Zənginliyin işığında

1862

Sənə hər kimsə elm edər təlim,
Ona vacibdir eyləmək təzim.
Seyid Əzim Şirvani.

    Mənim üçün həyatda ən uca adlardandır müəllim adı. Bu adın həqiqi daşıyıcıları təəssüf olsun ki,azdır dövrümüzdə. Mənim dəyərli müəllimlərim çoxdur. Hər zaman onları hörmətlə xatırlayıram. Bu insanların borcundan ömrümüz boyu çıxa bimərik biz. Hər birimizin ən ali məqsədi olmalıdır müəllimə hörmət.

Aydəmirov Abdulməcid müəllim 1980-ci il

    Mən kəndimiz və sakinləri haqqında kənardan xoş sözlər eşidəndə çox sevinirəm.Onun haqqında xoş sözlər eşitdikdə isə daha çox sevindim. Ona görə ki, mən də o insanın yetirməsiyəm. Onun öz sözləri ilə desək mən onun sonuncu yetirməsiyəm. Sizə böyük riyayaziyyatçılar nəsli yetişdirmiş Abdulməcid müəllimdən yazacam. O elə zəngin insan idi ki, onun haqqında bir məqalə çox azdır. Onun haqqında kitab belə yazmaq olar.

    Bəli, Abdulməcid müəllim daxilən çox zəngin insan idi. O, hərəkətlərinə və sözlərinə fikir verərdi həmişə. Onun daxili zənginliyinin nəticəsi idi ki, o heç zaman özünü öyməzdi. Çox sadə bir adam idi. Qürurlu idi. Əlaqələrinin çox olmasına baxmayaraq şəxsi maraqları xatirinə onlardan istifadə etməzdi.Dərslərini özünəməxsus qaydada keçər, çətin riyazi məsələlərin həllini asan yollarla izah edərdi.

    Həyatı haqqında qısa arayış
    Aydəmirov Abdulməcid Teymurşah oğlu 10 may 1925-ci ildə Alpan kəndində anadan olub. Məktəbi bitirdikdən sonra  onu Gürcüstana hərbi uçilişdə oxumağa aparırlar. (Bu II Dünya müharibəsinin başlanılması ilə əlaqədar Sovet hökumətinin hazırlıq planları çərçivəsində atılmış bir addım ola bilər). Hərbi hazırlıqdan  sonra, onu 1943-cü ildə müharibəyə aparırlar. 1947-ci ildə kəndimizə geri qayıdan Abdulməcid müəllim Quba Müəllimlər İnstitutunun Fizika-riyaziyyat fakültəsinə qəbul olunur.(Daha sonrakı illərdə o Azərbaycan Pedaqoji İnstitunun Riyaziyyat fakültəsində qiyabi əsaslarla təhsil alıb). İki illik təhsildən sonra 1949-cu ildə onu Şamaxı rayonunun Sündü kəndinə müəllim təyin edirlər.1949-1953-cü illər aralığında Sündü kənd məktəbində işləyir. 1953-1960-cı illər aralığında isə eyni rayonun digər kəndi olan Cəyirlidə müəllimlik fəaliyyətini davam etdirir. Daha sonra Quba rayonunun bir neçə kəndində müəllim işlədikdən sonra 1970-ci ildən Alpan kəndinə qayıdır və kənd məktəbində riyaziyyat müəllimi kimi fəaliyyətini davam etdirir. Abdulməcid müəllim 29 iyul 2009-cu ildə dünyasını dəyişib və Subaba qəbiristanlığında dəfn edilib.

    Qara kağız
    Abdulməcid müəllimin oğlu Abdulhəmid bəyin verdiyi məlumata görə atası çox gənc yaşlarından müharibə acısını dadıb. Onun  Gürcüstana hərbi uçilişə aparılması müharibədə iştirak üçün əsgərlərin hazırlanması məqsədi daşıyırdı. Abdulməcid müəllim II Dünya müharibəsinin başladığı ilk günlərdə onun iştirakçısı olub desək yanılmarıq. Abdulməcid müəllimin döyüş yolu müharibənin ən qızğın döyüşlər gedən bölgələrindən keçib. Mən xatırlayıram ki, o dərslərdə müharibə illərindən danışar, ağır döyüşlərin təsvirini özünəməxsus şəkildə bir neçə cümlə ilə ifadə edərdi. Səhv etmirəmsə Berlinədək gedib çıxmasını da nəql edərdi. Abdulməcid müəllim döyüşlərdə üç dəfə ciddi yaralanıb və sağalar-sağalmaz onu yenidən qızğın döyüş bölgələrinə aparırlar. Onu tanıyanlar,onun şagirdləri yəqin ki, Abdulməcid müəllimin sol əlinin iki barmağının dib hissədən bir-birinə tikildiyini xatırlayar. Bu müharibənin acı nəticələrindən gözlə görünən ən balaca fəsadı idi. Ən böyük yaralar isə onun ürəyində idi. Müharibənin ona vurduğu sarsılmaz yaralar bəzən onun gözlərindən hiss edilirdi. Daha böyük zərbəni isə onsuz da müharibədə olan gənc Abdulməciddən bir xəbər ala bilməyən yaxınları 1945-ci ildə alırlar. Bu xəbər onun ölüm xəbəri idi. Ailə qara kağız alır… Amma 1947-ci ildə Abdulməcid müəllim sağ-salamat evinə geri dönür.

