Giriş
Yadımda deyil, ya altıncı, ya da yeddinci sinifdə oxuyarkən Qəzənfər müəllimə atamın (Məhəbbət) dərs dediyi fənnin-ədəbiyyatın üstünlüklərindən “mühazirə” oxumağa çalışmışdım. Amma Qəzənfər müəllim mənə öz fənnindən elə dərs keçdi ki, hətta sonradan onun fikirlərini “şeir”ə çevirməyə də cəhdlər göstərdim. Həmin “şeir”in yadımda qalan bəzi bəndlərini sizə də təqdim edirəm:
Hər çöhrədə, hər bənizdə,
Hər çığırda hər bir izdə…
Sakit göldə, həm dənizdə
Çayda da var riyaziyyat.
Nə baxırsan ayıl-mayıl
O, hər yerə salıb meyil,
Təkcə Uran, Yerdə… deyil,
Ayda da var riyaziyyat.
Bir fikirləş sən dərindən;
Qulağı var bu yerin də…
Xeyir işimiz öz yerində
Vayda da var riyaziyyat!
Bu yanı iks, o yan iqrik,
Yordu məni bax bu tənlik…
“Oy, oy”… Bu fənn deyil mənlik,
“Oy”da da var riyaziyyat?

Günlərin bir günü mən bu yazdığımı Qəzənfər müəllimə oxuyanda o, özünüməxsus təbəssümlə dilləndi:
-Bəli, elə sənin qorxunu, təəcübünü, narahatlığını özündə ehtiva edən “oy” nidasında da riyaziyyat var.
Az sonra o, söylədiklərinə bu sözləri də əlavə etdi:
-Səndən nəsə olacaq…
…Mən ali məktəbə qəbul olunanda isə Qəzənfər müəllim həmin söhbəti xatırladaraq dedi:
-Axı mən riyazi analizlərimə əsasən demişdim ki, səndən nəsə olacaq, oldu da…
Nə isə… Sonradan mən Qəzənfər müəllimin hərəktlərinə diqqətlə nəzər yetirəndə onda başdan-ayağa bir riyazilik (riyaziyyatla bağl olan) gördüm. Oturuşunda duruşunda, yerişində, gülüşündə, baxışlarında da bu, özünü büruzə verərdi. Hərdən də mənə elə gələrdi ki, o, beynində alqoritmlər qurur və düşündüklərini həyata keçirmək üçün addımlar atır. Bütün bunlar da ona dinamiklik, ritmlik gətirir. Bir də etiraf edim ki, mən elə onun simasında riyaziyyatın mürəkkəbliyini, çətinliyini dərk etdim.
Bəli, bu dəfə sizə Qəzənfər Butayev haqqında bəzi məlumatları çatdırmağa cəhd edəcəyəm. Bəri başdan deyim ki, Qəzənfər Butayev kəndimizdə doğulmayıb. Amma o, bütün varlığı ilə Alpana bağlı olub. O, 2016-cı ildə dünyasını dəyişən Qəzənfər müəllim elə kəndimizdə də torpağa tapşırılıb.
Qısa arayış

Qəzənfər Butayev 1928-ci ildə Qusar rayonunun Böyük Muruq kəndində pedaqoji fəaliyyətinə görə Lenin və Qırmızı Əmək Bayrağı ordenləri ilə təltif olunmuş Seyfulla müəllimin ailəsində dünyaya göz açıb. 1945-ci ildə Düztahir orta məktəbini bitirib və həmin ildə Quba Dövlət Müəllimlər İnstutunun Fizika-riyaziyyat fakultəsinə daxil olub. O, burada iki il təhsil alıb. 1948-ci ildə Quba rayonu Digah kənd 7 illik məktəbdə riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlayıb. Lakin 3 ay sonra Alpan kənd orta məktəbinə göndərilib. Bu da o vaxt kənd məktəbimizdə riyaziyyat-fizika müəlliminə olan tələbatdan irəli gəlib.
1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetini) riyaziyyat fakültəsini bitirən Qəzənfər Butayev kəndimizdə məktəb direktoru (1960-1965), direktor müavini vəzifələrində çalışıb. 1982-ci il iyul ayında Alpan kənd Xalq Deputatları Soveti (XDS) İcraiyyə Komitəsinin sədri vəzifəsinə təyin olunub. 1999-2009-cu illərdə E.Bayramov adına Alpan kənd tam orta məktəbində riyaziyyat müəllimi kimi əmək fəaliyyətini davam etdirib. 3 oğul – Nail (o, 2003-cü ildə dünyasını dəyişib. Allah rəhmət eləsin), İqbal, Ceyhun, 2 qız (Aygün və Aybəniz) atası olub.
Kaş “ziya” olaydı
Atamın xatirələrindən: “Qəzənfər müəllim rayon səviyyəsində ən güclü riyaziyyatçılardan biri kimi tanınıb. Onun riyaziyyata aid baxışları da başqa cür olub. Məsələn, deyirlər ki, riyaziyyat elmlərin şahıdır. O isə deyərdi ki, riyaziyyat elmlərin həm şahı, həm də xidmətçisidir. Özü də əlavə edərdi: “Bu, mənim fikrim deyil a…, bu hansısa məşhur bir riyaziyyatçının (təəssüf ki, adını unutmuşam) kəlamıdır”. Hə, bir də deyərdi ki, riyaziyyatı gərək sevəsən, onu sevmədən ona sahib ola bilməzsən. Fikrini isə Niven adlı bir riyaziyyatçının bu sözləri ilə əsaslandırardı: “Riyaziyyatı qonşuya baxıb öyrənmək olmaz”. Amma o hərdən deyərdi: “Kaş “riyaziyyat”ın tərkibində “riya” olmayaydı, “ziya” olaydı”.
Ailə həyatı

