Qürbət eldə keçən qocalıq

135
Həbib müəllim
Həbib müəllim

    Quba rayonunun Alpan kənd orta məktəbində 50 il dərs demiş və əksəriyətimizin müəllimi olmuş 90 yaşlı qocaman həmkəndlimiz Hümbətov Həbib Seyfəddin oğlu 1932-ci ilin 12 mayında Alpanda dünyaya gəlib. Atası 2-ci dünya müharibəsində alman faşistlərinə qarşı döyüşlərdə həlak olan Həbib də 1949-cu ildə kənd orta məktəbini bitirib 2 il sovet ordusu sıralarında hərbi xidmət keçmişdir. O, 1953-57-ci illərdə APİ-nin fizika-riyaziyyat fakultəsində ali təhsil alaraq 1958-ci ildən 2008-ci ilədək Alpan kənd orta məktəbində müəllim işləmişdir.

    Kəndimizin Hümmətlər kimi köklü nəslinin nümayəndəsi olan Həbib müəllim 1958-ci ildə  qonşu kənddən evlənərək ailə həyatı qurmuş və 48 illik evlilik həyatında 4 övlad böyüdüb uzaq diyarlara yola salmışdı…

    O, 1992-ci ildə 60 yaşında təqaüdə çıxsa da, 1993-cü ildə Əmək veteranı medalı ilə təltif edilsə də daha 15 il müəllimlik fəaliyyətini davam etdirmişdir.

Həbib müəllim
Həbib müəllim

    Sinifdə şagirdlər şuluq salanda, sakitliyi pozanda “aranızda yuxarı kəndlərdən gələn var?!”-deyə, məktəbimizin yuxarı siniflərində sakinləri təhsil alan Qalaxudatla birgə beş (Susay, Gərəy, Uzunmeşə, Kürkün) kəndə işarə etməklə səs-küyün səbəbini soruşar və sonrasında da “Atdan at olar, … qoduq” məsəlini çəkməklə “bilinməyən baiskarı” tənbeh edərdi .

    İşlədiyi müddətdə xeyli savadlı şagirdlərin və gələcəyin peşəkar mütəxəssislərinin yetişməsində əməyi olan Həbib müəllim hal-hazırda Moskva şəhərində, oğlu Ceyhunun himayəsində ömür sürməkdədir. Allahdan ona can sağlığı və 90 yaşını Vətəndə də qeyd etmək qisməti arzulayırıq.

Hörmətlə, şagirdiniz C.A.Albantürk.