Vətən aşiqi

498
Ələskər Ələskərov
Ələskər Ələskərov

    Onun haqqnda ilk dəfə mənə riyaziyyatın sirlərini aşılamış dəyərli müəllimim Abdulməcid müəllim danışıb. O, özünün savadlı şagirdləri sırasında ilk sırada onun adını çəkirdi həmişə. Adətən Abdulməcid müəllim savadlı şagirdlərindən danışmaqla bizi dərsə motivasiya etmiş olurdu.
    1992-ci ildə, mən 5-ci sinifdə oxuyarkən onu Abdulməcid müəllimin sayəsində qiyabi olaraq tanıdım. Amma onun üzünü bir dəfə də olsun görməmişdim. Abdulməcid müəllim bizə məktəbi qurtaranadək hər dəfə onun adını çəkir, onu nümunə göstərirdi (əslində bir neçə nəfər haqqında da danışırdı, bilmirəm nədənsə onu xüsusi vurğulayardı). Onun haqqında Abdulməcid müəllim danışdıqca izah etmək istəyirdi ki, riyaziyyat bütün elmlərin açarıdır. Bu açarın dilini yaxşı mənimsədiyinə görə Ramazan kişinin oğlu texniki ali təhsilini bitirdikdən sonra hüquq təhsili də alıb.

O,kimdir?

Ələskər Ələskərov
Ələskər Ələskərov

    Ələskər Ramazan oğlu Ələskərli 26.12.1968-ci ildə Quba rayonunun Alpan kəndində anadan olmuşdur. 1986-cı ildə Alpan kənd orta məktəbini bitirdikdən sonra ali təhsilini 1986-1993-cü illərdə Azərbaycan Texniki Universitetində almışdır. 1987-1989-cu illərdə Sovet Ordusu sıralarında əsgərlik xidmətini yerinə yetirmişdir. 1992-ci ildə Azərbaycan Milli Ordusunun ilk briqadaları formalaşdığı zaman könüllü cəbhəyə getmişdir. Müharibə veteranıdır.
    1993-97-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil almış və oranı qırmızı diplomla bitirərək təhsilini davam etdirmək üçün Türkiyəyə getmişdir. 1998-2000-ci illərdə Mərmərə Universiteti Sosial Elmlər İnstitunun Dövlət Hüququ proqramında iki illik magistratura təhsilini alaraq “Azərbaycan Konstitusiyasında dövlət sistemi və əsas ünsürləri” mövzusunda dissertasiya

1987. Manglisi. Gürcüstan. Sovet Ordusu Silahlı Qüvvələri Həftə sonu
1987. Manglisi. Gürcüstan. Sovet Ordusu Silahlı Qüvvələri Həftə sonu

yazmışdır. 2007-ci ildə Ankara Universiteti Sosial Elmlər İnstitutunun Dövlət Hüququ proqramında təhsilini davam etdirmiş və “Post Sosialist ölkələrdə siyasi rejim dəyişmələri” mövzusunda dissertasiya müdafiə edərək dövlət hüququ sahəsində doktorluq ünvanını almışdır. Doktoranturadan sonra Azərbaycanın Ayna və Zerkalo qəzetlərinin Türkiyə təmsilçisi işləmiş, eyni zamanda müxtəlif strateji tədqiqatlar mərkəzlərində ekspert, baş mütəxəssis və şöbə müdiri işləmişdir.
    2011-ci ildən etibarən Karabük Universiteti Beynəlxalq əlaqələr kafedrasının müdiri vəzifəsində işləyir. Rusiya, Qafqaz və Orta Asiya ilə bağlı, eyni zamanda təhlükəsizlik, geopolitika, hüquq və tarixlə bağlı onlarla kitab, 180-dən çox məqalə, elmi məruzə və s. müəllifidir.

