Kəndimizin xeyirxah iş adamı

239
Rəşad Cabirli
Rəşad Cabirli

    Ramazan bayramı günlərində bir nəfər kəndimizdəki dükanlardan birinə – Mirabbas müəllimin oğlu Zinyəddinin dükanına girir və deyir:

– Zinyəddin kişi, nisyə dəftərinizə əsasən deyə bilərsinizmi bizim kənd camaatının sizə nə qədər borcu var?

Zinyəddin kişi təəccüblə soruşur:

– Neynirsən axı?

Həmin şəxs ona:

-Həmin borc dəftərini satın almaq istəyirəm, – cavabını verir. Az sonra əlavə edir:

-Xahiş edirəm, elə indicə oradakı bütün borcları hesablayıb mənə miqdarını deyəsiniz.

    Zinyəddin kişi kalkulyatoru götürüb birinci səhifənin başından üzü aşağı hesablamağa başlayır və az sonra bildirir ki, bəs təxminən on ildən çox bir müddəti əhatə edən borclar filan qədərdir. Gələn adam cibindən bir dəstə pul çıxarıb o məbləği Zinyəddin kişinin qarşısına qoyur. Zinyəddin kişi ona deyir:

– Camaatımıza əl tutdun. Allah səndən razı olsun. Allah birə-beş əvəzini versin.

    Həmin şəxs borc dəftərini ondan alır və deyir:

-Bu mənim camaatımıza Ramazan payımdır. Xoş halalları olsun. Amma sizdən bir təvəqqəm var. Bu barədə kimsəyə bir söz deməyin, yəni mənim adımı çəkməyin.

    Həmin şəxs gedəndən sonra Zinyəddin kişi dükanının girişinə belə bir bildiriş yazıb yapışdırır: “Əziz kənd sakinlərimiz, sizin 10 il ərzində məndən nisyə aldığınız məhsullara görə olan borclarınız bir xeyirxah şəxs tərəfindən ödənilib. Həmin adama Allah cansağlığı versin”.

    Bəli, bu müqəddəs dinimizin tələbidir: sağ əlin verdiyini sol əl bilməməlidir. Yoxsa bəziləri kimi, özünü televiziyalarda, sosial şəbəkələrdə reklam etmək ədəb-ərkana, dinə-imana sığan məsələ deyil. Amma günlərin bir günü Zinyəddin kişi: “Allah, sən keç bu günahımdan”, – deyərək bu xeyirxahlığı edən şəxsin adını, əgər belə demək mümkünsə, “sirri” açıqlayır. Sən demə, bu xeyirxah adam Rəşad Cabir oğlu Məmmədov imiş.

    Bu yaxınlarda kəndimizin imamı Bədəl Bədəlovla söhbət zamanı bəlli oldu ki, Rəşad Cabir oğlu Məmmədov çoxdandır ki, kənd camaatımıza öz yardımlarını əsirgəmir. Belə ki, o, artıq neçə ildir, Qurban bayramlarında qurbanlar kəsdirib, imkansız ailələrə paylayır və bununla savab qazanır. O bundan başqa hər il bu kateqoriyaya aid olan bir qrup insana ərzaq yardımıa edir, məscidimizlə bağlı problemlərə öz yardımını əsirgəmir. Ötən il isə kəndimizdə şəhidlərin xatirəsinə ucaldılan abidə-kompleksinə də bir sahibkar kimi öz sanballı töhfəsini verib.

“Kimin oğlusan” və yaxud soyad məsələsi

Cabir Məmmədov alpan.az
Cabir Məmmədov alpan.az

    Rəşad Məmmədov SSRİ-nin “Səhiyyə əlaçısı” döş nişanına, müstəqil respublikamızın “Tərəqqi” medalına və “Əməkdar həkim”i fəxri adına layiq görülmüş, Quba Rayon Mərkəzi Xəstəxanasının Ümumi terapiya-kardiologiya şöbəsinin müdiri, Cabir İsrafil oğlu Məmmədovun övladıdır. Yeri gəlmişkən qeyd edək ki, Rəşad Məmmədov doğulub boya- başa çatdığı rayonda, həmçinin digər regionlarda “Cabirin oğlu” olduğu üçün həmişə xüsusi hörmət görərkən bunu özünə “dərd” edib. Belə ki, o həmişə öz adı ilə tanınmaq istəyində olub. Bununla bağlı Rəşad Məmmədovun öz qeydlərində belə yazır: “16 yaşım olduğu zaman həll edə bilmədiyim problemlə qarşılaşmışdım. Uzun mübahisədən sonra qarşı tərəf: “Kimin oğlusan?” deyə soruşdu. Cabirin oğlu olduğumu bildiyi zaman problemim asanlıqla həllini tapdı.

    Mən o zamanlar yeniyetmə olduğum üçün özümü təsdiq etmək niyyətilə “Cabirin oğlu olduğumu nəzərə alma, nə bacarırsan et!” dedim. Amma təkidimə baxmayaraq Cabirin oğlu olduğum nəzərə alınaraq məsələ müsbət həllini tapdı.

