Məclislərimizin Sultanı

88

    Kənddimizdə onu tanımayan yoxdur. Özü də ondan söz düşəndə hamı: böyük də, kiçik də bir nəfər kimi bu sadə insanı xeyir-şər adamı, başqa sözlə desək tədbirlərimizin sultanı kimi xarakterizə edir və valideynlərinə rəhmət oxuyur. Bu dəfə sizə adının mənası padşah, hökmdar, hakim, dövlət başçısı, imperator, qüdrət, qüvvət mənasında olan və öz fəaliyyəti ilə bu sözə yeni çalarlar əlavə etmiş bir şəxsin həyatından, fəaliyyətindən danışmaq istəyirəm. Yəqin duyuq düşdünüz, söhbət kəndimizin sevimli bəndəsi, xətir-hörmətini saxladığımız Sultan Məmməd oğlu Sənəliyevdən gedir.

Tərcümeyi-halından sətirlər

Sultan Sənəliyev
Sultan Sənəliyev

    Sultan Sənəliyev 25 aprel 1956-cı ildə Alpan kəndində anadan olub. 1973-cü ildə onuncu sinfi bitirdikdən sonra “Şərəf nişanı” ordenli Quba sovxoz texnikumuna (Azərbaycan Respublikası Nazirlət kabinetinin 2002-ci il 26 avqust tarixli 140 saylı qərarı ilə bu təhsil ocağının bazasında Quba Dövlət Sosial-İqtisadi kolleci yaradılıb) qəbul olunub və burada zootexnik peşəsinə yiyələnməyə başlayıb. Elə orada təhsil aldığı ildə (1975) hərbi xidmətə cəlb edilib. Hərbi xidmətdən sonra (1977) bu məktəbdə təhsilini davam etdirib. Texnikumda təhsilini başa vuran S. Sənəliyev Sabir adına meyvəçilik sovxozunun heyvandarlıq fermasında laborant kimi fəaliyyət göstərib. 1981-ci ildə Quba rayon Damazlıq Birliyinin təhkimçi-zootexnik təyin olanan S. Sənəliyev az sonra Yelenovka kəndinə təhkimçi-zootexnik göndərilib.

    1984-86-cı illərdə Türkmənistanda, 1987-1988-ci illərdə Rusiyanın Omsk şəhərində çalışıb. 1989-cu ildə Sabir adına meyvəçilik sovxozunda – Firdovsi Babayevin rəhbərlik etdiyi inşaat briqadasında usta kimi fəaliyyət göstərib. 1991-ci ildən 2021-ci ilin aprel ayınadək E. Bayramov adına Alpan kənd tam orta məktəbində təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində fəaliyyət göstərib və pensiya yaşı ilə əlaqədar əmək fəaliyyətinə xitam verilib. 2 oğul, 3 qız atasıdır.

Valideynləri – Məmməd kişi, Güllər xanım… və Nataşa xanım

Sultan Sənəliyevin valideynləri
Sultan Sənəliyevin valideynləri

    Sultanın atası – sovet dönəminə qədər rəncbər, sövet dönəmində isə kolxozda fəhlə kimi çalışan Məmməd Sultan oğlu (1895-1981) Böyük Vətən müharibəsinə qədər iki dəfə ailə qurub. Onun Giləvər adlı birinci həyat yoldaşından övladı olmayıb. Çox sevdiyi bu qadının vəfatından sonra Məmməd kişi ikinci dəfə evlənmək məcburiyyətində qalıb. İkincidən, daha doğrusu Fatma xanımdan 2 oğlan uşağı dünyaya gəlib, amma onlar erkən yaşlarında vəfat ediblər. Az sonra Fatma xanım da dünyasını dəyişib. Bu olaylar Məmməd kişini bədbinləşdirib. Deyilənlərə görə, elə onun Böyük Vətən müharibəsinə könüllü yollanması da bununla əlaqədar olub. Ön cəbhədə (Ukraynada) vuruşan Nataşa (1903-1982) adlı bir xanıma mehrini salan Məmməd kişi müharibədən sonra onunla ailə qurub və bir müddət Ukraynada yaşayıb. Onun orada yaşaması da ön cəbhədə sənədlərini itirməsi ilə əlaqədar olub.