    Mənim sevimli müəllimim

Aydəmirov Abdulməcid müəllim 1991-ci il

    Abdulməcid müəllim dərslərin darıxdırıcı keçməməsi üçün xüsusi əyani vəsaitlərdən istifadə edərdi. Həndəsəni izah etmək üçün transporter və pərgardan mütamadi istifadə edərdi. Hətta dərslərin keçirilməsi üçün bir neçə fiqurların və əyani vəsaitlərin hazırlanmasında ona yardımçı olmuşdum.

    O çox səliqəli idi. Yazı lövhəsində təbaşir və silgidən elə istifadə edərdi ki, ancaq iki barmağı batırdı. Dərsləri əzbərləməyə qoymazdı, mövzunu tam başa düşənədək mənimsədirdi şagirdlərə. Elə onun nəticəsi idi ki, mən Bakı Dövlət Universitetinin Riyaziyyat ixtisasına qəbul olundum və ali təhsil aldığım illərdə mürəkkəb riyazi məsələlərin həllində heç bir çətinliyim olmadı.

    O xusisi motivasiya qaydalarından istifadə edərdi. Çox vaxt  uğur qazanmış şagirdlərini misal gətirər,ən azından onlar kimi olmağa cəhd etməmizi istərdi. Onlardan həmkəndlilərimiz İlqar Abdulməcid oğlu Mustafayev, Ələskər Ramazan oğlu Ələskərov və Şamaxıda dərs dediyi illərdə yetişdirdiyi şagirdlərin adlarını çəkərdi. Həmişə mənə deyərdi: “Mən sənin baban Mövlan Balayevlə bir sinifdə oxumuşam. Səni daha yaxın hiss edirəm özümə. Mən sənə də digər uğurlu şağirdlərim kimi elm dalınca getməyi tövsiyə edirəm,amma özün fikirləş. İndi zəmanə dəyişib, müəllimlərə, elm adamlarına qiymət vermirlər. Sən çalış riyaziyatın tətbiqi sahələrində inkişaf etdir özünü. Riyaziyyat bütün elmlərin açarıdır. Sən bu açarı özününküləşdirə bilmisən. Ona görə də sənə digər sahələri öyrənmək çox rahat olacaq.”

Aydəmirov Abdulməcid müəllim 1976-cı il

    Mən ali məktəbə qəbul olunduqdan sonra bildim ki, Abdulməcid müəllim son illərini məktəbə mənə görə gəlirmiş.(O, bunu mənim atama deyibmiş). Sonuncu yetirməsinin təhsilini yekunlaşdırmaq və öz ali missiyasını sona çatdırmaq üçün o ahıl yaşında evindən məktəbədək olan məsafəni yay-qış bilmədən addımladı. Yadımdadır, qışda məktəbə gələndə ayaqqabısının üstündən corab geyinərdi ki,sürüşüb yıxılmasın. Bəli, o belə insan idi. Bu idi onun daxili zənginliyi. Çox təəssüf edirəm ki, onunla birlikdə bir xatirə şəkilim yoxdur. O, şəkil çəkdirməyi çox da xoşlamazdı.

    Mən Abdulməcid müəllim haqqında yazmaq qərarına gəldikdə onun əmək fəaliyyətinə başladığı Şamaxı rayonunun kəndlərinə (indiki Qobustan rayonunun kəndləri) müraciət etdim. Açığı müəllimimin 50-ci illərdə orada dərs dediyini və onun yetirmələrinin bəlkə də həyatda olmdığını fikirləşib bir məlumat əldə edə bilməyəcəyimi düşünürdüm. Amma tam fərqli bir mənzərənin şahidi oldum. Qeyd edim ki, Abdulməcid müəllim yaşayıb, dərs dediyi kəndlərdə böyük bir iz buraxıb. Bugün də o xatirələrdədir. Hətta onun dərs demədiyi adamlar belə onu hörmətlə xatırlayır.

