
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə baş leytenant Nəsrəddinov Rafiq Hüseyn oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Haqqında danışacağım insanı bəlkə də aramızda tanıyanlar çox azdır. O, Alpan kəndindən yeganə Milli Qəhrəmandır. Bakıda anadan olsa da Alpana bağlı insan olub, tez-tez Alpana qohumlarına baş çəkməyə gedərmiş . Həyat yoldaşı Sevil xanım Rafiq bəy haqqında xatirələrini danışarkən onun çox qohumcanlı bir insan olduğunu bildirdi: “Rafiqlə yaşadığımız beş ildə onun Vətənə, torpağa bağlı bir insan olduğunu gördüm. Rafiq Azərbaycanın hər bir guşəsini sevirdi. Onun ata yurdu olan Alpana sevgisini həmən kəndə getdiyimdə hiss etdim. Rafiq bu kənd haqqında bildiklərini mənə danışarkən onun nəsil-kökünə necə bağlı bir insan olduğunu hiss etmişdim. Baxmayaraq ki, o bu kənddə yaşamamışdı amma, o daxilində olan torpaq sevgisini –ata, baba yurdu olan Alpana olan sevgisini gizlətmirdi. O Alpanda yaşayan qohumları ilə tez-tez əlaqə saxlayırdı. Təəssüflər olsun ki, bizləri çox tez tərk etdi…”
Nəsrəddinov Rafiq Hüseyn oğlu 18 mart 1961-ci ildə Bakıda dənizçi ailəsində anadan olmuşdur. 1968-ci ildə Nərimanov rayonundakı 39 saylı orta məktəbə qəbul edilmiş və 1978-ci ildə orta məktəbi müvəffəq qiymətlərlə bitirmişdir.
1979-cu ildə Nərimanov Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış və orduda tank qoşunlarında xidmət etmişdir. 1981-ci ildə ordu sıralarında xidmətini başa vurduqdan sonra təhsilini davam etdirmək üçün Bakı Dövlət Universitetinə qəbul olunmuş və 1987-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. Universiteti bitirdikdən sonra Su Təsərrüfatı İnstitutunda mühəndis kimi çalışmışdır.
1992-ci ildə Vətənimizin ağır günlərində onu Səbail Rayon Hərbi Komissarlığından Milli Ordu sıralarına hərbi xidmətə çağırırlar. Tank Hərbi Hissəsində zabit kimi döyüşən Rafiq tezliklə həmən hərbi hissənin qərargah rəisi vəzifəsinə təyin edilir.
Rafiqin döyüş təcrübəsi və igidliyi cəbhə yoldaşlarını həmişə döyüşlərdə igidlik göstərməyə sövq edirdi. O,Ağdərə rayonunda bir neçə kəndin düşməndən azad edilməsində igidlik göstərmişdir. Baş leytenant Rafiq Nəsrəddinov 6 sentyabr 1992-ci ildə Ağdərə rayonunun Qızılqaya kəndi uğrunda gedən qeyri-bərabər döyüşdə qəhrəmancasına döyüşərək şəhid olmuşdur.
Ailəli idi, iki qızı var. Şəhid Nəsrəddinov Rafiq Hüseyn oğlu Bakıda Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Onun döyüşlərdə göstərdiyi qəhrəmanlığı heç kim tərəfindən unudulmamışdır. Ölümündən sonra Milli Qəhrəman adına layiq görülmüşdür. Onun adının əbədilişdirilməsi üçün təhsil aldığı Nərimanov rayon 39 saylı məktəbə onun adı verilmiş yaşadığı binanın divarına xatirə lövhəsi vurulmuşdur.






