    Sonradan bu hadisəni atama nəql etdim, o zaman daha gənc olduğum üçün: “İstəyirəm, mənə özümə görə hörmət etsinlər” dedim. Atam isə cavabında: “Bu məsələdə mən heç nə edə bilmərəm, sənin özündən asılıdır”, – cavabını verdi.

    İllər keçdi, bu dialoq yadımdan çıxmırdı. Bir gün işlə əlaqədar Tükiyəyə ilk dəfə səfərə gedirdim. Pasport yoxlanışından keçmək istəyərkən türk polisi məni saxladı və Rəşad Məmmədov adlı azərbaycanlı şəxsin axtarışda olduğunu bildirdi. Eyni şəxs olub-olmadığımı dəqiqləşdirmək üçün: “Kimin oğlusan?” – dedi. “Cabirin oğlu” dedim və pasportuma giriş möhürünü vuraraq: “Buyurun, keçin”, – dedi. Pasport yoxlanışından yenicə keçmişdim ki, atamdan zəng gəldi. O, salam-kəlamdan sonra soruşdu: “Hər şey qaydasındadırmı?”. Dedim: “Ata, burada da polislər Cabirin oğlu olduğumu bildikdən sonra ölkəyə girişə icazə verdilər”. Üstəlik, illlər öncəki dialoqumuzu yada salaraq gülüşdük.

    Bu hadisədən sonra soyadımı dəyişənə qədər hər dəfə Türkiyəyə səfərə gedərkən pasport yoxlanışından: “Kimin oğlusan?” sualına “Cabirin oğluyam” deyərək cavab verdikdən sonra ölkəyə giriş edə bilirdim.

    Yaşa dolduqca yeniyetmə olduğum zaman düşündüyüm kimi düşünməməyə başladım. Cabirin oğlu olduğum üçün ötən hər gün daha çox fəxr etməyə başladım. Bu gün də fəxr edirəm! Bütün bunlara rəğmən 2020-ci ildə uzun illər davam edən “mübarizə”yə son qoymaq üçün soyadımı “Cabirli” olaraq dəyişdirdim”.

Tərcümeyi-halından sətirlər

Rəşad Cabirli
Rəşad Cabirli

    Rəşad Cabirli 1983-cü ildə Quba şəhərində dünyaya göz açıb. 5 yaşına qədər kəndimizdə yaşayıb. O, orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra Bakı Dövlət Universitetinin kimya fakültəsinə qəbul olub və 2004-cü ildə həmin universitetin bakalavr, 2006-cı ildə magistr pilləsi üzrə təhsilini başa vurub. 2019-cu ildə Türkiyənin Bahçeşehir Universitetinin idarəetmə (işletme) fakültəsinə qəbul olub, 2020-ci ildə həmin fakültəni bitirərək MBA (Master of Business Administration) dərəcəsi alıb.

        R.Cabirli Şimali İrlandiyanın Queen’s Universitetində (Queen’s University Belfast), Türkiyənin İstanbul Texniki Universitetində sertifikat proqramlarında uğurla iştirak edərək müxtəlif sertifikatlar alıb. 2005-ci ildə “Baku Steel Company”də Kimyəvi sınaq laboratoriyasında laborant olaraq əmək fəaliyyətinə başlayan R. Cabirli daha sonra kimyaçı mühəndis kimi fəaliyyətinə davam edib. (Qeyd edək ki, R. Cabirlinin bir iş adamı kimi püxtələşməsində “Baku Steel Company”nın rəhbəri, həmkəndlimiz Rüstəm kişinin oğlu Ramiz Zadayevin müəyyən xidmətləri olub).

    2008-2010-cu illər ərzində fərdi sahibkar kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olub və 2010-2014-cü illər ərzində “NJT” şirkətində Satış və Marketinq şöbəsinin müdiri olaraq çalışıb.

    2015-ci ildə “Polymart MMC”ni təsis edərək sahibkarlıq fəaliyyətini davam etdirib. Hazırda həmin şirkətdə Baş İcraçı Direktor vəzifəsini icra edir. 2018-ci ildən etibarən Azərbaycan Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin üzvüdür.

        R.Cabirli2019-cu ilin avqustundan Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin Azərbaycanda İdarə Heyəti Sədrinin müavini, Qlobal komitənin rəhbəri olaraq fəaliyyət göstərib. Ötən ilin dekabrında o, MÜSİAD Azərbaycan ofisinə rəhbər seçilib. Evlidir, 3 övladı var.