Sündüdən başlayan işıqlı yol

Sündü kənd məktəbi

    Abdulməcid müəllim əmək fəaliyyətinə 1949-cu ildə indiki Qobustan rayonunun qədim tarixi olan Sündü kəndində başlayıb. Gənc,savadlı və potensiallı müəllimi bu kənddə yerləşən internat tipli məktəbə müəllim təyin edirlər. Bu məktəbdə o zamanlar müəllimlər qonşu kəndlərdən gəlib dərs deyər, həftə içi məktəbdə təşkil edilmiş yataqxanada qalar, həftə sonları isə evlərinə qayıdırmışlar.

    Həmin illərdə məktəbin direktoru olmuş Gülməmməd Pirverdiyev (mənim tələbə yoldaşım, çox savadlı riyaziyyat müəllimi Sadiq Pirverdiyevin babası,1976-cı ildə dünyasını dəyişmişdir) kənd camaatının savadlanması üçün əlindən gələni əsirgəməyən, qabaqcıl ziyalılardan olub. Hətta o təhsildə yaş həddi məsələsini tətbiq etdiyi üçün və Şamaxı rayonunda nizamlı təhsil sisteminin qurulmasında gördüyü işlərə görə “Lenin ordeni” ilə təltif də edilib.

    Gülməmməd müəllim Abdulməcid müəllim kimi gənc və savadlı  müəllimin kəndin gələcəyinə verə biləcəyi töhvəni görmüş, onun və həyat yoldaşı Kübra xanımın   kənddə yaşaması üçün münasib şəraitin yaradılmasında yardımçı olmuşdur. Abdulməcid müəllim kənd məktəbinin yaxınlığında yerləşən Balı kişinin evində qalır (kənd sakinlərinin dili ilə desək-məktəbin dibindəki ev) və 1953-cü ilədək kəndin savadlanmasında əlindən gələni əsirgəmir. Onun da əməyinin nəticəsidir ki, hazırda bu kəndin riyaziyyat, fizika və texniki elmlər sahəsində çox görkəmli nümayəndələri var. Bir qeydi də edim ki, mən Abdulməcid müəllimin əmək fəaliyyətinə başladığı kəndin Sündü (bu kənddə bir dəfə olmuşam,gözəl təbiəti var və hər bir daşından tarix qoxusu gələn qədim və qonaqpərvər kənddir) kəndi olduğunu aşkarlayanda tələbə yoldaşım Sadiq təəccübünü gizlədə bilmədi. Deməli onun da riyaziyyatçı olmasında haradasa mənim müəllimimin də töhfəsi var.

Alpan məktəbi-1980
Alpan məktəbi-1980 buraxılışı

    Sündü kənd sakini 1939-cu ildə anadan olmuş Umud müəllim öz sevimli müəllimi Abdulməcid müəllim haqqında xatirələrini danışarkən dedi ki, mən ona həyatım boyu borclu olmuşam. O sözlərinə əlavə etdi: ”Mənim sevimli müəllimim heç vaxt yaddaşımdan çıxmaz. O mənə 5-ci sinifdən 8-ci sinifədək dərs deyib və texnikuma hazırlaşmağımda birinci yardımçım olub. Çox gözəl xatırlayıram. 50-ci illər idi. Müharibədən sonrakı illər, kənd həyatı, gecələr işıqlarımız olmurdu. Anam məni gecənin qaranlığında Abdulməcid müəllimin qaldığı evə aparardı. Kübra xanım bizi isti qarşılar və sevimli müəllimim neft lampasının işığında mənə dərsi başa salardı. Səhəri gün sinifdə dərsə hazırlıqsız şagirdlər olanda məni nümunə göstərirdi Abdulməcid müəllim. Hətta məni bizdən bir sinif yuxarı siniflərin dərsinə aparıb müəyyən mövzunun izah edilməsini mənə tapşırardı. O, bununla bir növ şagirdlərdə oxumaq həvəsi yaradırdı”

    Abdulməcid müəllimin digər şagirdi, 1939-cu il təvəllüdlü Heybət həkim isə müəlliminin bir sözünü heç vaxt unutmadığını dedi. O söz  məktəbimizdə məşhur idi. “Sənə borc vermişdim,borcumu qaytar”. Abdulməcid müəllim şagirdlərdən dərs soruşan zaman bu ifadədən istifadə edərdi.

