Kəndimizin çayxanaları və çayçıları barədə bir neçə kəlmə

149

     O zamanlar kəndimizdə fəaliyyət göstərən çayxanalar ilk növbədə çay və digər yüngül içkilərlə (yəni araqdan başqa) əhaliyə xidmət göstərən məkanlar kimi tanınardı. Özü də o zamanlar çayxanaların xidmətindən yaşlı və orta nəsilə məxsus kişilər istifadə edərdilər, başqa sözlə desək, onlar çay içə-içə dincliklərini alar, bir-birindən hal-əhval tutardılar. Çayxanalar, bir növ, kişilərin yığıncaq, yaxud da görüş yeri idi. Həmin məkanlarda cavanlar əsla görünməzdilər. Valideynlərinin sifarişlərini yerinə yetirən uşaqlar isə bir qayda olaraq qapının astanasında, ya da pəncərə önündə qarşılanar və oradan da yola salınardılar. Bu mənada kəndimizdə formalaşmış çayxana mədəniyyəti var idi. Özü də bu çayxanalarda bir qayda olaraq iri samovarlardan istifadə olunardı. Bir stəkan çayın qiyməti də ya iki, ya da üç qəpik olardı. Hətta çayxanalarda belə bir lövhə də vurulardı: “Çay qəndlə 2 qəpik”. Amma bir mənfi cəhəti var idi ki, həmin məkanlardan siqaret tüstüsü əskik olmazdı.

     Kəndimizdə bir zamanlar camaatımıza xidmət edən iki çayxana fəaliyyət göstərib. Biri kəndin mərkəzində, o biri isə poçt binasının fəaliyyət göstərdiyi binada, yəni “Kostroma” adlanan məhəllədə. Kəndin mərkəzindəki çayxana o biri ilə müqayisədə bir qədər qocaman idi. Birincisi sadəcə “Çayxana” ikincisi isə “Bufet-cayxana” kimi tanınardı.

     Fərhad Babayevin yaddaşından: “1950-ci illərdə kəndimizdə, Zubayıl (Salmanov-Q.M) kişigilin evində kirayənişin olan qubalı Əli kişi çayxana işlədərdi. Həmin çayxana da Zubayıl kişinin yaşadığı binada idi. Çayxanının böyründə həmin evə bitişik bərbərxana vardı. 50-ci illərin sonu kənd klubuna bitişik çayxana açıldı. Bu çayxananı da Məstan (Söhbətov-Q.M.) müəllim işlədərdi”.

     Kəndimizin tanınmış simalarından biri olan Ömər (Əhmədov-Q.M.) kişinin 1 yanvar 1960-cı ildə yazdığı “Çayxana təmir olundu” əlyazmasına istinadən qeyd edək ki, Fərhad müəllim yanılmır. Belə ki, həmin əlyazmada Ömər kişi yazır: “Bir neçə ildir ki, Alpan kənd Sabir kolxozunun klub binasında olan otaqların ikisində Qəsəbə Selposu (сельское потребительское общество) çayxana üçün istifadə edilir. Həmin otaqların da bir qədər təmirə ehtiyacı olduğu üçün burada yerləşən çayxana bir kəsin xoşuna gəlmirdi. Bu günlərdə Qəsəbə Selpo İdarə heyəti həmin çayxana yerləşən hər iki otağın təmirini qurtarmışdır…. Bundan əlavə bura işıq və radio çəkilib. Burada olan köhnə stollar götürülərək yeni stollarla əvəz olunmuşdur”.

     Elə bu yazının sonunda da çayxana müdiri kimi Məstan Söhbətov göstərilib.

Haşiyə

Məstan müəllim müharibədən qayıtdıqdan sonra müəyyən səbəblər ucbatından (Bu barədə “Alpan etüdləri” kitabımda yazmışam) öz ixtisası üzrə, yəni müəllim kimi fəaliyyət göstərə bilməyib. Hətta o, kənd bərbərxanasında Cəlil kişinin yanında şagird kimi də çalışıb.

