Dünya Azərbaycanlılarının həmrəyliyi və Türkiyə Azərbaycan qardaşlığı

113

    1918-ci ildə Qubaya, Alpana, Susaya türk əsgər və zabitləri 3 dəfə gələrək xalqın erməni-bolşevik basqınlarına qarşı müdafiəsində və başqa problemlərinin aradan qaldırılmasında yaxından iştirak ediblər.

    İlk dəfə 1917-ci ilin oktyabrında Azərbaycanda, Dağıstanda vəziyyəti öyrənmək üçün göndərilən 3 türk zabitindən sonra, Birinci dünya müharibəsi illərindəki 1914/16-cı il Rus-Türk müharibələri zamanı əsir düşmüş və Sibirə sürgün edilmiş türk zabitlərinin (İhsan paşa, ştab rəisi Fəthi bəy və b.) düşərgələrdən qaçırılmasında mühüm rol oynamış qubalı mücahidin sayəsində Qafqaza, Qubaya gəlmiş 20-dən çox zabit və əsgər 1918-ci il mayın 18-i tarixində erməni-bolşeviklərin Quba ərazisindən qovulması əməliyatlarında yerli Milli-müqavimət qüvvələrilə birgə Qanlı dərədə və b. məntəqələrdə döyüşmüşlər. Bu barədə, AXC-nin “Əksinqilabla mübarizə təşkilatı”nın rəisi Nağı bəy Şeyxzamanlının “Xatirələr”ində və t.e.d. prof. Anar İsgəndərovun məqalələrində qeyd olunmuşdur.

    İkinci dəfə bu ərazilərə türk əsgər və zabitlərinin gəlişi, Osmanlı Türkiyəsinin Azərbaycan Xalq Cumhuriyyətilə 4 iyun, Dağlılar Respublikası ilə 8 iyun Batum müqavilələrinin hərbi yardımlaşma bəndinə əsasən polkovnik Əli bəyin komandanlığı altında göndərilmiş hərbi hissə Zaqataladan keçməklə Dağıstana və bir müddət sonra (iyulun axırında) albay Əhməd Şükrü bəyin komandanlığı altında Qubaya gəlib yaşayış məntəqələrini bolşeviklərdən təmizləyib hakimiyyəti ələ aldığı zaman olmuşdu. Quba qəza mərkəzində kapitan Əhməd əfəndi Trinçin komendantı olduğu müvəqqəti idarəetmə rejimi – böyük kəndlərdə hərbi nümayəndəliklər qurmuşdular.

    3-cü dəfə isə öncə sentyabrın əvvəlində Şamaxıdan dağları aşaraq kəşfiyyat məqsədilə göndərilmiş, Nuru Paşa “Qafqaz Türk-İslam Ordusu” ilə Bakını 15 sentyabrda işğaldan azad etdikdən sonra sentyabrın 29-u və oktyabrın ilk günlərində gələrək, noyabr ayının əvvəllərinədək (30 oktyabr Mudros müqaviləsinədək) dövlət idarələrinin mühafizə olunmasını, Parlament seçkilərinin keçirilməsi üçün asayişin qorunmasını təşkil etmişdilər.

Şəhid Türk məzarı Susay kəndi
Şəhid Türk məzarı Susay kəndi

    Altı ay ərzində Azərbaycan və Dağıstanda ümumən 4 minə yaxın hərbçisini şəhid vermiş Osmanlı Türkiyəsi Şimali Qafqazda Milli – müqavimət qüvvələrini təşkil edib təlim keçmək üçün əslində 1918-ci il may ayının 11-dən, yəni Şimali Qafqaz Cumhuriyyəti elan edilən gündən hazırlıq işlərinə başlamışdı. Bölgə əhalisindən bir piyada və bir süvari dviziyası olmaqla iki alay təşkil edilməsi nəzərdə tutulurdu. Yaradılacaq 4-cü piyada diviziyasına, 1916-cı ildə Şərq Cəbhəsində gedən döyüşlərdə ruslara əsir düşən, ancaq Rusiyadakı bolşevik inqilabı və qarışıqlıqdan yararlanaraq 2 il sonra qaçmağa müvəffəq olan polkovnik (albay) Əhməd Şükrü bəy komandan təyin edilmişdi. Dağıstan müsəlmanlarından könüllülük əsasında qurulmaqda olan milli orduya rəhbərlik edəcək zabit heyəti 15 iyun 1918-ci il tarixində xidmət bölgələrinə yola düşmüşdülər. Polkovnik Şövkət bəy başda olmağla Türkiyədən gələn komandirlər ilk olaraq Osmanlı-Rus müharibəsində əsir düşən türk zabit və əsgərlərini bir yerə cəmləmiş, sonra Dağıstan müsəlmanlarından 500 nəfərlik bir hərbi birlik yaratmışdılar.

