General-mayor Mayis Bərxudarov “Şimal pələngləri”ndən birini necə təbrik etdi?

717
Şəhriyar Ağagülov
Şəhriyar Ağagülov

    Bu dəfə sizə Vətən müharibəsinin iştirakçısı Ağagülov Şəhriyar Etibar oğlundan söz açmaq istəyirəm. Ağagülov Şəhriyar Etibar oğlu 20 dekabr 1977-ci ildə ziyalı ailəsində anadan olub. 1995-ci ildə orta təhsilini Alpan kəndində başa vurandan sonra Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin tank-artilleriya fakültəsinidə artilleriya ixtisasına yiyələnib. 1999-cu ildə leytenant rütbəsində Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissədə artilleriya divizionu kəşfiyyat rəisi vəzifəsinə təyin olunub. O vaxtdan indiyə qədər Azərbaycan Silahlı Qüvvələrinin hərbi hissələrində müxtəlif vəzifələrdə (batareya komandiri, artilleriya rəisinin baş köməkçisi, artilleriya divizionunun qərargah rəisi, artilleriya divizion komandiri, korpusun artilleriyasının qərargah rəisi, artilleriya briqadasının komandiri, korpusun artilleriya şöbə rəisi) qüsursuz xidmət aparıb. Silahlı Qüvvələrin Hərbi Akademiyasını da bitirən Ağagülov Şəhriyar polkovnik rütbəsinə qədər yüksəlib. Həm aprel döyüşlərinin, həm də Vətən müharibəsinin fəal döyüşçülərindən olub. O, göstərdiyi şücaətlərə görə, Prezidentin Sərəncamları ilə “Azərbaycan Bayrağı” ordeninə, həmçinin “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medallarına da layiq görülüb.
    Şəhriyarın hərbçi kimi yetişməsində ibtidai sinif müəllimi, Böyük Vətən Müharibəsinin iştirakçısı Şahbaba Hacıyevin müharibə ilə bağlı söhbətləri önəmli rol oynayıb: “Onun bu söhbətləri məni necə ovsunladısa, silahlarla bağlı kitablara, məlumatlara böyük maraq göstərməyə başladım. Amma nədənsə raket sistemlərinə sevgim gündən-günə artdı. Nəticədə, artilleriya üzrə mütəxəssis olmaq qərarına gəldim”. Dediyinə görə, atası Etibar müəllim onu başqa sənətdə görmək istəyib. Amma Şəhriyar inadından dönməyib. Son anda isə Etibar müəllim oğlunun inadkarlığını görüb ona xeyir-dua verib.

Şəhriyar Ağagülov
Şəhriyar Ağagülov

    “Elə məni döyüşlərdən-döyüşlərə, zəfərlərə səsləyən atamın xeyir-duasıdır” sözləri ilə söhbətini davam etdirən Şəhriyar Ağagülov bildirdi ki, Aprel döyüşlərinin iştirakçısı kimi əmin idim ki, bu döyüşdən də zəfərlə çıxacağıq: “Hamı kimi məndə bu inamı yaradan rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı, döyüş hazırlığı idi.”
    Polkovnikin fikrincə, 2020-ci il sentyabrın 27-də növbəti erməni hərbi təxribatına cavab olaraq başlayan, 44 gün davam edən və qələbəmizlə başa çatan Vətən müharibəsi dünyanın ən müasir və ən yüksək döyüş qabiliyyətinə malik Azərbaycan Ordusunun qüdrətini dünyaya nümayiş etdirib: “Lakin unutmayaq ki, hər hansı hərbi fəaliyyətin başlıca uğuru hərbi strategiya anlayışı ilə əlaqədardır. Bu mənada birmənalı şəkildə qeyd etmək istəyirəm ki, Vətən müharibəsində əldə edilən hərbi uğurumuz Ali Baş Komandanımız İlham Əliyevin qələbəsi, onun sərkərdə düşüncəsinin və strategiyasının təntənəsi idi. Məhz Ali Baş Komandanımızın düzgün strategiyası sayəsində 30 il əvvəl Azərbaycanın ərazilərinin 20 faizini işğal etmiş Ermənistan ordusu darmadağın edildi, işğala son qoyuldu, tarixi qələbə əldə edildi.”

