Bir şəhidin qardaşına vəsiyyəti və yaxud “Qalmaz belə, qalmaz dünya” mahnısının sədaları altında torpağa tapşırılan şəhidimiz

197
İsayev Elxan Rasim
İsayev Elxan Rasim

    Şəhidlər haqqında yazmaq, onların ruhlarını şad etmək, adlarını əbədiləşdirmək, valideynlərinə, həyat yoldaşlarına, övladlarına maddi və mənəvi dəstək olmaq hər birimizin vətəndaşlıq borcudur. Borclu olduğumuz Şəhidlərdən biri də yaralı komandirinin düşmənə əsir düşməməsi üçün özünü ölümün pəncəsinə ataraq komandiri ilə birlikdə şəhidlik zirvəsinə yüksələn həmkəndlimiz İsayev Elxan Rasim oğludur. Yeri gəlmişkən qeyd edək ki, İsayev Elxan Rasim oğlu Maarif müəllimin Nayibə xanım (onun əsl adı Sayibdir) kimi tanıdığımız bacısı oğludur.

    Elxan 11.09.1973-cü ildə Sumqayıt şəhərində sadə bir ailədə dünyaya göz açmışdır. 1980-ci ildə Sumqayıt şəhər 15 saylı orta məktəbinin 1-ci sinfinə qədəm qoymuş, 1990-cı ildə həmin məktəbdən məzun olmuşdur. Həmin il Azərbaycan Neft və Kimya İnstitutunun Sumqayıt filialının elektrik mühəndisliyi fakütəsinə (axşam şöbəsi) daxil olmuşdur. İlk əmək fəaliyyətinə Sumqayıt Şəhər Mühafizə Şöbəsində mühafizəçi kimi başlamışdır.

İsayev Elxan Rasim
İsayev Elxan Rasim

    Ömrünün qurub-yaradan, sevib-sevilən çağları idi. Ancaq soydaşlarımızın erməni faşistləri tərəfindən öz ata-baba yurdlarından-Qərbi Azərbaycandan qovulmas, Xocalı faciəsi, Şuşanın işğalı hər bir vətənpərvər gəncimiz kimi Elxana da rahatlıq vermirdi. Ordu sıralarına çağırılmasını səbirsizliklə gözləyirdi. Böyük qardaşı Elçin İsayev həmin ərəfədə könüllülərdən ibarət batalyonların tərkibində Füzuli bölgəsində vuruşurdu. Bu, Elxanın orduya könüllü getməsinin qarşısını alırdı.

    Nəhayət, Elxanın arzuladığı gün gəlib çatdı. 1992-ci ilin iyun ayında onu Sumqayıt Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırdılar… Sevincindən uçmağa qanadı çatışmırdı. Bir müddət Bakıda keçirilən təlimlərdən sonra kəşfiyyatçı kimi Kəlbəcərdə yerləşən “N” saylı hərbi hissəyə göndərilir. Lakin Elxanın xidmət eydiyi bölük tez-tez öz yerini dəyişir, harada qaynar nöqtə olurdusa ora göndərilirdi. O, Ağdərə uğrunda döyüşlərdə göstərdiyi şücaətə görə komandanlıq tərəfindən çavuş rütbəsinə layiq görülür. Ağdərədən sonra uzun müddət Laçın rayonunun Seyidlər kəndini düşmən hücumundan müdafiə edirlər. Bir neçə dəfə yağı düşmənlə döyüşlərə girirlər. Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən bir qədər sonra işğal oıunmuş torpaqlarımızın düşməndən azad olunması uğrunda ağır döyüşlər başlayır. Elxanın xidmət etdiyi tağım da Kəlbəcərin Yanşaq kəndinin azad edilməsi uğrunda döyüşə başlayır.

    Əsgər yoldaşı Poladın (soyadını unutmuşam) söylədiyinə görə, Elxan bu döyüşdə qranatamyotçu kimi vuruşurdu: “Düşmən sayca bizdən xeyli çox idi. İtkilərimiz var idi. Tağım komandirimiz Qulu Quliyev də yaralanmışdı. Atəş altından çıxa bilmirdi. Əsir düşmək qorxusu vardı. Elxan buna dözə bilmədi, “məni qoruyun” deyərək komandirimizi atəş altından çıxarmağa getdi. Elxan komandirimizi atəş mövqeyiñdən bir qədər uzaqlaşdırmışdı ki, düşmən snayperlə onu da vurdular. Ara sakitləşəndən sonra mən onların yanına yaxınlaşanda hər ikisinin – həm komandirimin, həm də Elxanın şəhidlik zirvəsinə yüksəldiklərinin şahidi oldum”.

    Elxan 1994-cü ilin yanvar ayının 25-də Sumqayıtın Şəhidlər xiyabanında dəfn olunur.

İsayev Elxan Rasim oğlu
İsayev Elxan Rasim oğlu

    Qardaşı İsayev Elçinin xatirələrindən: “Qardaşım xidməti dövründə iki dəfə qısamüddətli məzuniyyətə gəlmişdi. Birinci dəfə Ağdərədə xidmət edərkən gəlmişdi. Bir həftə qaldı. İkinci dəfə 1993-cü ilin noyabr ayında Laçının Seyidlər kəndində qulluq edərkən gəlmişdi. İkinci dəfə gələndə bədənində çoxlu yaralar vardı. Çox dilə tutduq, imkan var, hospitalda yat, bir az gec gedərsən. Razılaşmadı. Orada vəziyyət yaxşı deyil. Mən qayıtmalıyam ki, başqa bir yoldaşımız evə getsin. Cəbhəyə qayıdarkən məni bərk-bərk qucaqladı və gülə-gülə dedi: “Qadaş, bu aralar şəhidimiz çoxdur. Allah hamısına qəni-qəni rəhmət eləin! Əgər şəhid olsam, məni musiqi sədaları altında dəfn edərsiniz”. Ən çox sevdiyi mahnını bilirdim. “Qalmaz belə, qalmaz dünya” mahnısının sədaları altında onu torpağa tapşırdıq”.

    Bacısı Aytən İsayevanın xatirələrindən: “Qardaşımın yaxşı əl qabiliyyəti vardı. Qəşəng şəkillər çəkərdi. Misiqi ilə də maraqlanardı. Öz aramızda müxtəlf mahnıları da ifadə edərdi. Ən çox ifa etdiyi mahnılar “Qalmaz belə, qalmaz dünya” və “Harda olsan, gələrəm mən” mahnıları idi. Elə “Qalmaz belə, qalmaz dünya” mahnısının sədaları altında torpağa tapşırıldı. Mən ondan kiçik olsam da, heç vaxt məni incitmədi, qəlbimi sındırmadı. Kaş edəydi. Bu qədər yanmazdım. Elə bilirəm arxamdan dağ uçub. Təsəlli yerimiz Vətən uğrunda, komandiri uğrunda şəhid olmasıdır. Bu gün torpaqlarımız işğaldan azad edilib, şəhidlərimizin intiqamı alınıb, sanki ürəklərimizə su səpilib, təskinlik tapmışıq. Allah bütün şəhidlərimizə rəhmət etsin, qazi qardaşlarmıza şəfa versin!”

 

Müəllif:Qvami Məhəbbətoğlu