“İlk virtual “Əkinçi”miz və onun şəcərəsi haqqında qeydlər

179

    Bir zamanlar internetdə kəndimiz haqqında tutarlı, müfəssəl, dolğun məlumatlara rast gəlmək mümkün deyildi. Amma 10 ildən çoxdur ki,  virtual aləmdə bu boşluq ixtisasca riyaziyyatçı olan İlkin Rafiq oğlu Balayev tərəfindən aradan qaldırılıb. Elə bu səbəbdən mən onu həmişə “Əkinçi” qəzeti ilə milli mətbuatımızın əsasını qoyan Həsən bəy Zərdabinin adı ilə  eyni sırada hallandıraraq onu kəndimizin “ilk virtual “Əkinçi”si” kimi təqdim etməyə çalışıram.

Tərcümeyi-halından sətirlər

İlkin Balayev
İlkin Balayev

    İlkin Rafiq oğlu Balayev 25 sentyabr 1982-ci ildə Alpan kəndində dünyaya göz açıb. 1999-cu ildə kənd orta məktəbini əla qiymətlərlə bitirərək  Bakı Dövlət Universetetinə qəbul olunub və bu tədris ocağını riyaziyyat ixtisası üzrə bitirib. Hərbi xidmətini başa vurandan sonra “Baku Steel Company”də operator kimi əmək fəaliyyətinə başlayıb. Onun peşəkar əmək fəaliyyəti isə bank sektoru ilə bağlıdır. Bank sektorunda şöbə müdiri vəzifəsinədək yüksələn İlkin Balayev hazırda ölkəmizin qabaqcıl şirkətlərindən birinin maliyyə-mühasibatlıq şöbəsində çalışır. Bir oğlu (Toğrul-2014) və bir qızı (Sədəf-2017) var.

İnternet mücadiləsi

    “Alpan mənim üçün bir kənddən daha artıqdır. Ora Vətəndir. Babalarımın tikdiyi bir yurddur. Alpan bir dəyərdir. Maddi qiyməti olmayan bir varlıqdır” deyən və internetdə-beynəlxalq şəbəkədə doğma kəndi Alpan haqqında müfəssəl məlumatlar yerləşdirməyi məqsəd kimi qarşısına qoyan İlkin Balayev əvvəlcə “Facebook” sosial şəbəkəsində “alpanlılar” adlı qrup yaradıb (2010-cu ilin noyabr ayında). Bununla istər ölkə daxilində, istərsə də ölkə xaricində yaşayan və sosial şəbəkədən istifadə edən həmkəndlilərimizi bir araya gətirməyi, onlara kəndimiz barədə müəyyən məlumatlar ötürməyi bacarıb. Az sonra bu istiqamətdə “Bir kənddən daha artıq” devizi ilə fəaliyyətini davam etdirən “ilk virtual “Əkinçi”miz” kəndimizin adını özündə ehtifa edən alpan.az saytını (sayt internet şəbəkəsində özəl ünvanı olan virtual məlumat mənbəyi anlamındadır) da yaratmaqla kəndimizi əgər belə demək mümkünsə, beynəlxalq şəbəkəyə qoşub. O bu yolda müəyyən çətinliklərlə də üzləşib. Belə ki, o, əvvəlcə saytın hazırlanmasını peşəkar proqramçıya sifariş etmək istəyib. Amma yaradılacaq saytda dəyişikliklər üçün həmişə peşəkarın köməyinə ehtiyacı olacağını dərk edərək proqramlaşdırma sahəsindəki baza biliklərimi təkmilləşdirmək qərarına gəlib. Odur ki, proqramlaşdırma kurslarında oxuyaraq sayt  yaratmaq üçün zəruri ola biləcək nəsnələri öyrənib və saytın hazıranması işini tam olaraq öz üzərinə götürüb. O, 2011-ci ilin mart ayında  alpan.az  domeynini  öz adına rəsmiləşdirib. Bu barədə söz düşəndə isə İlkin Balayev belə deyir: “Arzularımdan birini reallaşdırdığım və hələ tələbə ikən qarşıma qoyduğum məqsədimə çatdığım üçün çox sevinirəm”.