Qəzənfər Butayev 1948-ci ildən həyatını Alpana bağlayıb. Belə ki, təyinatla kəndimizə gələn 20 yaşlı gənc müəllim, əgər belə demək mümkünsə, bu obanın sehrinə düşüb. Bir müddət Sərdar kişigildə kirayənişin qalıb. Kim bilir, bəlkə də təyinat müddəti başa çatandan sonra o, bu kəndi tərk edəcəkdi. Lakin gənc Qəzənfərin kəndimizin tanınmış bəy nəslindən olan Zaman bəy Qayıbovun qızı Asiyə xanımla tanışlığı onu bu fikrindən daşındırıb. Beləcə, o, 1953-cü ildə özü ilə eyni ildə dünyaya göz açmış Asiyə xanımla ailə qurub. Və ailəsi ilə birgə bir müddət Sirac kişigildə kirayənişin qalıb.

Yeri gəlmişkən qeyd edək ki, Asiyə xanım çox kiçik yaşlarında anası Ayzənət xanımı itirib. Zaman bəyin ikinci həyat yoldaşı Şura xanım ona və sonradan qohum-əqrəbası, eləcə də camaat arasında “Xanbibi” kimi tanınan Səltənət xanıma analıq edib (Yeri gəlmişkən, kəndimizin qocaman sakinlərindən olan Murtuzova Firuzə Şölət qızının sözlərinə görə, Səltənətə, Asiyəyə o süd də veribmiş). Asiyə xanım Quba Tibb Məktəbini bitirib (bacısı Səltənət xanım da bu məktəbdə təhsil alıb) və uzun müddət kəndimizdə tibb bacısı kimi fəaliyyət göstərib. Bu gün də Asiyə xanım kəndimizdə xeyirxah, mehriban, xoş xasiyyətli bir xanım kimi yad olunur.
Deyilənlərə görə, Qəzənfər müəllim Asiyə xanımı çox sevib. Necə deyərlər, onun divanəsi olubmuş. Hətta ona şeirlər də həsr edibmiş. Bu sevgi onların sonrakı həyatlarında da özünü açıq büruzə verib. Bəlkə də elə bu sevgidən “Nargiləm” dediyi həyat yoldaşının xəstələnməyini, yorğan-döşəyə düşməsini heç cür həzm edə bilməyib.
Haşiyə
Qəzənfəri müəllimin kiçik oğlu Ceyhunun xatirələrindən: “Anam ağır xəstə idi. Mən, yoldaşım Sevinc xanım, övladlarım Elşən və Nicatla anamızın yanında bardaş qurub oturmuşduq. Bu zaman atam (biz, həmçinin bütün qohum-əqrabamız ona böyük, dayaq sözlərini də özündə ehtiva edən “dayday” deyə müraciət edərdik) ağır addımlarla içəri girdi. Anama baxaraq şairənə bir görkəm aldı və gənclik şövqi ilə müəllifini xatırlamadığım bu misraları dedi:
Gənclik həyatımın şirin badəsi
Mənim piyaləmə sənsiz dolmasın.
Səninlə qocalım, səninlə ölüm,
Sənsiz bir dəqiqəm, anım olmasın.
Çox təəssüf ki, mən bu anı tam dəqiqliyi ilə ifadə etməkdə çətinlik çəkirəm. Çünki həmin mənzərə, əgər belə demək mümkünsə, olduqca şairanə idi. Nə isə…Taqətsiz vəziyyətdə yorğan-döşəkdə uzanmış anam özünü toparlayaraq sağ əlinin baş barmağını güclə bir qədər yuxarı qaldırmaqla “əla” işarəsi verməyə cəhd göstərdi. Buna rəğmən, atam özünü saxlaya bilmədi, doluxsandı. Atam göz yaşlarını anamdan gizlətmək məqsədi ilə birdən-birə otaqdan çıxdı. Sən demə, bu, onların son görüşü imiş. Belə ki, anam bu görüşdən bir neçə saat sonra (10 aprel 2014-cü il) gözlərini əbədi yumdu”.
Qəzənfər müəllim kənd soveti kimi…