    1948-ci ildə Məmməd kişi qohum-qardaşından heç bir soraq ala bilməyən Nataşa xanımla kəndimizə qayıdıb. (Yeri gəlmişkən onu da qeyd edək ki, Nataşa xanım sağlığında Məmməd kişidən həmişə razılıqla danışardı). Nataşadan övladı olmayan Məmməd kişi günlərin bir günü kənd sakinlərindən birinin: “Övladın yoxdur, sən öləndən sonra yurdunda kim qalacaq?” sözlərindən möhkəm sarsılıb, hətta göz yaşlarına hakim ola bilməyib. Nataşa xanım onun göz yaşlarının səbəbini soruşsa da, Məmməd kişi ürəyinə qılınc kimi saplanan və çəkib-çiləyə bilmədiyi bu “ittiham” barədə ona heç nə deməyib. Onun bu vəziyyətini özünə dərd edən Nataşa xanım qonşulardan bunun səbəbini birtəhər öyrənib. Nataşa xanım bir sınıq qəlbi sevindirmək üçün bir qədər fikirləşəndən sonra elə həmin gün Məmməd kişinin əmisi oğlu Bəyaz Məhəmməd oğlu Şıxseyidovla məsləhətləşib. Bu məsləhətləşmədən, daha doğrusu, Nataşa xanımın təhriklərindən sonra Məmməd kişi ötən əsrin 50-ci illərinin əvvəlində Maarif müəllimin müharibədən qayıtmayan əmisi Mövludun həyat yoldaşı, Bədirnisə adlı bir qız övladı olan Güllər (1915-1995) xanımla növbəti dəfə ailə qurub. Bu izdivacdan 3 uşaq – Roza (1954), Sultan (1956), Hürü (1958) dünyaya gəlib.

    Şərafəddin Dadaşovun yaddaşından :Məmməd kişi Kürkünlülər icmasındandır. Onun Əşrəfi adlı bir bacısı da olub. Bu xanım iki dəfə ailə həyatı qurub. Birinci həyat yoldaşı Minətulla Ağayevin əmisi Ağamirzə olub. Ondan iki övladı (Balamirzə və Bədirnisə) düynaya gəlib. Sonradan isə yuxarıbaşlı Cəllad adlı şəxsə ərə gedib və ondan Nəcməddin adlı övladı olub. Qeyd edək ki, Nəcməddin Respublika xəstəxanasında həkim-rentgenoloq kimi çalışıb.Müseyib, Baba, Oruc, Məhəmməd (Bəyaz kişinin atası), Pəhləvan, Elcan Məmməd kişinin əmiləri olub”.

    Sultan Sənəliyevin xatirələrindən: “Anam Güllər xanım sovxozda sağıcı kimi fəaliyyət göstərərdi. Bizim qayğılarımızla Nataşa xanım daha çox məşğul olardı. Hətta mən deyərdim ki, bizim boya-başa çatmağımızda Nataşa xanımın daha çox zəhməti olub. O bizi çox sevərdi, bizə öz övladı kimi baxardı. Odur ki, ona “mama” deyərək müraciət edərdik. Öz anam Gülləri isə “ana” deyıb çağırardıq”.

    Maarif Əmkişiyevin yaddaşından: “Nataşa xanım onlara öz balaları kimi baxardı. Elə bu səbəbdən də Sultangil Güllər xanımdan çox Nataşanı istəyirdilər”.

    Kəndimizin mollası Yaşar Həmidov: “Məmməd kişi və onun ailəsi yaddaşıma nikbin notlarla həkk olunub. Hətta qonşuluğumuzda yaşayan (bizim evimizin yanında onun birmərtəbəli evi vardı) Məmməd kişinin bizə öz eşşəyi ilə minnətsiz-filansız quru odun gətirməsi, Nataşa xanımın adətlərimizə yüksək sayqı göstərməsi, Güllər xanımın alicənablığı indiyədək yadımdadır. Məmməd kişi, Güllər xanım həm də qohumcanlı idilər. Eşitdiyimə görə, o, Zərifə müəllimgili də paxla şaxı ilə təmin edərdi. Şəxsən mən onları həmişə rəhmətlə xatırlayıram. Yeri gəlmişkən onu da deyim ki, Nataşa Yuxarı qəbiristanlıqda Məmməd kişinin yanında dəfn olunub”.