Şəhriyar Ağagülov
Şəhriyar Ağagülov

    Dövlətimizin ordu quruculuğuna diqqət və qayğısının artilleriya qoşunlarında da daim hiss edildiyini vurğulayan müsahibimiz, həmçinin qeyd etdi ki, bu da qarşıya qoyulan bütün tapşırıqların yüksək səviyyədə yerinə yetirilməsinə imkan verirdi.
    Vətən müharibəsi günlərində Qubadlı, Füzuli, Cəbrayıl və digər istiqamətlərdə gedən döyüşlərin iştirakçısı olan Şəhriyar Ağagülovun hər kənd, hər qəsəbə, hər şəhər, hər yüksəklik erməni vəhşilərindən təmizlənəndə sevincinin həddi-hüdudu olmayıb. Sevinib ki, onun əmri ilə açılan hər atəş düşmənin mövqelərini sarsıdıb, onları darmadağın edib. Sevinib ki, məhz onun rəhbərliyi altında açılan sarsıdıcı zərbələr qəhrəman əsgər və zabitlərimizin irəliləməsinə imkan yaradıb. Bir sözlə, o heç zaman boş yerə atəş açmayıb. Yəni atdığı bütün mərmilər demək olar ki, konkret hədəfə dəyib və ürəkaçan nəticələri ortaya çıxıb. Onun bu döyüş qabiliyyəti, daha doğrusu, sərrast atışları elə müharibənin gedişatında da təqdir olunub. Belə ki, Qubadlı şəhəri azad olunanda ermənilərin kabusuna çevrilən korpus komandiri general-mayor Mayis Bərxudarov sevinc göz yaşları içində onu bağrına basaraq təbrik edib.
    Əldə etdiyimiz məlumatlara görə, Şəhriyar Ağagülov döyüşlərin planlamalarında, o cümldən Şuşa şəhərinin azad edilməsi ilə bağlı hazırlanan əməliyyatlarında da işitirak edib.

Ağagülov Şəhriyar Etibar oğlu
Ağagülov Şəhriyar Etibar oğlu

    Polkovnik Şəhriyar Ağagülov Vətən müharibəsində canlarını fəda edənləri, o cümlədən Milli Qəhrəman Şükür Həmidovu, kurs yoldaşı …Nail Orucovu dərin hüznlə yada saldı. Təəssüflə bildirdi ki, müharibə itkisiz olmur: “Bəli, müharibə, heç vaxt unudulmayan acı xatirələr, itirilmiş talelər, həyatlardır… Şəhidlərimiz torpaq uğrunda şəhidlik zirvəsinə ucalmaqla əbədilik qazandılar. Bu gün işğaldan azad edilmiş ərazilələrimizdə vüqarla dalğalanan bayraqlarımızı görəndə onların ruhuna dualar oxuyuram. Bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyiərm, hər birinin qarşısında baş əyirəm. Bir arzum var: qoy bu xalqımızın düçar olduğu son müharibə olsun!”
    Söhbətimizin sonunda polkovnik “44 günlük Vətən müharibəsində hansı döyüş daha çox yaddaşınıza həkk olunub?” sualına isə belə cavab verdi: “Şübhəsiz, bir zabit üçün hər döyüşün öz yeri var. Amma mən onlardan söz açmaq istəməzdim. Mənim yaddaşıma əbədi həkk olan əsgər və zabitlərimizin bu haqq savaşındakı əzmkarlığıdır. Bəli, Azərbaycanın qəhrəman övladları canlarını Vətənə sipər edərək yağış, soyuq, çən-çiskin bilmədən qarış-qarış, addım-addım torpağımızı azad etdilər, hər gün xalqımıza qələbə sevincini yaşatdılar. Nə üzərlərinə dolu kimi yağdırılan mərmilər, nə erməni vəhşilərinin yerə basdırdığı bombalar onların əzmini, fədakarlığını qıra bilmədi. Hətta yeri gələndə yalın əllə belə düşmən üzərinə yeridi. Elə düşməni təşvişə salan da onların bu əzmkarlığı oldu. Məhz bu əzmkarlıq illərlə faşizm xislətli erməni vandallarının tapdağı altında qalan, talan olunan, 30 il yolumuzu gözləyən ata-baba yurdumuz Qarabağı azadlığa qovuşdurdu. Yeri gəlmişkən onu da qeyd edim ki, dövlətimiz ərazilərimizin işğaldan azad olunması zamanı döyüşlərdə iştirak edən, daha doğrusu, əzmkarlıq göstərən əsgər və zabitlərimizin şücaətini yüksək qiymətləndirərək onların hər birini Vətən müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının müxtəlif orden və medalları ilə təltif edib. Mən də bu təltiflərdən kənarda qalmamışam. Şübhəsiz, bu təltiflər Vətən Müharibəsində iştirak edən hərbi qulluqçuların xidmətlərinin Prezidentimiz, Ali Baş Komandanımız tərəfindən yüksək qiymətləndirilməsinin təsdiqidir. Bu, həm də hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.”

Ağagülov Şəhriyar və Elşən
Ağagülov Şəhriyar və Elşən

    Söhbət əsnasında mən Şəhriyar Ağagülovun çöhrəsində əsla təbəssüm görmədim. Mənə elə gəldi ki, müharibənin od-alovu onun çöhrəsinə də hopub…
    Qeyd edək ki, Şəhriyarın qardaşı polkovnik-leytenant Ağagülov Elşən Etibar oğlu da Vətən müharibəsində göstərdiyi şücaətə görə “Qarabağ” ordeni, həmçinin “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medallarına da layiq görülüb. Yeri gəlmişkən qeyd edək ki, Mayis Bərxudarov döyüşlər vaxtı verilmiş tapşırıqları vaxtında və qüsursuz yerinə yetirdiklərinə görə, bu iki qardaşın şimal bölgəsindən olduqlarını və şücaətlərini nəzərə alaraq onları “Şimal pələngləri” adlandırıb. Onlar indi də bu adla tanınırlar.

Müəllif:Qvami Məhəbbətoğlu (Rəsulov)