Səkkiz yoldaş olub yola düzəldik

408

    Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən noyabrın 10-dək davam etmiş Vətən müharibəsində işğalçı Ermənistan üzərində şanlı Qələbə qazanıldı. Bu böyük Zəfər Azərbaycan tarixinə qızıl hərflərlə həkk olundu. Şübhəsiz, bu Qələbə əsgər və zabitlərimizin yüksək döyüş hazırlıqlarının, peşəkarlıqlarının sayəsində əldə edildi. Bizə zəfər yaşadan hərbi qulluqçulardan biri də həmkəndlimiz, gizir Novruzov Rəşad Lətif oğludur.

Qısa arayış

Novruzov Rəşad Lətif
Novruzov Rəşad Lətif

    Novruzov Rəşad Lətif oğlu 23 noyabr 1987-ci ildə Quba rayonunun Alpan kəndində anadan olub. 2005-ci ildə E. Bayramov adına Alpan kənd tam orta məktəbində orta təhsilini başa vurandan sonra həqiqi hərbi xidmətə çağırılıb. Daxili Qoşunların Xüsusi Təyinatlı dəstəsində xidmət edib. 2010-cu ildə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində gizir hazırlığı kursunu keçdikdən sonra Gədəbəydəki “N” saylı hərbi hissəyə göndərilib. 2011-ci ildə Xüsusi Təyinatlı Qüvvələr kursunu başa vurub. Bu müddətdə o, Türkiyədə, Gürcüstanda hərb sənətinin incəliklərinə yiyələnib. 2016-cı ilin aprelində Talış kəndi ətrafındakı yüksəkliklər uğrunda gedən döyüşlərdə iştirak edib. Bu döyüşlərdə şücaət göstərən gizir Rəşad Novruzov Prezidentin Sərəncamı ilə “İgidliyə görə” medalına layiq görülüb.

    O, işğalçı Ermənistanın cəbhəyanı rayonlarda və qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan dinc əhalimizi hədəf seçməsinə cavab olaraq sentyabrın 27-dən (2020) etibarən Azərbaycan Ordusunun başladığı qətiyyətli əks-həmlə əməliyyatlarının, daha doğrusu, Agdərə, Füzuli, Hadrut, həmçinin Murovdağ yüksəkliyi uğrunda gedən döyüşlərin də iştirakçısı olub. Bu döyüşlərdə göstərdiyi igidliyə görə isə dekabrın 18-də (2020-ci il) Prezident İlham Əliyevin imzaladığı Sərəncamla “Cəsur döyüşçü” medalı ilə təltif olunub. Qeyd edək ki, bu medal Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş əsgər və zabitlərimizə verilir.

Nə yaxşı ki…

    Rəşadın uşaqlıqdan həm furbola, həm də hərbiyə marağı olub. Az sonra onun hərbiyə olan həvəsi futbola olan həvəsini üstələyib. Dediyinə görə, bu prosesdə orta məktəbdə oxuyarkən iştirak etdiyi “Şahin” hərbi-idman oyunları, televiziya kanallarından sevə-sevə izlədiyi hərbi verilişlər, eləcə də hərbi formaya olan sevgisi böyük rol oynayıb. Odur ki, o, doqquzuncu sinifi başa vuran kimi sənədlərini Cəmşid Naxçıvanski adına hərbi litseyə təqdim edib, amma həkim komissiyasından keçə bilməyib. Onun ikinci cəhdi də uğursuz olub. Belə ki, o, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunsa da, müəyyən səbəblərdən təhsilini davam etdirə bilməyib. Buna rəğmən, Rəşad həvəsdən düşməyib, öz arzusunu reallaşdırmağa çalışıb və buna nail olub. Bu barədə söz düşəndə o belə deyir: “Nə yaxşı ki, bu yolda israrlı oldum. Nəticədə Vətənimin ağır günlərində bir peşəkar əsgər kimi öz töhfəmi verə bildim”.

Aprel döyüşlərinə baxış

    Söhbətini aprel döyüşləri ilə davam etdirən müsahibimiz bildirdi ki, Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsi kimi yaddaşlara həkk olunan Aprel döyüşləri ordumuzun peşəkarlığını göstərdi: “Həmin döyüşlər həm də ordumuzun mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi. Üstəlik, bu döyüşlər xalqımızın birliyini, həmrəyliyini bir daha göstərdi. Fikrimcə, aprel döyüşlərindən sonra sanki dünyanın aparıcı dövlətlərinin ölkəmizə olan siyasi baxışları dəyişdi. Yəni, onlar Azərbaycanın heç vaxt işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun, ərazi bütövlüyünü bərpa edəcəyini birmənalı şəkildə qəbul etdilər. Halbuki aprel döyüşlərinə qədər bizə işğalla barışan ölkə kimi baxırdılar”.