İctimai fəallığı ilə seçilən Qəzənfər Butayev kəndimizdə yalnız bir müəllim kimi fəaliyyət göstərməyib. Belə ki, o, düz 17 il (1982-1999) kənd sovetinin sədri vəzifəsini icra edib. Bu müddətin 8 ili isə müstəqillik illərimizə təsadüf edir. Bu mənada Qəzənfər müəllim həm də müstəqillik illərimizin ilk kənd soveti sədri kimi kəndimizin tarixinə düşüb. Elə kənd məscidinin yenidən təmiri də onun kənd soveti olduğu illərə təsadüf edir. Bundan başqa o, kəndə rəhbərlik etdiyi dönəmdə bir sıra yeniliklərə də imza atıb. Belə ki, 1984-cü ildə Sabir adına sovxozun Keçici Qırmızı Bayraqla təltif olunmasında sovxozun direktoru Səlahəddin Bayramovla birgə onun da əməyi olub. O illərdə kəndimizin içməli su şəbəkəsi yenidən qurulub, hamam inşa olunub. Quru çayın o biri sahilində yerləşən fermada 600 baş mal-qara üçün 3 korpus tikilib və avtomatik sağım həyata keçirilib. 5 mənzildən ibarət sağıcılar evi inşa olunub. Mədəniyyət evinin nəzdində güləş, tennis, voleybol seksiyaları açılıb. 1985-ci ildə respublika üzrə keçirilən güləş çempionatında Baxşı Feyzulla oğlu Hüseynov, Bəhmən Ələkbər oğlu Ağarzayev, Sənəli Fazil oğlu Əhmədov, Fərrux Şahbaba oğlu Rəsulov, Aydəmir Əlövsət oğlu Qəribov, Nurəli Fazil oğlu Əhmədov ilk yerləri tutublar.

