Quba rayonunda,zümrüd meşələrin baş-başa verdiyi cənnət misilli yerdə gözəl bir kənd yaşayır. Sinəsini Şah dağın sərin və saf küləklərinə açmış bu kəndin adı Alpandır. Bəli, o, qədim Azərbaycan dövləti Albaniyanın canlı simvolu kimi bu gün də bizimlə nəfəs alır…
Gündən-günə böyüyən,abadlaşan Alpanda hal-hazırda üç mindən artıq əhali yaşayır. Xeyli soydaşımız isə Bakı, Sumqayıt şəhərlərində, azərbaycanın bir sıra rayon və qəsəbələrində yaşayır. Rusiya Federasiyasında ,habelə xarici ölkələrdə məskunlaşmış həmkəndlilərimizi də nəzərə alsaq, məlum olar ki,alpanlıların sayı on mindən artıq bir rəqəmi təşkil edir. Vaxtilə bəylər diyarı kimi tanınan bu kəndin çoxlu sayda ziyalısı vardır. Onların arasında müəllimlər, həkimlər,müxtəlif sahələrdə çalışan elm adamları,alimlər və digər peşə sahibləri ölkəmizin gündən-günə çiçəklənməsi naminə öz iş yerlərində əzmlə çalışırlar.
Müasir zəmanədə ayrı-ayrı bölgələrdə müxtəlif adlarla cəmiyyətlər yaradılır. Belə təşkilatlanma bölgə adamlarını, ehtiyac duyulduqda, bir yerə toplamaq, onlar arasında sıx əlaqə yaradaraq vahid cəbhə daxilində insanların problemlərini öyrənmək, müəyyən məsələlərin həllində bir-birinə köməklik göstərmək məqsədini daşıyır.
Alpan əhalisinin də, o cümlədən, kənddən kənarda yaşayıb öz zəhmətsevərliyi,işgüzarlığı, bilik və qabiliyyəti hesabına özünəməxsus layiqili yer tutan ziyalıların və müxtəlif peşə adamlarının bu gün vahid cəbhədə birləşib fəaliyyət göstərməsi zəruriyyəti yaranmışdır. Bu boşluğu doldurmaq məqsədilə gənc nəslin nümayəndəsi İlkin Balayevin təşəbbüsünü bəyənərək , “Alpan cəmiyyəti”nin yaradılmasına və ona gələcəkdə şan-şöhrət gətirəcək uğurlarına sevinməyə hər birimizin haqqı vardır.
Müəllif: Professor Ələkbər Qubatov