    Zərifə müəllimənin qızı Zöhrə Qasımovanın xatirələrindən: “Nataşa və mənim yaşca böyük xalam olan Güllər illər uzunu əgər belə demək mümkünsə, bir damın altında, eyni evdə yaşayıblar. Hətta Nataşa ona günü (arvadın üstünə alınan ikinci və ya üçüncü arvad) kimi baxmayıb. Aralarında, münasibətlərində çox səmimilik olub. Hə, bir məsələni də qeyd edim. Mən həmişə şən görünən Sultanla eyni sinifdə oxumuşam. Digər fənləri ortabab oxuyan Sultan rus dili dərslərində meydan sulayardı. Hətta əgər belə demək mümkünsə, biz yaxşı oxuyan şagirdlər ondan kömək istərdik. Şübhəsiz, onun rus dilini yaxşı bilməsi analığı Nataşa ilə aralarında olan səmimiliyin əsil göstəricisi idi ”.

Haşiyə

Sultan Sənəliyev
Sultan Sənəliyev

    Güllər Balayeva fəal qadın olub. O dövrün mətbuatında onun işgüzarlığından, ictimai fəallığından da bir neçə dəfə söz açılıb. Məsələn, yanvarın 12-də Alpan kənd orta məktəbinin binasında Səid Rüstəmovun Azərbaycan Ali Soveti deputatlığa namizəd göstərilməsinə həsr olunmuş yığıncaqla bağlı hazırlanmış bir məqalədə belə bir cümlə var: “Sonra Sabir kolxozunun sədri Bəyaz Şıxseyidov staxanovçu kolxozçu qadın Güllər Balayeva, kolxozçu Ömər Əhmədov, kənd orta məktəbinin müəllimi Camal Balayev və başqaları öz çıxışlarında Səid Rüstəmovun Azərbaycan Ali Soveti deputatlığına namizəd göstərilməsinə qızğın tərəfdar oldular”. Buradan bir daha aydın olur ki, Güllər xanım o zamanlar staxanovçu kimi tanınıb. O zamanlar sosializm yarışlarında adi istehsalat normalarını çox-çox ötüb keçənlər staxanovçu (Aleksey Staxanov şaxtaçı olub, əmək sahəsində elə bir rekord əldə edib ki, rekorduna yaxınlaşan adama onun adı ilə staxanovçu deyərdilər) kimi tanınardılar.

Elə bir toy, yaxud şər məclisi olmasın ki…

    Bəli, Sultan ailənin arzu olunan övladı olub. Amma onun ərköyünlüyü olmayıb, sakit, sözəbaxan uşaq kimi tanınıb. O, atası Məmməd kişidən, anası Güllər xanımdan, analığı Nataşa xanımdan görüb-götürdükləri ilə özünü zəhmətə, xeyrixahlığa, insanlara əl tutmağa, insanların sevincinə sevinməyə, kədərinə üzülməyə, bir sözlə həyata kökləməyi bacarıb. Özü də o, bu kimi həyati dəyərləri heç zaman nələrə isə qurban verməyib. Bütün bunları bir neçə misalla diqqətinizə çatdırmağı özümə borc bilirəm. 1989-cu ildə məktəbin direktoru Şıxıyev Rayub, müəllimlər-Ağagülov Etibar, Balayev Malik (Allah onlara rəhmət eləsin) və o vaxt təsərrüfat müdiri vəzifəsində çalışan Vasif Balayev onu ibtidai məktəbin təmirinə cəlb edəndə Sultan Sənəliyev onların qarşısında belə bir şərt qoyub: “İş öz yerində, amma mən günün istənilən vaxtında kəndimizin xeyir-şər məclislərinin iştirakçısı olacağam”. Onun bu təklifi razılıqla qarşılanıb.

    Bəli, xeyir-şər adamıdır Sultan Sənəliyev – heç vaxt xeyir-şərdən qalmaz… Elə bir toy, yaxud yas məclisi olmasın ki, Sultan Sənəliyev orada görünməsin. Sultanın belə tədbirlərdəki hərəkətlərini izləyən bir şəxs kimi deyə bilərəm ki, o bu məclislərdə sidq-ürəklə iştirak edir, toyda toy sahibinin sevincinə, yasda isə yas sahibinin kədərinə şərik olur. Bəzən mənə elə gəlir ki, onsuz keçirilən toy, yas o qədər də urvatlı olmur. (Yeri gəlmişkən onu da qeyd edim ki, Sultan gözəl rəqs etməsi ilə də yaddaşıma həkk olunub).