Bu məsələdə bir məqama da toxunmaq istərdim. Vəzifədən azad edildikdən sonra Qəzənfər müəllimin camaat arasındakı xətir-hörməti əskilməyib, hətta bir az artıb. Bununla da Qəzənfər müəllim sübut edə bilib ki, vəzifə ona hörmət və nüfuz qazandırmayıb. Əksinə onun mənəvi keyfiyyətləri vəzifəyə hörmət və nüfuz qazandırıb. Qeyd edək ki, Qəzanfər müəllim pulpərəst insan olmayıb. O, sadəcə, mənəvi cəhətdən zəngin bir şəxs kimi tanınıb.
Dostların əhatəsində
Qəzənfər müəllim Sadıq müəllimlə, Kasbaba müəllimlə, Ağadadaş müəllimlə, Zeynal müəllimlə, Məhəbbət müəllimlə, Ələkbər müəllimlə, Kamil müəllimlə, Ənvər müəllimlə, Zabit müəllimlə, Şərafəddin müəllimlə, Rayub müəllimlə, eləcə də qonşuları Səlahəddin, Firdovsi, Hətəm, Əziz ilə daha çox söhbətləşərdi. Onun yaşca ən böyük dostu isə qayınatası Zaman müəllim olub.
Haşiyə
Yeri gəlmişkən, burada bir məqama da toxunmaq istərdim. Söhbətlərinin birində Qəzənfər müəllim bir maraqlı faktdan da söz açmışdı. Demişdi ki, yuxarı məktəbin yaxınlığında, yəni Dadaş kişigilin evi ilə üzbəüz, Hənifəgilin evinin böyründəki məkanda Zaman müəllimgilə məxsus 6 otaqdan ibarət bir ev də olub. Həmin evin 2 otağından sinif otaqları kimi istifadə edilib. Sonradan isə həmin ev yanıb.
Şəxsən mən, yəni Qvami Məhəbbətoğlu ötən əsrin 60-70-ci illərdə həmin xaraba qalmış məkanı görmüşəm. Belə ki, o zamanın təbirincə desək, məktəb həyətində futbol oynayarkən hərdən topumuz ora düşərdi. Biz də dağılmış, kol-kos basmış həmin məkandan topu götürməyə belə qorxardıq. Lakin o zaman oranın kimə məxsus olduğunu, nə məqsədlə istifadə edildiyi barədə məlumat ala bilməmişdim. Bu yazını yazarkən bütün bunlar da yadıma düşdü. Və belə qərara gəldim ki, yuxarı məktəbin yaxınlığında, daha doğrusu, Dadaş kişigilin evi ilə üzbəüz, Əzizin anası Hənifə xanımın evinin böyründəki ərazidəki mülk hansısa bəyin olub. Amma çox güman ki, həmin mülk Zaman müəllimin Quba xəzinəsində muhasib vəzifəsində çalışan və 1899-ci ildə dünyasını dəyişən atası Cəbrayıl Teymur oğluna məxsus olub. Məhz oradan məktəb binası kimi də istifadə olunub. Həmin binanın qarşısında yaşıl bir meydança da vardı.
Qəzənfər müəllimin kiçik oğlu Ceyhunun xatirələrindən: Atam bacanağı Kasbaba müəllimlə elə bil qardaş idilər, aralarından su keçməzdi. Ad günlərində, bayramlarda bir yerə yığışıb yeyib-içər, şənlənərdilər. Bəzən də iki bacanaq həyətimizdəki heyva ağacının altına çəkilərdilər. O qədər maraqlı söhbətlər edərdilər ki, danışıqlarından doymaq olmazdı. Bəzən də Qəzənfər müəllim şeirlər deyər, Kasbaba müəllim isə muğam oxuyardı. Mən də onları tarda müşayiət etməyə çalışardım. Hə, bir məsələni də vurğulayım ki, atam muğam həvəskarı idi. Amma dinləyicisini öz sehrinə salaraq, onun yaddaşındakı milli duyğuları oyadan “Bulaq” verilişi üçün atam sanki sinov gedərdi. Bu barədə söz düşəndə isə belə deyərdi: “Bulaq”da əsl xalq ruhu var”.
Digər özəllikləri

Qəzənfər müəllim ad qoymağı çox sevərdi. Özü də adı kor-koranə qoymazdı, yəni müəyyən bir məntiqə əsaslandırırdı. Məsələn, o, 8 Martda dünyaya göz açmış nəvəsinə “Müjdə” (xeyir xəbər, şad xəbər, xoş xəbər, sevindirici söz; müjdə) adını verib ki, bunu da baharın gəlişi, müjdəsi kimi əlaqələndirib. Yaxud digər nəvəsi dünyaya gələndə erməni terrorçularının ölkəmizin ərazisində törətdikləri vəhşilikləri nəzərə alaraq, uşağın Tovuz rayonunda hərbi xidmətdə olan atasına deyib ki, qoy elə bu il xalqımız nicata qovuşsun. Odur ki, nəvəsinə Nicat (qurtuluş, xilas; xilas olma, azad olma, qurtulma) adı verib. Qeyd edək ki, Nicat onun ən sevimli nəvəsi olub. Ədəbiyyat həvəskarı kimi tanınan Qəzənfər müəllimin bir qızına Aygün adı verməsi isə onun S. Vurğunun “Aygün” poemasına olan sevgisindən qaynaqlanıb. Oğlu Nailin (əldə etmək, müvəffəq olmaq, çatmaq, yetmək) adına gəldikdə isə çox güman ki, bu onun əldə etdiyi nailiyyətlərlə, məqsədinə çatması ilə əlaqədardır. İqbal isə bəxt, tale anlamındadır. Bütün bunlar isə onun öz həyatından razı qaldığından xəbər verir.
Müəllif:Qvami Məhəbbətoğlu (Rəsulov)
P.S. Bu yazının ərsəyə gəlməsində göstərdiyi mənəvi yardıma görə, Qəzənfər müəllimin kiçik oğlu, ehtiyatda olan zabit, Qarabağ veteranı, Azərenerji ASC-nin Quba rayonundakı, Şahdaq elektrik stansiyasının mühəndisi Ceyhun bəyə, eləcə də onun ailə üzvlərinə təşəkkürümü bildirirəm.