3-cü sinif,1979 Zahir müəllimin sinfi
3-cü sinif,1979 Zahir müəllimin sinfi

Şair təbiətli hüquqşünas
    “Mən nə yazıçıyam, nə də şair. Sadəcə yaxşı bir oxucuyam. Bu oxuma həvəsi bəzən misraları doğur içimdə” deyən Ələskər bəyin gözəl qələminin olması çoxumuza sirr deyil. Bəzən hisslərini, duyğularını, Vətən sevgisini və hətta nisgilini qələmə alan Ələskər bəyin şeirləri sadəliyi ilə zövq verir. Onun ana dilimizdə və ana dilimiz qədər gözəl bildiyi Türk dilində yazdığı misralarda bir gözəllik, bir həzinlik var.
Uçur mısralarım kelebek gibi,
Dönüyor beynimde, düşüncelerde
Aklım, alevlenmiş bir mum misali
Yanıp yok oluyor, son gecelerde…
    Ələskər bəyin şeirlərində fəlsəfi fikirlərə də rast gəlirik. O, fəlsəfi fikirləri bədii ifadələrlə misralara ustalıqla köçürməyi bacarır. “Həyat nədir?” sualına cavab tapmağa çalışdığı kimi:
Hayat nedir,
Her kes için farklı bir hikâyet
Kimisine tatlı masal,
Kimisine acı dolu rivayet
Bazen her anı heder
Dopdolu keder
Böylece akıp gider…
    Onun “Ata ocağı” şeirini oxuyanda gözlərin önündə bir səhnə canlanır. Ələskər bəyin uşaqlıq illərinə gedirsən. Orada balaca Ələskər var. Onun uşaqlıq xəyalları, arzuları ilə qarşılaşırsan. Ana, ata duaları və daha nələr…Qonaqlı-qaralı evləri var. Uşaqlarla dolu, səsli-küylü məhəllə və
Karlı geceleri karanlıktı, uzunca
Kışları gaz lambasında,
Yazları ay ışığında
Aydınlanan eyvanı vardı.
Hava kararınca…
    Vətən aşiqi Ələskər bəyin şeirlərində bir nisgil də var sanki. Vətən həsrətli misralarını oxuduqca qürbətdə yaşayan bir insanın hisslərini duymamaq mümkün deyil. Baxmayaraq ki, Türkiyə bizə yad ölkə deyil, amma Ələskər bəyin “Bir məktub gözlədim” şeiri sanki bir Vətən istəyi, arzusu ilə qələmə alınıb.

Ələskər Ələskərov
Ələskər Ələskərov

Bir məktub gözlədim dünən uzaqdan
Gözlərim yollarda, könlüm həsrətdə
Bir məktub gözlədim doğma diyardan
Bəlkə gələcəkdir, varsa qismətdə
***
Məktubu açmadan, basıb bağrıma
Dərin fikirlərə dalmaq istərəm
Göylərdə quş kimi qanadlanaraq
Elimə, yurduma uçmaq istərəm…
    Xarici dillərdən türk dilinə çevirdiyi şeirləri isə başqa bir aləmdir. Məşhur rus və ukraynalı şairlərin şeirlərini türk dilinə çevirən Ələskər bəy özbək dilindən də tərcümələr edir.

Vətən sevgisi

Birinci Qarabağ savaşında Əli bəy döyüş yoldaşları ilə
Birinci Qarabağ savaşında Əli bəy döyüş yoldaşları ilə

    O, bir müsəlləh əskərdir. Birinci Qarabağ savaşında onun silahı avtomat idi. Yağı düşmənin torpaqlarımıza hücum etdiyi ilk günlərdən könüllü olaraq əlinə silah aldı və döyüşlərdə iştirak etdi. Ağır döyüşlərin iştirakçısı olan Ələskər bəy Vətən torpaqlarının düşmən tapdağında qalması ilə barışa bilmirdi. O, torpaqlarımızın geri alınacağı günün gələcəyinə əmin idi. O bilirdi ki, ordumuz, əsgərimiz xoş günləri bizə yaşadacaq.
    Vətən müharibəsi başlayanda ən çox sevinənlərdən oldu o. Döyüşlərin getdiyi vaxtlarda verilən qərarlar bəzən məni və mənim kimi sadə insanları narahat etdiyi anlarda, o bunun bir taktiki gediş olduğunu deməklə və peşəkar şərh verməklə inamımızı artırırdı. Onun qısa və aydın yazıları yaranmış mənzərəni təsvir etməyə kömək olurdu. Mən və mənim kimi onlarla izləyicisi onun hər gün yazdığı şərhləri gözləyirdik. Bəli, Zəfərlə bitən İkinci Qarabağ savaşında Ələskər bəy söz, informasiya savaşında ona olan təpkilərə baxmayaraq vuruşdu və qalib gəldi. Sosial şəbəkələrdə Vətənimizin harayına hay verdi. Müxtəlif diskusiyalar təşkil etdi və bizim yolumuzun haqq yolu olduğunu çatdırdı dinləyicisinə, onu izləyənə. O, gecə-gündüz durmadan, usanmadan çalışdı. Bütün bunlar onun Vətənə hədsiz sevgisindən qaynaqlanırdı.