    Günlərin bir günü Sultan Sənəliyevdən soruşdum ki, heç bir tədbirdən qalmırsınız, belə tədbirlərdə iştirakınızı kimsə sizə vəsiyyət edib? O: “Yox, dedi və əlavə etdi.- Bu mənim öz daxili aləmimdən gələn bir istəkdir. Mən bunları kiməsə özümü göstərmək üçün etmirəm. Bütün bunlarla həm də savab qazanıram. Bildiyiniz kimi, savab isə xeyirli, yaxşı bir iş görmə anlamındadır. Peyğəmbərimiz də buyurub ki, hər bir kəsin dəyəri onun gördüyü savab işlər və xeyirxah əməllərlə ölçülür”.

Kim bilir

Sultan Sənəliyev məktəb kollektivi ilə
Sultan Sənəliyev məktəb kollektivi ilə

    Sultan Sənəliyev yüksək təşkilatçılıq bacarığı olan şəxsdir – onun gördüyü işlərdən kimsə şikayətçi olmaz. Yuxarı qəbiristanlıqda aparılan abadlıq işləri də Sultan Sənəliyevin adı ilə bağlıdır. Belə ki, 5 hektara yaxın həmin qəbiristanlığın dörd bir tərəfinin mal-qaradan qorumaq məqsədilə setkaya (dəmir toru) alınması, orada inşa olunmuş quruluqların suvanması, oturacaqların qoyulması (2019-2020), qəbiristanlığın ərazisinin bir qədər genişləndirilməsi (2021) məhz onun təşkilatçılığı sayəsində baş tutub. Yeri gəlmişkən qeyd edək ki, belə işlərdə o, öz şəxsi vəsitini də əsirgəməyib. Belə ki, elə həmin qəbiristanlığın ərazisinə çəkilmiş 100 metr setka onun şəxsi vəsaiti hesabına alınıb.

    Kənd məscidinin imamı Bədəl Bədəlovun sözlərinə görə, Sultan Sənəliyev məscidin təmir işlərində də yaxından iştirak edib: “Bu mənada onun xeyirxah əməlləri çoxdur, hətta deyərdim ki, sadaladıqca bitməz. Kim bilir, Allahla öz arasında hələ nə qədər xeyirxah əməlləri gizli qalıb…”

“Məsləhət” görülməyib

    Sultan Sənəliyev kəndimiz üçün daha çox işlər görmək qabiliyyətinə malik insandır. Lakin heç bir rəsmi səlahiyyəti yoxdur. O bunu reallaşdırmağa da cəhd edib. Belə ki, 2009-cu ildə keçirilən bələdiyyə seçkilərində namizədliyini irəli sürüb və kifayət qədər də səs toplayıb. Sultan Sənəliyev söhbətlərində bunu Alpan kənd camaatının ona verdikləri dəyər kimi qiymətləndirib. Ancaq nədənsə onun kənd bələdiyyəsinin sədri kimi fəaliyyət göstərməsi “məsləhət” görülməyib. Halbuki kimsənin qarşısında əyilməyən, tələbkarlığı ilə seçilən, əgər belə demək mümkünsə, camaatın dilini yaxşı bilən, bir çox insanlara örnək olan Sultan Sənəliyev kənd üçün çoxlu işlər görə bilərdi.

İctimai çəkiyə malik ağsaqqal

    Sultan Sənəliyev istiqanlıdır, mehribandır – nə vaxt yanına getsən, ətrafında dostlarını görəcəksən… Sultan Sənəliyev insanlıq naminə atılan hər bir addıma dəyər verəndir – kimsə onun diqqətindən kənarda qala bilməz. Sultan Sənəliyev işlədiyi kollektivin hörmətini qazanan şəxsdir. Elə sonuncu iş yerindən, yəni Mehparə Rüstəmovanın rəhbərlik etdiyi E. Bayramov adına Alpan kənd tam orta məktəbində onun təmtəraqla, başqa sözlə desək, adına layiq yolasalınma mərasimi də bunu bir daha təsdiq edir. Bu tədbirdə on məktəbin adından təşəkkürnamə, həm də hədiyyə də verilib.