Saytın ilk yazısı

    İlkin Balayevin dediklərindən: ”Saytın ilk versiyasının texniki-proqramlaşdırma işləri yekunlaşdıqdan sonra xeyir-dua almaq məqsədilə professor Ələkbər (Qubatov) müəllimin yanına getdim. O, Xarici Dillər Universitetinin Təbriz küçəsindəki korpusunda, öz iş otağında məni qəbul etdi. İndiki kimi yadımdadı, məni gülərüzlə qarşıladı. Saytın yaradılmasını böyük bir iş adlandırdı. Kəndimizdə təşkilatlanmanın vacib olduğunu bildirərək bu saytın bir vasitə olacağına əminliyini ifadə etdi. Kəndimizin ağsaqqal ziyalısından belə xoş sözləri eşitmək səhv yolda olmadığım anlamına gəldi və mən daha da həvəsləndim. O, saytımız üçün xeyir-dua tipli bir yazı da verdi. Bu yazı saytımızın ilk yazısı oldu. Həmin yazını bir daha oxucularımızın diqqətinə çatdırmaq istərdim. O yazırdı: “Quba rayonunda, zümrüd meşələrin baş-başa verdiyi cənnət misilli yerdə gözəl bir kənd yaşayır. Sinəsini  Şah dağın sərin və saf küləklərinə açmış bu kəndin adı Alpandır. Bəli, o, qədim Azərbaycan dövləti Albaniyanın canlı simvolu kimi bu gün də bizimlə nəfəs alır…

    Gündən-günə böyüyən, abadlaşan Alpanda hal-hazırda  üç mindən artıq əhali yaşayır. Xeyli soydaşımız  isə Bakı, Sumqayıt şəhərlərində, azərbaycanın bir sıra  rayon və qəsəbələrində yaşayır. Rusiya Federasiyasında, habelə xarici ölkələrdə məskunlaşmış həmkəndlilərimizi də nəzərə alsaq, məlum olar ki, alpanlıların sayı on mindən artıq bir rəqəmi təşkil edir. Vaxtilə bəylər diyarı kimi tanınan bu kəndin  çoxlu sayda  ziyalısı vardır. Onların arasında müəllimlər, həkimlər, müxtəlif  sahələrdə çalışan elm adamları, alimlər və digər peşə sahibləri ölkəmizin  gündən-günə çiçəklənməsi naminə öz iş yerlərində əzmlə çalışırlar.

    Müasir  zəmanədə ayrı-ayrı bölgələrdə müxtəlif  adlarla cəmiyyətlər yaradılır.  Belə təşkilatlanma bölgə adamlarını, ehtiyac duyulduqda, bir yerə toplamaq, onlar arasında sıx əlaqə yaradaraq vahid cəbhə daxilində insanların problemlərini öyrənmək, müəyyən məsələlərin həllində bir-birinə köməklik göstərmək məqsədini daşıyır.

    Alpan əhalisinin də, o cümlədən, kənddən kənarda yaşayıb öz  zəhmətsevərliyi, işgüzarlığı, bilik və qabiliyyəti hesabına özünəməxsus  layiqili  yer tutan ziyalıların  və müxtəlif peşə adamlarının bu gün vahid cəbhədə birləşib fəaliyyət  göstərməsi  zəruriyyəti yaranmışdır. Bu boşluğu doldurmaq məqsədilə gənc nəslin nümayəndəsi  İlkin Balayevin təşəbbüsünü bəyənərək, “Alpan cəmiyyəti”nin yaradılmasına və ona gələcəkdə  şan-şöhrət gətirəcək uğurlarına   sevinməyə hər  birimizin haqqı vardır”.

Haşiyə

    Ələkbər müəllimin bu yazısında bir diqqətçəkici məqam var. O da “Alpan cəmiyyəti”nin yaradılması ilə bağlıdır. Lakin indiyədək bu istiqamətdə əməli addım atılmayıb. Yəni nədənsə ziyalılarımız hörmətli professorumuzun bu tövsiyəsinə biganə qalıblar. Görünür, bu missiyanı da yerinə yetirmək İlkin Balayevin üzərinə düşəcək. Ona bu yolda da uğurlar arzulayırıq.

B.Rafiq və ailəsi
B.Rafiq və ailəsi

    İlkin Balayevin dediklərindən:Daha sonra Ələskər Ələskərovla, Zabit Babayevlə, Qvami Rəsulovla və Cabir Ağayevlə kəndimizlə bağlı davamlı müzakirələrimiz oldu. Sağ olsunlar, hamının köməyini hiss edirdim. Əlavə edim ki, adlarını çəkdiyim şəxslər az sonra kəndimizin tarixi, sakinləri ilə bağlı məqalələrlə  bu saytın fəal yazarları oldular. Hesab edirəm ki, cavanlarımız kəndimizin tarixini bilməklə yanaşı, öz babalarını, nənələrini, əmilərini, qohumlarını, qonşularını tanımalıdırlar. Onların keçdiyi həyat yollarını bilməlidirlər, onları özlərinə nümunə etməlidirlər, həyatda qazandıqları nailiyyətləri təkrarlamalı və üstələməlidirlər”.