Məstan çayı

     Nəzirov Qiyasəddin kişinin (Seyfəddin kişinin oğlu) xatirələrindən: “Məstan müəllimin hazırladığı çay çox dadlı olardı. Elə bu səbəbdən onun dəmlədiyi çayı belə adlandırardılar: “Məstan çayı”. Məstan kişi çayxananın qapısının açarını heç vaxt cibində gəzdirməzdi. Onu elə çayxananın həndəvərində bir yerdə “gizlədərdi”. Biz, yəni mən, Vali Zülfüqarov, Cəmilənin oğlu Comərd açarın yerini bilirdik. Odur ki, gecə çayxanaya girər, orada yeyib-içdikdən sonra haqq-hesabı stolun üstünə qoyub çıxardıq. Təbii ki, bütün bunlardan Məstan müəllimin xəbər olardı”.

     Məstan müəllimin oğlu Qurban müəllimin sözlərinə görə, o zaman həmin çayxananın anbarı onların evlərinin birinci mərtəbəsində yerləşib: “Çayxanada çalışarkən atam bir yerə gedəndə öz yerinə Maksim kimi tanınan Əlhadi (Dadaşov-Q.M) kişini qoyardı. Ondan söz düşəndə də deyərdi ki, o, çox təmiz, dürüst adamdır. Atamdan sonra orada Qiyasəddin kişinin böyük oğlu Hamlet çayçı kimi fəaliyyətə başlayıb. Həmin anbarın Hamlet kişiyə təhvil verilməsi prosesi indiki kimi yadımdadır”.

“Bu cür ki o işləyir…”

     Atam Məhəbbət müəllimin xatirələrindən: “Kəndimizin sayılıb-seçilən kişilərindən biri olan, öz baməzə söhbətləri ilə seçilən Ömər (Əhmədov-Q.M.) kişi çay içməyi çox sevərdi. Odur ki, boş vaxtı olan kimi özünü çayxanaya verərdi. Lakin Hamletin vaxtında çayxana müəyyən bir rejimlə işləməzdi. Belə ki, çayçı Hamlet öz iş rejiminə əsasən çayxananı açıb-bağlayardı.

Bir dəfə Ömər kişi yenə çayxanaya gəlir. Görür ki, qapısı bağlıdır. Çayxananın da qabağında 5-6 nəfər yığılıb Hamletin dalınca o ki var deyinirlər. Ömər kişi sonradan ona zarafatyana bir şeir də həsr edir:

Mən əzizim ay kimi,
Oturmuşam lay kimi.
Ağzımızdan su gəlir
Hamlet qoyan çay kimi.

Mən əzizim tağlıdır,
Sinəm dügün, dağlıdır.
Bu, çayçı olmayacaq
Ayda on gün bağlıdır.

Mən əzizim ay deyil,
Haray deyil, hay deyil.
Lap düzünü axtarsan,
Qoyan çayı çay deyil.

Nisyə verir ağlayır,
Sinələri dağlayır.
Samovarda çay qalıb
Çox vaxt ertə bağlayır.

Mən əzizim olanı,
Danışmıram yalanı,
Bu cür ki o işləyir,
Heç vaxt dolmaz planı”.

Qeyd edək ki, sonradan Hamlet kişi traktorçu kimi fəaliyyət göstərib.

“O, işini çox sevərdi”

     1967-76-cı illərdə həmin çayxanada Nəsir Mülküm oğlu Xəlilov çalışıb. 1941-ci il təvəllüdlü Nəsir kişi mənim yaddaşıma az danışan, sakit, təmkinli bir insan kimi həkk olunub. Nəsir kişinin həyat yoldaşı Gülpeykər xanım ərinin çayçı kimi fəaliyyətə başlamasından danışarkən bildirdi ki, Nəsir kişi bir müddət işsiz olub: “Elə oldu ki çayxanada işləyən, adını unutduğum şəxs işindən ayrıldı. O vaxt Baləmi (Fərhadov-Q.M.) kənd sovetinn sədri idi. Ailənin sonuncu övladı olan Nəsir onun köməyi ilə həmin çayxanaya işə düzəldi və qısa zaman kəsiyində çayçı kimi kənd camaatının rəğbətini qazandı. O, işini çox sevərdi. Hətta bu və ya digər işi olanda anası, yəni qayınanam Sonaxanım onu əvəz edərdi”.

