Daha bir Qubalı – Alpanlı şəhid qardaşımızı tanıyaq

279
Hümbətov Nail Adil
Hümbətov Nail Adil

    Birinci Qarabağ savaşında şəhid olan həmkəndlimiz çavuş Hümbətov Nail Adil oğlu 1974-cü ilin 24 iyulunda Sumqayıt şəhərində anadan olub. 1981-ci ildə Sumqayıt şəhər 33 nömrəli tam orta məktəbində ibtidai təhsilə başlayıb 1989-cu ildə həmin orta məktəbin 8-ci sinfini başa vurduqdan sonra Sumqayıt şəhər Politexnik texnikumunun Mexanika fakultəsinə daxil olub. Texnikumu müvəffəqiyyətlə bitirdikdən sonra o, 1993-cü ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılıb. Qısa hərbi hazırlıq keçdikdən sonra bir neçə döyüşdə fəal iştirak edən Nail Adil oğlu 1994-cü il 19 yanvar tarixində Fizuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən döyüşdə ağır yaralanaraq şəhid olub və ayın 21-i Sumqayıtda dəfn edilib.

    Nail Hümbətov 9 aylıq hərbi xidməti dövründə iştirak etdiyi döyüş əməliyatları zamanı hərbi texnikaların idarə edilməsində, təmirində, ön və arxa cəbhələr arası əlaqələrin təşkilində fədəkarlıq göstərdiyinə görə ona çavuş rütbəsi verilərək hərbi hissə təchizat taqımına komandir köməkçisi təyin edilir…

"Ağ atlı oğlan" filmindən
“Ağ atlı oğlan” filmindən

    Azərbaycan Mədəniyyət Fondunun Qarabağ fılialının sədri kimi tez-tez cəbhə bölgəsinə döyüşçülərlə görüşə gedən yazıçı, kinossenarist İsi Məlikzadə (1934/95) onunla tanış olaraq, 1995-ci ildə çəkilmiş “Ağ atlı oğlan” filmindəki Cəfər obrazını da onun prototipi əsasında yaratmış, zahirən Nailə oxşayan və onunla həmyaşıd olan aktyor Ruslan Nəsirov (1974-2015) da həmin yaddaqalan koloritli əsgər rolunu oynamışdı.

    Əmisi oğlu hörmətli Namik müəllimin verdiyi məlumata görə, sağlığında dədə-baba yurduna – Alpan kəndinə hər fürsətdə baş çəkib ayrılmaq bilməyən Nail qardaşımız Sumqayıt şəhər Şəhidlər xiyabanındakı məzarında uyuyur.

    Zəfərimizdən xəbərdar olan ruhu şad, əziz xatirəsi unudulmazdır!!

 

Müəllif: Cabir Ağaoğlu