Tanınmış iş adamı

Rəşad Cabirli
Rəşad Cabirli

    Bəli, bu gün Rəşad Cabirli respublikamızın tanınmış iş adamlarından biridir. 2015-ci ildə istehsal fəaliyyətinə başlamış “Polymart MMC”yə rəhbərlik edən Rəşad Cabirli qısa müddətdə bir sıra uğulara imza atıb. Belə ki, bu gün “Polymart” MMC-nin tərkibində Almaniya, Avstriya və İtaliyanın istehsalı avadanlıqlar quraşdırılan, yüksək keyfiyyətli plastik boru və fitinqlər, nasos və nasos sistemləri, qaynaq avadanlıqları, quyu qapaqları və drenaj, eləcə də suvarma sistemləri, yanğın və sulama hidrantları istehsal edən bir zavod, beş nümayəndəlik, iki xarici ölkədə ofisi (Türkiyə və Gürcüstan), bir neçə mağaza və baş ofisi fəaliyyət göstərir. Yerli brend olaraq, “Polymart” MMC “Made in Azerbaijan” markası ilə Azərbaycanı ölkə xaricində də layiqincə təmsil edir. Şübhəsiz, ölkə daxili bazarda söz sahibi olan “Polymart” MMC bundan sonra da bir Azərbaycan brendi kimi xarici bazarlarda daha da layiqli şəkildə öz sözünü deyəcək. “Polymart” MMC yerli istehsala üstünlük verməklə yanaşı, bir sıra xarici ölkə istehsalçılarının (İsveçrə, Almaniya, İtaliya, Türkiyə və s.) Azərbyacanda rəsmi təmsilçisidir.

    Yeri gəlmişkən, qeyd edək ki, “Polymart” MMC Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda aparılan genişmiqyaslı quruculuq işlərində də pay sahibi olmaq üçün əlindən gələni əsirgəmir. Belə ki, Qarabağda inşası davam edən tikinti işlərində “Polymart” MMC-nin istehsal etdiyi məhsullardan da istifadə olunur. Bütün bunlar isə o deməkdir ki, qısa zaman kəsiyində R. Cabirli adını uğurlu sahibkar kimi tarixə yazdıra bilib.

Çalışmaq bir sevincdir

    Bütün bu uğurlarda isə R. Cabirlinin çalışqanlığı önəmli rol oynayıb. Bu barədə söz düşəndə isə o adətən belə deyir: “Uşaqlıqda, elə bilirdim ki, həyat bir sevincdir. Böyüdüm və gördüm ki, həyat çalışmaqdır. Çalışdım və gördüm ki, çalışmaq bir sevincdir.

    Xarici ölkələrdən birində səfərdə olarkən 20 mindən artıq insanın çalışdığı, dünyaca tanınmış şirkətlərdən birini ziyarətim əsnasında girişdə bir yazı diqqətimi çəkdi: “Leave this world better than you found it ” (Bu dünyanı tapdığından yaxşı vəziyyətdə tərk et). Bu yazı mənə vizyonumu qısa ifadə etməkdə kömək edir. Çalışmalıyıq! Çalışmalıyıq ki, dünyada olduğumuz müddətdə yalnız özümüzə, yaxın ətrafımıza deyil, cəmiyyətə, dünyaya faydalı olacaq fəaliyyətlər göstərək. Bütün ekosistemi düşünərək, eyni enerjini sərf etməklə hər kəsə faydalı ola biləcək nəticələr əldə edə bilərik. Düşünürəm ki, məqsədimiz daim vicdanımıza dividend qazandırmaq olmalıdır”.

MÜSİAD sevdalısı

        R.Cabirlinin 1990-ci ildə Türkiyənin İstanbul şəhərində təşkil edilən, ictimai fayda dərnəyi statusu alan, qeyri-hökumət təşkilatı Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) ilə yaxından tanışlığı 2012-ci ilə təsadüf edib. O zaman o, dəyərləri ilə üst-üstə düşən dəyərlərə sahib olan bu dərnəyin Azərbaycanda da şöbəsinin olmasını arzulayıb. Bu səbəbdən o, bu qurumun ölkəmizdə şöbəsi qurulduqdan sonra (MÜSİAD Azərbaycan 1 yanvar 2018-ci ildən fəaliyyətə başlayıb) təklif aldığı gün məmnuniyyətlə qəbul edib.

    Yeri gəlmişkə qeyd edək ki, bu yazını yazarkən ötən ilin dekabrında MÜSİAD Azərbaycan ofisinə rəhbər seçilərkən onun həmin tədbirdə dediyi bu sözlər də birdən-birə yadıma düşdü: “Bir millət, iki dövlət” şüarını ticarət və mədəni sahədə yaşatmağı və davam etdirməyi özünə hədəf seçən, bu istiqamətlərdə faydalı fəaliyyətlər həyata keçirən MÜSİAD Azərbaycanın bir fərdi olmaq, sonra isə idarə heyətinin üzvü olaraq xidmət etmək mənim üçün qürurlu idi. Bu gün isə rəhbər olaraq xidmət etmə şərəfinə nail olmaq mənim üçün tərif edə bilməyəcəyim bir xoşbəxtlikdir”.

    Bu gün həm “Polymart” MMC-nin, həm də MÜSİAD Azərbaycanın rəhbəri kimi fəaliyyət göstərən R. Cabirli bir sıra ölkələrdə təşkil olunan beynəlxalq tədbirlərdə ölkəmizi ləyaqətlə təmsil edir. O, həmçinin respublikamıza təşrif buyuran iş adamlarını da əldə edilən uğurlarla ətraflı tanış edir, onları ölkəmizə sərmayə qoymağa həvəsləndirir.

Müəllif:Qvami Məhəbbətoğlu (Rəsulov)