Novruzov Rəşad Lətif
Novruzov Rəşad Lətif

    O, aprel döyüşləri ilə bağlı yaddaşına həkk olunmuş bir epizoddan da söz açdı: “14 nəfərlə ermənilərin mühasirəsinə düşdük. Buna baxmayaraq, təxminən 150 nəfərdən çox düşmənə elə müqavimət göstərdik ki… Nəticədə onlar bizə yaxınlaşmağa cürət etmədilər. Biz bir şəhid verməklə mühasirəni yarmağa nail olduq. İki nəfər də yaralımız oldu. Şübhəsiz, bizi belə mübariz edən hər şeydən əvvəl Vətən sevgisi, düşməndən qisas almaq hissi idi. Mənə belə gəlir ki, Vətən sevgisi olmadan döyüşlərdə uğur qazanmaq mümkün deyil…”

    Aprel döyüşlərində yaralanmasını isə o belə xatırladı: “Aprel ayının 3-ü. Səhər saat 8:37… Biz Talış yüksəkliyində gedən döyüşlərdə şəhid olmuş 26 yaşlı gizi Qarayev Dilsuz Məmmədağa oğlunu döyüş meydanından çıxarıb mövqelərimizə doğru irəliləyirdik. Bu zaman düşmənin atdığı 82 mm-lik minaatan mərmi yanımızda partladı. Bu partlayış nəticəsində mən qapalı kəllə-beyin travması aldım. Yeri gəlmişkən, döyüş meydanından şəhidi və yaxud yaralını çıxarmaq heç də asan iş deyil. Onu da deyim ki, aprel döyüşlərindəki iştirakımla əlaqədar “İgidliyə görə”medalı ilə təltif olunmuşam”.

Vətən müharibəsindən nələr danışdı

    Sentyabrın 27-dən başlayan Vətən müharibəsinin ilk günlərində bir çox yüksəkliklər düşməndən təmizləndikdən sonra Rəşadın da olduğu 8 nəfərdən ibarət dəstə Murovdağ yüksəkliyinə doğru hərəkətə başlayıb. Orada nələrin baş verdiyini isə Rəşadın öz dilindən eşitmək maraqlı olardı: “Sözün düzü, biz ora yola düşəndə “Yeddi oğul istərəm” filmi bir anlıq gözlərim qarşısında canlandı. Orada səhv etmirəmsə, belə deyilir də: “Ayazlı, şaxtalı bir qış axşamı, Yeddi yoldaş olub yola düzəldik”. Amma biz döyüşə yollanan gün hava ayazlı, şaxtalı deyildi, bir sakit payız havası idi, özümüz də yeddi yox, səkkiz nəfər idik. Nə isə…Biz həmin əraziyə yaxınlaşanda öz hərbi biliklərimizə əsaslanaraq oranın daha təhlükəli olduğunu dərk etdik. Hava dumanlı olduğundan ətrafı yaxşı müşahidə edə bilmədik. Amma düşmən ordusunun əsgərlərinin səslərini eşidirdik. Bizə elə gəldi ki, səs uzaqdan gəlir. Amma sən demə… Komandirimiz, Cəlilabad rayonundan olan Abdullayev Rəşad Arif oğlu mövqelənməyi əmr etdi. Hamı kimi mən də özümə bir mövqe seçdim. Bu zaman birdən-birə duman anidən çəkildi. Məndən 50-60 metr aralıda dayanmış çoxlu erməni əsgərlərini gördüm… Amansız atışma başladı. Bu döyüşdə komandirimiz, həm də əsgər yoldaşım, əslən Xaçmazdan olan Orxan Daşdəmirov şəhid oldular. Dörd əsgər, o cümlədən mən yaralandıq. Sol ayağımdan 3 güllə yarası almağıma baxmayaraq, əsgər yoldaşlarım kimi mən də düşmənə cavab verməkdə davam etdim. Həmin döyüşün neçə saat getdiyini deyə bilmərəm. Amma onu deyə bilərəm ki, 5-6 nəfər düşməni susdura bildik. Qüvvəmiz, ehtiyatımız tükənmək üzrə idi. Amma biz geri çəkilmək, təslim olmaq barədə bir an belə düşünmədik. Sonradan bizə köməyə gələn dəstənin köməyi ilə düşmən darmadağın olundu”.

    Bəli, qazilərimizin söylədikləri hər bir döyüş epizodu filmləri xatırladır. Amma bu söylənənlərin hamısı gerçək həqiqətlərdir. Döyüş iştirakçılarının isə hər birinin öz qəhrəmanlıq dastanı var.

Novruzov Rəşad Lətif
Novruzov Rəşad Lətif

    Vətən müharibəsində göstərdiyi igidliyə görə “Cəsur döyüşçü” medalı ilə təltif olunan, hazırda müalicəsini davam etdirən Rəşad Novruzov söhbətini bu sözlərlə davam etdirdi: “Müharibə çox amansızdır. O heç vaxt itkisiz olmur. Mən deyərdim ki, bu böyük Zəfər ilk növbədə, qəhrəman igidlərimizin canı-qanı bahasına əldə edilib. Bu mənada bu qələbədə erməni vəhşilərinə qarşı inanılmaz şücaətlə vuruşan, öz həyatını qurban edən şəhidlərimizin rolu əvəzsizdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların qanı yerdə qalmadı. Bir xüsusi təyinatlı kimi bu zəfəri Azərbaycan xalqına yaşatdığımız üçün fəxarət hiss keçirirəm”.

    Qeyd edək ki, Rəşadın qardaşı Təbriz də müddətdən artıq xidmətdə olan hərbi qulluqçudur. Hazırda o, fəaliyyətini Şuşada davam etdirir.

Müəllif:Qvami Məhəbbətoğlu (Rəsulov)