     Qeyd edək ki, müəyyən müddət kəndimizdə fəaliyyət göstərmiş, çörək mağazasında da çalışmış Nəsir kişi 1981-ci ildə infarktdan dünyasını dəyişib. Məlumat üçün bildirək ki, Nəsir kişinin atası, 4 övlad sahibi olan (3 oğul, bir qız) Mülküm kişi İkinci Dünya müharibəsində həlak olub.

Gərək çayı elə dəmləyəsən ki…

     Bir zamanlar aşağı çayxanada çalışmış Zəngi Balayev yuxarı çayxananı cani-dildən işlədənlərdən biri olub. Oğlu Sübhinin sözlərinə görə, o, səhərin gözü açılar-açılmaz özünü çayxanaya yetirərdi: “Səliqə-səhmanı çox sevərdi. Kiminsə nəyəsə irad tutmasını xoşlamazdı. Bir sözlə, müştərini razı salmaq məqsədilə dəridən-qabıqdan çıxardı”.

     O illərdə atasının yanına tez-tez gedib-gəldiyini və ona kömək etdiyini vurğulan Sübhi Balayev bir maraqlı əhvalat da danışdı. Dedi ki, bir dəfə atamın yanına gəlmişdim: “Gördüm ki, tanımadığım bir şəxs çay içə-içə atamla söhbət edir. Hərdən də elə gülürdü ki… Həmin adamın yanında nə üçünsə atamdan 10 qəpik istədim. Atam əlini cibinə salmağa macal tapmamış həmin şəxs mənə 10 qəpik uzatdı. Atamın etirazlarına baxmayaraq, o, inadından dönmədi və 10 qəpiyi mənim cibimə qoydu. Axşam evə qayıdanda atam məndən soruşdu:

-Heç bilirsənmi sənə 10 qəpik verən şəxs kim idi?

Mən başımı buladım. Bu zaman atam gülə-gülə dedi:

-O şəxs tanınmış səhnə ustası Arif Quliyev idi.

     Atam onun kəndimizə gəlişini isə belə izah etdi: “Arif Quliyevin kəndimizin klubunda çıxışı vardı. Çıxışından öncə çay içmək könlünə düşmüşdü. Atam, həmçinin bildirdi ki, mən onun sənə 10 qəpik verməsinə mane ola bilərdim. Amma dedim ki, qoy Arif Quliyev yaddaşına necə varsa, elə də həkk olunsun”.

     Zəngi kişi ilə ünsiyyətdə olan (o, atamın əmisi Nurəddin kişinin kürəkəni idi) bir şəxs kimi deyə bilərəm ki, günlərin bir günü çayçılıqla bağlı ona bir sual ünvanladım. O, həmin suala belə cavab vermişdi: “Çayçı peşəsi kənardan baxanda asan görünsə də, əslində, özünəməxsus sirləri var. Gərək çayı elə dəmləyəsən ki, dadından doyulmaya…”

Aşağı çayxana və…

     Zəngi Balayevdən sonra yuxarı çayxanada çalışmış Baba Dadaş oğlu Bədəlov aşağı çayxana barədə ətraflı məlumat verdi: “Mənim məlumatıma görə, kəndimizin “Kostroma” məhəlləsindəki çayxana ilk vaxtlar yeməkxana kimi fəaliyyət göstərib. Özü də oranı ilk dəfə bir sıra məsul vəzifələrdə çalışmış Nurbala kişinin oğlu Xıdır müəllimin qardaşı İsmayıl (Balayev-Q.M.) kişi işlədib. Lakin bura yeməkxana kimi özünü doğrultmadığından sonradan çayxana daha doğrusu, “Bufet-çayxana” kimi fəaliyyətini davam etdirib”.

     Qeyd edək ki, bir müddət burada İsmayıl kişinin qardaşı Zəngi kişi də fəaliyyət göstərib. Daha sonra isə bu məkanı Minətulla Qeybulla oğlu (Ağayev-Q.M) idarə etməyə başlayıb. Minətulla kişinin oğlu Feytulla bəyin verdiyi məlumat görə, atası 1966-1986-ci ilərdə həmin çayxanada çalışıb.