    Onun akademik şagirdi

Mirabbas Qasımov 1939-2008

    Abdulməcid müəllim Sündü kəndində işləsə də  yaxın kəndlər və Şamaxı rayonunda özündən söz etdirməyi bacarmışdı. Tez bir zamanda onun savadından xəbər tutan Şamaxı rayon Maarif şöbəsinin rəsmiləri Abdulməcid müəllimin bacarığından istifadə etmək qərarına gəlirlər. 50-ci illərdə rayonda “disput” adlı seminarlar təşkil edilirdi. Bu bizim dövrün bir növ “master klas”larına bənzəyir. Savadlı və gözəl öyrətmək qabiliyyəti olan müəllimlər hansısa mövzunu və ya bölməni bir neçə dərs və ya bir neçə həftə ərzində seçilmiş şagirdlərə tədris edirdilər. Abdulməcid müəllim həmişə o disputların aparıcı siması olub. Sonralar bu disputlarda iştirak edən şagirdlər yüksək nəticələr göstərir və nüfuzlu ali məktəblərin savadlı tələbələri olurdular.

    Həmin dövrlərdə Abdulməcid müəllimin şagirdlərindən biri olmuş Nərimankənd kəndindən Mirabbas Qasımovun adını çəkmək kifayət edər. Abdulməcid müəllimin Mirabbas Qasımovun 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin (BDU) Fizika-riyaziyyat fakültəsinə daxil olmasında  böyük rolu olmuşdur. Sonralar onların əlaqələri müəllim-şagird münasibətlərindən dostluq münasibətlərinədək yüksəlmişdir.

    Mən xatırlayıram ki, Abdulməcid müəllim  dərslərində tez-tez akademik Mirabbas Qasımovdan danışırdı. Orta məktəb şagirdi olan bir kənd uşağı üçün bu mövzu çox da maraqlı deyildi. Amma mən BDU-ya qəbul olduğum il universitetin dəhlizində asılmış lövhədə universitetin rektorlarının sırasında Mirabbas müəllimin də adını və şəklini görəndən sonra onun haqqında oxudum və anladım ki, belə dahi riyaziyyatçını yetişdirən müəllimin şagirdi olmuşam.

    Müəllimə hörmət

Cəyirli kənd məktəbi

    Mən Abdulməcid müəllimin izi ilə Sündü kəndindən rayonun digər kəndi Cəyirliyə üz tutanda ilk olaraq kəndin yaşlı müəllimlərindən olan, 1946-cı il təvəllüdlü  Ağakişi müəllimlə əlaqə saxladım. Ağakişi müəllim məqsədimi biləndə sözünə Seyid Əzim Şirvaninin yazımın əvvəlində istifadə etdiyim “Müəllimə hörmət” adlı şeirindən misralarla başladı. O bildirdi ki, kəndimizin savadlanmasında xüsusi payı olan insan həmişə qəlbimizdədir. “Abdulməcid müəllim mənə üç il ərzində dərs deyib. Daha sonra mən rayon mərkəzinə getmişəm. Amma onun haqqında kəndimizdə elə bir ev yoxdur ki, bilməsinlər. O bizim kəndimizə gəldikdən sonra kəndimizin məktəbində texniki elmlərə həvəs artmışdır. O, fizika və riyaziyyat fənlərini tədris edib. Onun sayəsində nəinki kəndimizdə, hətta yaxın kəndlərdə də yeni riyaziyyatçılar nəsli yetişmişdir. Onların əksəriyyəti nüfuzlu ali məktəblərin tələbəsi və daha sonra aspirantı olmuşlar. Bizm kəndimizdə Abdulməcid müəllim həmişə hörmətlə anılır.”

Soldan Abdulməcid müəllim, Vəfadar müəllim, Yengibar müəllim və Siracəddin müəllim ovda-1955