O özü də bir müxbirdir

    Hazırda bu saytda kəndimizlə bağlı yer alan məlumatlar, məqalələr, publisistik yazılar, fotolar  bir çox internet resurslarında da paylaşılır. Bu mənada demək olar ki, sayt kəndimiz haqqında istinad edilən bir mənbəyə çevrilib. Hazırda alpan.az saytının oxucu auditoriyası yalnız həmkəndlilərimiz deyil, daha böyük kütlədir. Gələcəkdə saytda müəyyən yeniliklərin və dəyişikliklərin aparılması da nəzərdə tutulub. Saytın bütün xərclərini  İlkin Balayev ödəyir.

    Yeri gəlmişkən onu da qeyd edək ki, İlkin Balayev bu saytda özü də müxtəlif səpkili yazılarla çıxış edir. Onun Ələkbər Qubatov, Lətifə Fərhadova, Abdulməcid Aydəmirovla, həmçinin kəndimizin şəhidləri və qaziləri ilə bağlı yazılarını və digər yazılarını buna misal göstərmək olar. Özü də onun yazıları daha çox oxunur. Məsələn, saytın ən çox oxunan (baxış sayı 16978) yazısı rəhmətlik dil-ədəbiyyat müəllimi Lətifə müəllim haqqında yazıdır ki, o da İlkin Balayevin qələminin məhsuludur.

Atası Rafiq müəllim və şəcərəsi barədə maraqlı faktlar

Balayev Rafiq Mövlan
Balayev Rafiq Mövlan

    Şübhəsiz, ata və ana övladının təlim-tərbiyəsindən tutmuş, onun fərd olaraq hərtərəfli yetişməsi, təhsil alması və cəmiyyət üçün layiqli şəxs kimi formalaşmasında özünəməxsus rol oynayır. Hər bir valideyn övladının xoşbəxt olmasına çalışır və bu yöndə üzərində böyük məsuliyyət hiss edir. Bu mənada demək olar ki, İlkinin valideynləri də bu missiyanı layiqincə yerinə yetirməyi bacarıblar. Odur ki, onun atası haqqında da ətraflı məlumat vermək qərarına gəldik.

    Rafiq Mövlan oğlu Balayev 2 aprel 1951-ci ildə Duvannı qəsəbəsində (o zamanlar atası orada işləyirdi) anadan olub. 1958-1965-ci illərdə Siyəzən şəhərində təhsil alıb. Ailəsinin Alpana qayıtması ilə əlaqdar təhsilini kənd orta məktəbində davam etdirib. 1968-ci ildə Alpan kənd məktəbini bitirdikdən sonra Azərbaycan Neft və Kimya İnstitutunun (AZİ) Neft mexanikası fakültəsinə qəbul olunub. Ali məktəbə qəbul olunduğu il eyni zamanda əmək fəaliyyətinə də başlayan Rafiq Balayev 1968-1974-cü illərdə Bakı Kondisionerlər zavodunun Təchizat şöbəsində fəhlə vəzifəsindən böyük mühəndis vəzifəsinədək qalxıb.

“Şərəf lövhəsi”ndə oğlunun şəklini gördükdə

Balayev Rafiq Mövlan
Balayev Rafiq Mövlan

    Rafiq Balayev zavodda işlədiyi müddətdə bacarıqlı mütəxəssis kimi tanınıb. Hətta o, keçmiş SSR-nin bütün respublikalarında ezamiyyətlərdə olurmuş. Elə bu səbəbdən AZİ-nin sonuncu kursunda oradan uzaqlaşır. Rafiqin atası Mövlan kişi bu vəziyyəti görəndə onun işdən azad edilməsi istəyi ilə zavod rəhbərliyinin qəbuluna düşmək istəyir. Zavodun həyətinə daxil olarkən “Şərəf lövhəsi”ndə ilin işçisi kimi oğlunun şəklini gördükdə geri qayıtmalı olur.