Minətulla kişidən sonra isə, Baba Bədəlov bir çayçı kimi orada fəaliyyət göstərib. Zəngi Balayevdən sonra Baba Bədəlov yuxarı çayxananı işlədib”.

Haşiyə

     Agayev Minətulla Qeybulla oglu 12.09.1930-cu ildə anadan olub. Alpan kənd məktəbində səkkizinci sinfi bitirib. (Sonradan, yəni 1966-cı ildə qiyabi olaraq onillik təhsil alıb). 1946-1966-ci illərdə Sabir adına meyvəçilik sovxuzunda fəhlə işləyib. 1987-1989-cu illərdə kənd meyvə qəbulu məntəqəsində briqadir kimi çalışıb. 1990-1993-cü illərdə isə “Abadlıq” kooperativində fəhlə işləyib. 1993-cü ildə təqaüdə çıxıb. 29.03.2008 -ci ildə dünyasını dəyişib.

Zarafatları ilə seçilən çayçı

     Habil kişi (Şirinov) də kəndimizin tanınmış çayçılarından biri olub. Habil kişinin oğlu Elmar bəyin sözlərinə görə, amma o, bu çayxanalarda məzuniyyətə çıxan çayçıları əvəz edərdi. Onun əsas iş yeri isə əsasən məktəbimizin bufeti olub. O, məktəb bufetlərində təxminən 40 ilə yaxın fəaliyyət göstərib. Ondan sonra isə mən məktəb bufetində atamın sənətini davam etdirmişəm”.

     Yeri gəlmişkən qeyd edək ki, Habil kişi öz zarafatları ilə digər çayçılardan fərqlənib. Onun zarafatları indi də dillərdə dolaşır. Məsələn, onlardan birini oğlu Vaqif müəllimə istinadən sizə təqdim edirəm: “Hər günortüstü, daha doğrusu, nahar vaxtı atam üçün evdən yemək aparardıq. Atam süfrəsini açan kimi bir neçə şəxs onun başının üstünü alar və onlara da yemək verməsini istərdilər. Günlərin bir günü atam zarafatla onlara dedi: “Vallah, bilmirəm, mən 14 nəfərdən ibarət külfətimi saxlayım, yoxsa siz yetimləri?”

     Habil kişinin belə bir zarafatyana kəlamı da vardı. O, həyatda öz yerini tapa bilməyənlərə bir qayda olaraq belə deyərdi: “Get, mənim danam atan qayadan özünü at!” Sonradan bu ifadə kənddə bu formanı aldı: “Get özünü Habil kişinin danasının atdığı qayadan at”. Bu kəlam indiyədək işlənir. Həmin zərb-məsəlin yaranması isə günlərin bir günü naxır sürüsü örüşdən qayadarkən Habil kişinin danasının təsadüfən “Qızıl qaya” deyilən ərazidən düşməsi və məhv olması ilə bağlıdır.

     1934-cü il təvəllüdlü Habil kişi 2005-ci ildə dünyasını dəyişib.

     Yeri gəlmişkən qeyd edək ki, bu çayxanalarda fəaliyyət göstərənlər yalnız yuxarıda adlarını çəkdiklərimdən ibarət olmayıb. Belə ki, Əzətulla Zülfüqarov, Laçın Murtuzov, Səməndər Rəsulov, Çingiz Babayev, Birinci Qarabağ savaşının iştirakçısı Ağagül Babayev, Sübhi Balayev, Bakir Şahbazov da bu çayxanalarda çalışıblar.

     Sonda onu da qeyd edim ki, bu yazını yazmaqda məqsədim heç də çayxanaların təbliği ilə bağlı deyil. Sadəcə, kəndimizin mədəniyyətinin bir parçası sayılan çayxanalardan söz açmaq və o məkanlarda çalışan insanları yad etmək istədim. Dünyasını dəyişənlərə Allahdan rəhmət, həyatda olanlara isə cansağlığı arzulayıram.

Müəllif:Qvami Məhəbbətoğlu (Rəsulov)

P.S. Şübhəsiz, mənim yazdıqlarım çayxanaların və çayçıların fəaliyyətlərini tam əhatə etmir. Güman edirəm ki, yazılacaq şərhlər bu yazının formalaşmasına vəsilə olacaq.