
Rəsulov Şükür Şahbaba oğlu 1967-ci il dekabr ayının 30-da Alpan kəndində anadan olmuşdur. 1984-cü ildə kənd orta məktəbini bitirdikdən sonra Sumqayıt Politexnik texnikumuna daxil olur. Birinci kursda oxuyarkən hərbi xidmətə çağırılır və Əfqanıstanda xidmət edir. 1987-ci ildə hərbi xidməti başa vurduqdan sonra Bakıda 1 saylı un kombinatında sex rəisi vəzifəsində çalışır.
1991-ci ilin noyabrında Milli Ordu sıralarına yazılaraq cəbhəyə yollanır. Əfqanıstanda qazandığı hərbi təcrübəsi ona cəbhədə çox kömək olur. O nümunəvi və cəsarətli qulluqçu olmuşdur. Onun döyüş yolu Laçın,Daşaltı,Qeybalı,Kosalar və Naxçıvanik yaşayış məntəqələri olmuşdur. Döyüş yolunun son dayanacağı Ağdam olmuşdur. Orada o kəşfiyyat tağımında xidmət edirdi. Bölmə komandirinin müavini vəzifəsində çalışırdı.
Onun son döyüşü 1994-cü il aprelin 13-də Ağdam rayonunun Güllücə kəndi uğrunda gedən ağır döyüş olmuşdur.
Şükür Alpan kəndində “Subaba” qəbiristanlığında dəfn edilmişdir. Ailəli idi. Bir qızı və bir oğlu var.






