    Bütün bunlara rəğmən, Rafiq Balayev 1974-cü ildə zavoddan da ayrılır və ali təhsil almaq məqsədilə Azərbaycan Pedaqoji İnstitutuna sənədlərini verir və  Ümumtexniki fənlər fakültəsinə daxil olur. 1979-cu ildə oranı bitirdikdən sonra Qubaya gəlir. Quba şəhər 4 saylı məktəbdə, daha sonra Küçeyi kənd məktəində müəllim işləyir. 1982-ci ildə Azərbaycan Bağçılıq və Subtropik Bitkilər üzrə Elm-İstehsalat Birliyinə müsabiqə yolu ilə mühəndis-kiçik elmi işçi vəzifəsinə qəbul olur. Orada iş prosesinin təkmilləşdirilməsi məqsədilə elmi işə başlayır, lakin qərəzli münasibət gördüyü üçün oradan uzaqlaşır. 1986-cı ildən 2016-cı ilədək Digah kənd məktəbində müəllim kimi fəaliyyət göstərir. Hazırda təqaüddədir. Sədullayeva Ərəbzəngi Nadir qızı ilə ailə quran Rafiq müəllimin bir oğlu (İlkin), bir qızı (Gülşən) və üç nəvəsi var.

Atalarımıza Balaoğlan “nəslindənsiniz” deyərlərmiş

Balayev Rafiq və nənəsi Xədicə
Balayev Rafiq və nənəsi Xədicə

    Rafiq müəllimin sözlərinə görə, atası Mövlan kişinin atası Şıxmuradın 1927-ci ildə rəhmətə getməsi təxmin edilir: “Onun doğum tarixi dəqiq bəlli deyil. Amma təxmini olaraq onun 1870-ci ildə anadan olmasını arxiv sənədlərinə əsasən demək olar. Şıxmuradın atasının adı mənim atam  Mövlanın doğum haqqında şəhadətnaməsində Şixəmməd (Şıxməmməd olması da mümkündür) kimi qeyd edilib. Yaşlıların dediklərinə görə, onlara Balaoğlan nəslindənsiniz deyərlərmiş. Kameral siyahıyaalma sənədlərinə əsasən ulu babalarımızın Məlik olması ortaya çıxır ki, onun da 1750-ci illərdə anadan olmasını təxmin etmək olar”.

Doğum şəhadətnaməsi B.Mövlan
Doğum şəhadətnaməsi B.Mövlan

    Qeyd edək ki, Şıxmurad kişi Xədicə (1891-1978) Xəlimbəy qızı ilə ailə qurub. Onların izdivacından dörd oğlan uşağı dünyaya gəlib. İbadulla və Sevlan adlı övladları uşaq ikən dünyalarını dəyişiblər. Onlardan sonra daha iki oğulları Mövlud Şahmuradov (1924-2002) və Mövlan Balayev (1925-1992) dünyaya gəlib.

    Şıxmurad kişi dünyasını dəyişdikdən sonra dul qalan Xədicə xanım təxminən 1940-ci ildə bir qızı ilə dul qalmış Hüseyn adlı kişi ilə ailə qurur. Onun qızının adı Marı idi. Marı körpə ikən anasını itirmişdi. Xədicə ilə Hüseynin ailə həyatının ikinci ili Hüseyni müharibəyə aparırlar və o, cəbhədən qayıtmır. Xədicə  təkbaşına Marını öz doğma qızı kimi böyüdür.

    Mövlanın uşaqlığı çox çətin keçib. Yetim qalan Mövlan orta məktəbi kənddə bitirdikdən sonra peşə məktəbində təhsil alıb. Peşə məktəbini bitirdikdən sonra qaynaqçı ixtisasına sahib olan Mövlan əmək fəaliyyətinə başlayır.  Siyəzən Neft Qaz Çıxarma idarəsində işlə təmin edilir. Müharibə dövründə yaşamasına baxmayaraq, müharibəyə aparılmamasının səbəbi neftçi kimi bronunun olması qeyd edilir.

B.Mövlan və B.Hüriyyət
B.Mövlan və B.Hüriyyət

    Siyəzəndə işlədiyi vaxt Qusardan olan iş yoldaşı Soltanmuradla yaxın münasibətləri olub və bir dəfə orada alyanaqlı bir qız görür. Soltanmuradın bacısı olan bu gözəl qıza, Qusar rayonun Gican kəndindən olan Hüriyyət Məcid qızına vurulan Mövlan onunla 1949-cu ildə ailə həyatı qurur. Mövlan və Hüriyyətin 3 oğlu – Rafiq (1951), İbadulla (1959), Yaşar (1965-2013)  və 5 qızı (Sənubər, Səhər, Həqiqət və Sədaqət)olub. İlk qız uşaqları körpə yaşlarında rəhmətə gedib. Yaşar neft sahəsində sözünü demiş mütəxəssilərdən olub. Onu peşəkar qazmaçı kimi həmişə hörmətlə anırlar. O, “Günəşli” neft yatağının platforma rəisi vəzifəsinədək yüksəlməyi bacarmışdı. Xərçəng xəstəliyi bu gözəl insanı 2013-cü ildə aramızdan aldı. İbadulla mühəndis-elektrik kimi zavodlardan birində çalışır.