    Uzun illər Cəyirli kənd məktəbinin direktoru olmuş 1939-cu il təvəllüdlü dil-ədəbiyyat müəllimi Yengibar müəllimlə söhbətimiz isə emosional notlar üzərindən başladı. O, Abdulməcid müəllimin adını eşidəndə kövrəldi və hiss etdim ki, gözləri yaşarıb. Bu onun səsinin tonundan da sezilirdi. Səsi bir balaca əsməyə başlamışdı sanki. Hiss edirdim ki, onunla üzbəüz oturmuş olsaydım gözlərindəki nəmi gizlətmək üçün üzünü yana çevirərdi. Yavaş-yavaş o özünü ələ ala bildi və Abdulməcid müəllim haqqında xatirələrindən danışdı: “Oğlum, Abdulməcid müəllim böyük adamlar yetişdirmiş zəngin bir insandır. Allah onu bizim kəndimizə bir aparıcı qüvvə kimi göndərmişdi. O, kəndimizə gəldikdən sonra məktəbimizdə bir dirçəliş hiss olunmağa başladı. Onun yetirmələri nəinki kəndimizdə, hətta yaxın kəndlərdə də çoxdur. Həmkəndlimiz, riyaziyyatçı, BDU-nun professoru Şahbaz Baimov Abdulməcid müəllimin sevimli şagirdi olub və daha sonra dostluq münasibətləri də olub. Mən bu siyahını artıra da bilərəm. Çünki, Abdulməcid müəllim 50-ci illərdə təşkil edilən “disput”ların aparıcı siması olub və onun şagirdləri də savadlı uşaqlar olublar.”

    “Ən əsası isə biz dost idik.” Yengibar müəllim sözünə davam edir. “Onun gözəl ailəsi vardı. O kəndimizdə  həyat yoldaşı Kübra xanımla yaşayırdı. Onun iki oğlu bizim kənddə anadan olub. Tez-tez eşidirdim ki,onun hərbiçi oğlu kəndimizin cavan uşaqlarına əsgərlikdə çox kömək edir.

Alpan məktəbi-1991 buraxılışı

    Hə, bir şeyi də qeyd edim. Abdulməcid təbiət vurğunu idi. Bu sözsüz ki, belə də olmalı idi. Füsunkar təbiətli Qubadan, öz kəndi Alpandan çox danışardı. Mən bir dəfə bir neçə günlük Alpanda onların qonağı da olmuşam. Onunla tez-tez təbiət qoynuna çəkilərdik. Ova da gedirdik.”

    Yengibar müəllim dərin bir ah çəkdikdən sonra sözünə davam edir: ”Uzun müddət onunla əlaqəm kəsilmişdi. Dəqiq xatırlamıram. 80-ci illər idi. Mən BDU-ya bir nəfərlə görüşə getmişdim. Dəhlizdə Abdulməcid müəllimi həmkəndlim Şahbaz müəllimlə görəndə elə bildim ki, itgin düşmüş əzizimi görürəm. Biz orada bir-birimizə elə sarıldıq ki….”

    Cəyirli kənd məktəbinin hazırki direktoru Məsud müəllim Abdulməcid müəllimin onların kəndində həmişə hörmətlə xatırlandığını bildirdi. O bildirdi ki, Abdulməcid müəllim ona dərs deməsə də onun haqqında çox eşidib. Kəndimizin camaatı həmişə onu xatırlayır. Məsud müəllim məktəbin arxivindən Abdulməcid müəllimin Cəyirli kənd məktəbinə qəbul edilməsi əmrini (ƏMR N22-dən çıxarış. Aydəmirov Abdulməcid Teymurşah oğlu ,fizmat müəllimi,01.09.1953) və işdən azad edilməsi əmrini də (ƏMR N20P1-dən çıxarış,azad edilib Quba rayonuna köçürülsün,15.08.1960) axtarıb tapdığını mənə bir gün sonra zəng edərək bildirdi.

    Yekun
    Abdulməcid müəllim haqqında yazını burada yekunlaşdırmaq istəyirəm. Ryaziyyat bütün elmlərin açarıdır,şahıdır. O, mənə riyaziyyatı öyrədib və sevdirib. Demək ki,o mənə həyatı öyrədib və sevdirib. Bu zəhmətkeş, təvazökar,səmimi və daxilən zəngin insanı unutmaqmı olar?! Onunla bağlı xatirələrim çoxdur. Ümid edirəm ki, o hər bir şagirdinin qəlbində xüsusi iz buraxıb. Onların yaddaşlarında daim yaşayır. Mən onun 70 il əvvəl dərs dediyi şagirdləri və onunla bir dövrü yaşamış insanlarla söhbətim zamanı bir daha şahidi oldum ki, Abdulməcid müəllim qəlblərdə yaşayır, o unudulmayıb. Onun daxili zənginliyinin işığı hələ də parlayır.

Müəllif:İlkin R. Balayev

PS:Köməklik göstərdiklərinə görə Abdulməcid müəllimin oğlu Abdulhəmid bəyə və yuxarıda adları keçən şəxslərə minnətdarlığımı bildirirəm.