Onun güc qaynağı

Ələskər bəy, Mahirə xanım və İlkin R.Balayev
Ələskər bəy, Mahirə xanım və İlkin R.Balayev

    Ələskər bəyin həmdəmi, ona çətin yollarda yoldaşlıq edən həyat yoldaşı Mahirə xanımı da unutmamalıyıq. “Hər uğurlu kişinin yanında bir güclü xanım var” deyiblər. Ələskər bəyin də yanında onunla çiyin-çiyinə addımlayan gözəl Mahirə xanımın olması onun bir avantajıdır. Ələskər bəyin şair təbiətli olmasının bir neçə səbəbi var zənnimcə. Onun təbiət vurğunu olması, Vətən sevgisi və bəlkə də ən əsası Mahirə xanımın onun yanında olması onu şair təbiətli edib.
Sonuncu görüşümüzdə Mahirə xanım Ələskər bəydən gileyləndi: “Ələskər özünə vaxt ayırmır, özünü çox yorur, istirahət etmir”. Bu sözlərə gülümsəyən Ələskər bəy Mahirə xanımın düz dediyini təsdiqlədi. Aydındır ki, araşdırmaçı insanların istirahət zamanları az olur. Amma güc qaynağı olan Mahirə xanımın gileyində bir həqiqət var, Ələskər bəy, istirahət də lazımdır.

Xeyirxah insan

Ələskər Ələskərov
Ələskər Ələskərov

    “Yaxşılıq elə, at dəryaya, balıq bilməsə, xaliq bilər” deyib atalarımız . Yaxşılıq etmək, xeyirxah əməllərə sahib olmaq böyük işlərdir. Mənim təfəkkürümdə ən xeyirxah iş öyrətməkdir. Elm öyrətmək, sənət, peşə və digər lazımi şeyləri öyrətmək. Bu işlərin sahibi müəllimdir. Ələskər bəy də bir müəllimdir. O, yüzlərlə insanın elmli olmasına yardımçı olmuşdur. Çalışdığı qardaş Türkiyə Cumhuriyyətində o, bir nüfuz sahibidir bu işdə. Bu onun bizim qismən bildiyimiz işlərindən biridir. Kəndimiz, onun ata,ana yurdu Alpan üçün də gördüyü işlər az deyildir. Bu barədə o, özü danışmaq istəmir.
Ələskər bəy bir zamanlar siyasi arenaya da baş

Ələskər Ələskərov
Ələskər Ələskərov

vurmuşdu. Bu onda pis də alınmırdı. Hətta millət vəkili də olmaq istədi. Millət vəkili ola bilmədi, amma millətinin vəkili oldu. Ələskər bəyə də elə bu bəs edirdi. Xalqın sevgisi onun üçün hər bir vəzifədən üstün idi.
    Ələskər bəy bugün yorulmadan çalışır. Elmi araşdırmalar aparır. Onun evində onun yolunun davamçısı da var. “Ot kökü üstündə bitər” deyiblər. Qızı Sara xanım da Ələskər bəydən aldığı ilk təhsilini davam etdirib inkişaf etmək və millətimizə layiqli övlad olmaq qərarındadır.
    Vətən öz igid oğulları ilə tanınar. Uşaqlıqdan qiyabi tanıdığım bir insan ilə əyani görüşlərimizin olması, gördüyüm hər bir işə münasibət bildirib biganə qalmamsı onun böyüklüyünün göstəricisidir. Ətrafımda belə böyük insanların olmasından çox şeylər əldə edirəm.

Müəllif: İlkin R. Balayev