İki qardaşın soyadında fərqlər necə yaranıb?

B.Mövlan və ailəsi
B.Mövlan və ailəsi

    Rafiq Balayevin sözlərinə görə, Mövlan kişinin qardaşı Mövlud Şahmuradov atası rəhmətə getdikdən sonra təxminən 5 yaşında anası tərəfindən Qırmızı qəsəbədə yerləşən uşaq evinə verilir: “Onunla birlikdə kəndimizdən Talıbov Bədrəddin və onun bacısı Minacat da uşaq evinə verilənlərdən olub. Daha sonra o, Rusiyaya göndərilir. Təhsilini bitirdikdən sonra müharibədə iştirak edən Mövlud kişi 1949-cu idə oradan qayıtdıqdan sonra respublikanın müxtəlif rayonlarında işləyir və 1965-ci ildə Alpana qayıdır. Mövlud kişinin  dörd oğlu Ramiz (1954-1996), Rasim (1957), Sevlan (1959) və Əlikram (1962) və iki qızı olub”.

    Mövlud kişinin oğlu Rasim Şahmuradovun xatirələrindən:Biz kəndə qayıdanda dədə-baba yurdumuza gəldik. Evimiz hazırda Muxtar və rəhmətlik Şahingilin (elektrik) evləri ərazisində yerləşirdi. İndiki kimi yadımdadır. O evin kərpiclərini söküb Kostromada yeni ev tikdik. Daha sonra o evi əmim Mövlangilə verib həmin həyətdə özümüzə yeni ev tikdik”.

    Rafiq müəllimin sözlərinə görə, əmisi Mövludun uşaq evinə verilməsi vaxtı onun atasının kim olduğunu soruşanda Şıxmurad oğlu deyilib və sənədlərdə Mövlud Şıxmurad oğlu kimi qeyd edilib: “Daha sonrakı sənədlərdə isə onun soyadı Şahmuradov kimi yazılıb. Mövlan kişinin soyadının Balayev kimi yazılması isə bir az fərqli olub və təsadüfdən düzgün soyad qeyd edilib. Belə ki, orta məktəbdə müəyyən sinifdən sonra peşə məktəbinə sənədlərini verən Mövlanın yanında Rəhman və Hüzü qardaşları olub və onlar deyiblər ki, biz bir nəsildənik, siz Balaoğlan nəslindənsiniz və soyadınız Balayev olmalıdı.  Rasim Şahmuradov da deyir  ki, bizim nəslin soyadı Balayev olmalıdır, Şahmuradov yanlışlıqdan verilmiş soyaddır”.

İlkinin anası barədə bir neçə kəlmə

Rafiq Balayev və Ərəbzəngi Balayeva
Rafiq Balayev və Ərəbzəngi Balayeva

    İlkinin anası Balayeva Ərəbzəngi Nadir qızı 26.07.1959-cu ildə Alpanda dünyaya göz açıb. 1976-cı ildə Alpan kənd məktəbini bitirdikdən sonra 2 saylı Tibb Texnikumunun Müalicə işi-feldşer fakültəsinə daxil olub. Oranı əla qiymətlərlə bitirdikdən sonra Quba şəhər xəstəxanasında akuşerka kimi əmək fəaliyyətinə başlayıb. Sonra psixdispanserdə tibb bacısı və 1986-cı ildən bugünədək Alpan kənd sağlamlıq mərkəzində baş tibb bacısı-feldşer vəzifəsində çalışır.

    Yeri gəlmişkən, ona Ərəbzəngi adını rəhmətlik əmisi Şövkət müəllim Şahmuradov verib. Bunun da maraqlı tarixçəsi var. Belə kli, bir dəfə Şövkət müəllim “Şah İsmayıl” operasına baxdıqdan sonra oradakı Ərəbzəngi obrazından təsirlənir, nəsildə ilk dünyaya gələcək qıza Ərəbzəngi adını qoymaq arzusunu dilə gətirir və bu istəyini reallaşdırır.

 

Müəllif: Qvami Məhəbbətoğlu