    Dağıstandakı türk ordu qərargah heyətinin qısa müddətdə təşkil etdiyi hərbi birliklərin Azərbaycanın şimal-şərqində yerləşən Quba – Xaçmaz bölgəsində baş verən döyüşlərdə işğalçı qüvvələrə qarşı hücumları uğurlu olmuşdu. Qubanı düşmən işğalından qurtarmaq üçün minbaşı Səbri bəyin komandanlıq etdiyi birləşmiş qüvvələr, gecə boyunca yürüş edərək Qubanın şimalındakı Qusar qəsəbəsini ələ keçirdi. Burada bir bolşevik bölüyünü əsir alıb, bununla bərabər dörd pulemyot və xeyli miqdarda sursat ələ keçirdilər. Onlar bu uğurun ardından Əli bəy Zizikskinin başçılıq etdiyi yerli hərbi hissələrlə birlikdə Quba üzərinə yürüyərək 2 avqustda bolşevik işğalına son qoydu. Osmanlı türk və dağıstanlı müslüman qardaşlarımızın iştirak etdiyi belə döyüşlərdən biri də Digah, Alpan və Susay kəndlərinin ərazisində baş vermişdi…

Subaba
Subaba

    Neman müəllim Qədirbəylinin “Subaba şəhidləri” hekayəsində deyildiyi kimi, hələ 1970-ci illərdə biz uşaq ikən böyüklərdən eşitmişdik (bəzən başqa tərəfi- Ağabba müəllimin evinin yaxınlığını da nişan verərdilər) ki, Alpan kəndində Subaba türbəsinin, yaxınlığındakı qocaman palıd ağacının su krantı (indiki Subaba bulağı) tərəfində, itməkdə olan qədimi qəbirlərin arasında şəhid türk əsgərlərin balaca daşlı, çokməmiş təzə (yəni 50-60 il öncəyə aid) məzarları var… Susay kəndindəki qədim “Qərani qəbristanlığı”nda yerləşən Şəhid Türk əsgərinin məzarı əslən bu kənddən olan, N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetin dosenti, bu mövzuda nəşr edilən 418 səhifəlik “Bir əsgərin izi ilə” (2018) kitabının müəllifi, f.e.d. Aydın Səfərbəy oğlu Ələkbərov (1959) və onun həmkarı Ziyəddin Məmmədovun (əslən Qazax rayonu, Kosalar kəndindən) təşəbbüsü və maliyyə vəsaiti hesabına 2010-cu ildə bərpa edilmiş, üstünə yazılı baş daşı lövhəsi qoyulmuş və dəmir çərçivəyə alınmışdır. 2018-ci ildə Türkiyə Cumhuriyyətinin Azərbaycan Respublikasındakı səfiri Erkan Özoral və Quba rayon İcra Hakimiyyəti nümayəndələri abadlaşdırılaraq yenilənmiş məzarı ziyarət etmiş, üzərində inşa edilmiş mərmər baş və sinə daşının təqdimat açılışı keçirilmişdir. Baş daşında “1918-ci ildə Azərbaycanda dövlətçiliyin qurulması uğrunda gedən döyüşlərdə Şəhid olmuş Türk əsgərinin məzarı” sözləri nəqş edilib.

 

Məlumatı hazırladı C.Alpoğlu Albantürk