Haşiyə

Sultan Sənəliyev
Sultan Sənəliyev

    Elşad Bayramov adına Alpan kənd tam orta məktəbinin direktoru Mehparə Rüstəmova: “Sultan Sənəliyev məktəbimizdə direktor olmuş Rayub Şixəliyev və Rahib Qubatovla uzun müddət birgə çalışıb. Mən isə onunla iki tədris ili işləmişəm. O həqiqətən çox zəhmətkeş insandır. Hətta mən deyərdim ki, köhnə məktəblərimizin maddi-texniki baza baxımından hazırda günün tələblərinə cavab verməsində onun danılmaz xidmətləri vardır. Öz xeyirxahılığı, mehriban rəftarı, haqqın tərəfində olması ilə həmişə seçilən Sultan dayı təsərrüfat işləri üzrə direktor müavini olmasına baxmayaraq, onu sinifləri təmizləyən xadimələr üçün vedrə ilə su gətirən də görmüşəm. Sözün düzü, yaş məsələsi ilə əlaqədar onun məktəbdən ayrılmasını istəmirdim. Hətta Sultan Sənəliyevin məktəblə olan müqaviləsini bir qədər uzatmağa cəhdlər də etdim. Amma icazə vermədilər. Bildirdilər ki, texniki heyətə daxil olanların məktəblərdə fəaliyyət göstərmələri üçün 65 yaş nəzərdə tutulub”.

Camaatımız kasıb olsa da…

    Sultan Sənəliyevin dediklərindən:Mən bir vətəndaş kimi bəzilərinin gördükləri işlərdən də söz açmaq istəyirəm. Bildiyiniz kimi, Yuxarı qəbiristanlıqa (Subaba qəbiristanlığında) iki quruluq inşa edilib. Onlardan biri Həmdulla kişinin övladları – Murad, Əmrulla, Əhrulla Muradovların, ikinci isə Fazil kişinin övladları – Fariz, Ramiz və Emin Mustafayevlərin vəsaitləri hesabına ərsəyə gətirilib. Belə xeyirxahlarla bir kənd sakini kimi mən də qürur duyuram. Həmin quruluqların suvanmasında cani-dildən iştirak edən suvaqçılar: Daşqın, Qoşqar Novruzov qardaşlarının, Zaur Tağıyevin, Minhac Dadaşovun, Aqşin və Şahin Musayev qardaşlarının, sürücülər: İsfəndiyar Xəlilovun, Bakir Şahbazovun, Mədət Muradovun, Söhbət Söhbətovun, qaynaqçılar: Mirəli Ağarzayevin, Fəqamil Bədəlovun, Cəmşid Ələsgərovun, Mərdan Qaflanovun adlarını da çəkmək istərdim. Qəbiristanlığın gözətçisi Əmrah Heybətovu da öz köməyini əsirgəməyib. Onu da deyim ki, bizim kəndin camaatı kasıb olsa da, səxavətlidir. Gərək onları aldatmayasan, bu və ya digər məqsədlə yığılan pulları dəqiqliklə lazımi işlərə yönəldəsən. Şəxsən mən belə edirəm. Hətta bu və ya digər işin sonunda akt tərtib etməklə camaata hesabat da verirəm. Bu işləri indi də davam etdirirəm.

    Bir məsələyə də toxunmaq istərdim. 1989-cu ilin yay aylarında ibtidai məktəb binasının dam örtüyünü inşaat briqadamız tərəfindən təmir olunub. Həmin təmirdə Nəsrulla Camalov, Mizafəddin Balayev, Cəmilə Şahmuradova, Hənifə Vəliyeva, Hacıməmməd Ağasıyev, Firdovsi Babayev cani-dildən çalışıblar. Həmin məktəb binası 2000-ci ildə isə birinci bələdiyyə seçkilərində bələdiyyə sədri seçilmiş Fazil Mustafayev tərəfindən əsaslı təmir edilib. Bu təmir işində isə Hacıməmməd Ağasıyev, Ərzuman Dadaşov, Abdulrəhman Babayev iştirak ediblər. Mən kəndimizlə fəxr edirəm. Kəndimin yaşlıları atam, oğlanları qardaşım, qızları bacımdır, anaları isə baş tacımdır. Mənim amalım belədir”.

    Bəli, Sultan Sənəliyev kəndinə çox bağlı vətəndaşdır. Onun üçün Vətən yurddan başlayır. Bütün bunları götür-qoy edəndə belə qənaətə gəlmək olar ki, o, ictimai çəkiyə malik bir ağsaqqaldır. Elə bu kimi əməlləri ilə bütün Sənəliyevlərə (Məmməd kişinin babasını adı Sənəli olub, elə soyad da onun adı əsasında qəbul edilib), eləcə də onların yaxınlarına rəhmət oxutdurur.

