
Ağarzayev Ürfan Gülməmməd oğlu 1972-ci il, mart ayının 7-də Alpan kəndində anadan olmuşdur. 1987-ci ildə kənd orta məktəbini bitirən Ürfan 1990 –cı ildə Quba 103 nömrəli texniki peşə məktəbini geniş profilli traktorçu-mexanizator ixtisası üzrə bitirmişdir. Amansız müharibə onu digər azəri oğulları kimi Vətənin müdafiəsinə qalxmağa səsləmiş və o şanlı döyüş yolu keçmişdir. Bir neçə qaynar döyüş bölgələrində olmuş və igidlik göstərmişdir. 1992-ci ilin oktyabrın 2-də Xocəvənd rayonunun Muğanlı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Onun meyidini düşmən əsir götürmüşdür.
Ürfanın ölüm xəbəri ailəsinə dekabr ayının 25-də çatır. Atası Gülməmməd kişiyə bu xəbəri öz oğlunun meyidini axtaran bakılı Abbas kişi verir. Öz oğlunun meyidini axtaran Abbas kişi təsadüfən öyrənir ki, Alpan kəndindən Ürfan adlı əsgərin meyidi ermənilərdən alınaraq Füzulidə dəfn olunub. Dekabrın 26-da Gülməmməd kişi Füzuliyə yollanaraq oğlunun meyidini Alpan kəndinə gətirir və onu “Su Baba ” qəbiristanlığında dəfn edirlər. Ürfan subay idi.






















