
Əkbərov Abdulla Hafiz oğlu 1975-ci ildə Alpan kəndində anadan olmuşdur.
Uşaqlığı Alpan kəndində keçən Abdulla Alpan kənd orta məktəbini 1992-ci ildə bitirmişdir. Radiotexnikaya olan marağı onda Bakı Rabitə texnikumunda radio-televizor ixtisası üzrə təhsil almaq arzusu yaratmışdı. Amma , Vətənimizin ağır günlərində o təhsilini davam etdirmək arzusunu gələcəyə saxlayır və kəndin şəhid oğlanlarının qisasını almaq üçün Milli Ordu sıralarına çağıralacağı günü gözləyir.
Onun gözlədiyi gün gəlib çatır. Abdulla 1993-cü il aprelin 2-də Milli Ordu sıralarına çağırılır. 3 aylıq hərbi təlimdən sonra onu Gəncəyə yola salırlar. Oradan da onu döyüş bölgəsinə-Ağdərəyə göndərirlər.
Çaylı kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşan Abdulla beş erməni dığasını məhv edir. Amma, onun qisas hissi ilə alışıb yanan ürəyini erməni gülləsi susdurur. O, 1993-cü ilin avqust ayının 1-də şəhidlik zirvəsinə yüksəlir.
Abdulla kənd əhalisi və tanışları tərəfindən heç vaxt unudulmayacaq, cəsur bir oğlan kimi həmişə xatırlanacaq. O, “Su Baba” qəbiristanlığında dəfn edilmişdir. Subay idi.






