Övladlarından biri və yaxud qazimiz Eldost

Eldost Sənəliyev
Eldost Sənəliyev

    Traktorçu Sədrəddin kişinin qızı İradə xanımla ailə həyatı qurmuş Sultanın 5 (2 oğul, 3 qız) övladı var. Qızlarının 3-ü də evdar qadınlardır. Böyük oğlu Elcan kəndimizdə ibtidai sinif müəllimi kimi çalışır. Kiçik oğlu baş gizir Eldostdan isə bir qədər ətraflı söz açmaq istərdim.

    Sənəliyev Eldost Sultan oğlu 22 iyul 1980-ci ildə Quba rayonunun Alpan kəndində dünyaya göz açıb. Orta məktəbi başa vurandan sonra (1986-1997) o, 1998-2000-ci illərdə Murovdağdakı hərbi hissədə hərbi xidmətdə olub. 2001-ci ilin fevralından 2001-ci ilin iyul ayınadək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində gizir hazırlığı xüsusi kurs keçən Eldost 2001-2003-cü illərdə hərbi hissələrin birində xüsusi qrup komandiri vəzifəsində çalışıb.

    2003-cü ildən 2014-cü ilə kimi Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) müxtəlif vəzifələrdə fəaliyyət göstərib. 2014-cü ilin aprel ayında öz xahişi ilə XTQ-in cəbhə bölgəsində yerləşən hərbi hissəsinə təyinat alıb və orada snayper taqımının komandiri və kəşfiyyat taqım komandirinin müavini vəzifələrində çalışıb.

    O, 2015-ci ilin aprel ayından 2016-cı ilin aprel ayına kimi kəşfiyyat taborunda alpinizm hazırlığı üzrə təlimatçı vəzifəsində xidmət edib. 2016-cı ilin aprelində Füzuli rayonunda yerləşən hərbi hissənin tərkibində Lələtəpə döyüşlərində iştirak edib. Və həmin hərbi hissədə motoatıcı bölüyün starşinası vəzifəsinə təyin olunub. 2017-ci ilin avqust ayının 17-də Müdafiə Nazirinin müvafiq əmri ilə 181 nömrəli hərbi hissənin 3-cü motoatıcı taborunun minaatan bateriyasını starşinası kimi fəaliyyət göstərib. O bu vəzifədə 2019-cu ilin may ayının 10-na kimi çalışıb. 2019-cu ilin may ayının 10-da Müdafiə Nazirinin əmri ilə Qusar rayonunda yerləşən hərbi hissənin maddi-texniki təmina bölüyünün starşinası təyin olunub.

    Bu illər ərzində o, komando, paraşüt atlayışı, xizək, amfibiya, xüsusi riskli bina əməliyyatları (küçə döyüşləri), alpinizm kurslarında da bu sahələrin incəliklərinə yiyələnib. Ordu sıralarındad göstərdiyi xidmətlərə görə o, Azərbaycan Respublikasının yubiley medalı (2014), Qüsursuz xidmətə görə üçüncü dərəcəli medal (2015), Silahlı Qüvvələrin 95 illiyi yubiley medalı (2016), Qüsursuz xidmətə görə ikinci dərəcəli medalı (2019), Azərbaycan Ordusunun 100 illik yubiley medalı (2019), Türkiyə Respublikasının “Aypara Yıldız” döş nişanı (2014) ilə mükafatlandırılıb. O həmçinin Türkiyə, İsrail və Norveçdə keçirilən hərbi təlimlərdə iştirak edib.

    44 günlük Vətən müharibəsində Eldost Sənəliyev Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib. O, 2020-ci ilin noyabr ayının 5-də Xocavənd rayonu uğrundakı döyüşlərdə sol ayağından yaralanıb. Elə bu səbəbdən Şuşanın işğaldan azad edilməsində iştirak edə bilməyib. Halbuki bu müqəddəs məkanı da erməni daşnaklarından təmizləmək onun ən böyük arzusu idi. Prezidentin sərəncamları ilə döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirməsi ilə əlaqədar “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub. Hazırda ehtiyatda olan baş gizirdir.

Müəllif:Qvami Məhəbbətoğlu (Rəsulov)