmir zamanı məscidin döşəməsinə taxta vurmaq da gündəmdə idi. Amma bu, müəyyən səbəblərdən baş tutmadı. Daha doğrusu, bəziləri öz “təftişləri”, ustalardan hesabat tələb etməklə buna imkan vermədilər. Nəticədə bizim məscidin döşəməsi üçün nəzərdə tutulan taxta başqa bir məscidə göndərildi. Odur ki, o zaman məscidin yerinə sadəcə sərgi sərməklə kifayətləndik. Bütün bunlara rəğmən, məscidimizin yenidən qurulmasında, təmirində danılmaz xidmətləri olan Əlipaşa Murtuzovun, Şəfi Kamilovun, Rizvan Hüseynovun, Təşkilat Muradovun, Ağababa Məlikovun, Firdovsi Babayevin adlarını çəkmək istərdim. Bir də qeyd etmək istərdim ki, sonradan məscidlə bağlı müəyyən işlər də görülüb. Belə ki, məscidin həyətinin ətrafındakı divarlar həmkəndlimiz Fəxri Aydəmirovun şəxsi vəsaiti hesabına inşa olunub. Həyətdəki yardımçı otaqlar isə kənd camaatının vəsaiti ilə ərsəyə gəlib. Məscidin elektrik sistemini Ceyhun Butayev təmənnasız quraşdırıb. Su xəttinin çəkilişində Gülbala kişi vəsatini əsirgəməyib. Bu istiqamətdə mən də müəyyən işlər görmüşəm. Gündəlik istifadə etdiyimiz səsgücləndirici Muradov Teymur Əbil oğlu tərəfindən məscidimizə hədiyyə edilib. Kənd sakinlərimiz, eləcə də digər yerlərdə yaşayan həmkəndlilərimiz maddi yardım göstərməklə yanaşı, məscidimizə müxtəlif əşyalar da bağışlayıblar. Onlar adlarını bir-bir sadasaq, bir kitab alınar”.

Bədəl Bədəlov
Bədəl Bədəlov

    Kəndimizin imamı Bədəl Bədəlovun dediklərindən: “Kənd sakinlərimiz, xeyirxah insanlarımız sonrakı illərdə də bu müssiyanı davam etdiriblər. Məsələn, 2013-cü ildə məhz camaatımızın maddi dəstəyi, eləcə də Rəşad Məmmədovun, Sədad Ələskərovun, Hacı Murad Muradovun və onun əmisi oğlu Rövşən Muradovun, Aydəmir Qəribovun, Anar Qədirovun, Elşad Qubatovun, Qədirli Mübariz Mehman oğlunun yardımı ilə məscidimizin iç hissəsində yenidən əsaslı təmir işləri aparılıb. Belə ki, məscidin döşəməsinə taxta vurulub, kombi (istilik və isti su ehtiyacını qarşılayan bir cihaz) quraşdırılıb, divarlarına şpaklyovka çəkilib.

Bu işlərdə Aqil Nəbiyev, Azad Cəfərov Nasir Əhmədov, Ramin Babayev, Zaur Dadaşov, Xəyyam Məmmədov usta kimi çalışıblar. Mən bu işdə öz dəstəklərini əsirgəməyən Seyfid Qubatovun, Hacı Əziz Seyıdovun, Sultan Sənəliyevin, Sahib İsgəndərovun adlarını da çəkmək istərdim”.

 

Müəllif:Qvami Məhəbbətoğlu (Rəsulov)