ALPAN BƏYLƏRİNİN TARİXİ VƏ İRSİ NÜMAYƏNDƏLƏRİ

535

    Alpan ərazisinə XIII əsrdə Orta Asiya mənşəli türk tayfalarının axını  olmuşdur.Hülakü sərkərdəsi Atlıxanın nəslindən olanlar Alpanda məskunlaşmış,türk tayfalarından olan Kirey və Xurellər isə Alpandan bir qədər aralı ərazidə-indiki Gərəy və Xuray ərazilərində məskən salmışdılar.

Hülakü xan

    Alpanda məskunlaşan Atlıxanlıların nəsilləri yerli alpanlılar tərəfindən indi də  “Attıxanlılar” adlandırılırlar və böyük əqrəbadılar.Qeyd  etdiyim  Hülakü xanın sərkərdəsi Atlıxan Dərbənddən Qəbələyə kimi geniş ərazinin sahibi idi.Bu əraziyə daxil olan mahalları da onun təəbələri idarə edirdilər.Alpan kəndi də XIII əsrdən XIX əsrin birinci yarısına kimi  onlar tərəfdən idarə edilmişdir.Atlıxan irsinin nümayəndələri yalnız Quba mahalında deyil,Dərbənd mahalında da yüksək nüfuz sahibi  idilər.1806-cı ildən etibarən Dərbəndi  “Alpanbəy” adı ilə tanınan Nəcəfqulu bəy idarə etmişdi. O,öldükdən sonra onu hərbi qaravolla müşahidə edərək “Subaba”  türbəsi yanında dəfn etmişdilər.XIX əsrdə bu nəslin ən nüfuzlu nümayəndəsi  Azərbaycanın ən böyük feodallarından olan Məhəmmədxan bəy alpanlı idi. ( Sumbatzadə.1837-ci il Quba üsyanı.) Onun Şahdağ ətəklərində böyük bir yaylağı vardı.Alpanlılar onu  “Məmmədxan” adı ilə çağırdıqlarından  ona məxsus olan yaylaq sahəsi indi də “Məmmədxan yaylağı” adı altında  xəritələrdə əks olunmuşdur.

    Məhəmmədxan bəy alpanlı XIX əsrin 30-cu illərində Alpan da daxil olmaqla Xəzərətrafı Müşkür,Niradoran,Bostança,Tala kəndlərinə qədər geniş ərazidə 7 kəndi  çardan mülk olaraq almışdı.O,Bakıxanovun qardaşı Cəfərqulu ağa Bakıxanovla yaxın dost olmuşdur.

    Məhəmmədxan bəyin adı M,F,Axundov tərəfindən tərcümə edilmiş Qafqaz Canişinliyinin  arxivindəki mahal sakinlərinin şikayət məktubunda xatırladılır.(Daha  ətraflı bax-mənim “Qədim Quba” kitabım səh.89-90.) Onun 500-dən artıq ilxısı,geniş taxıl və dənizətrafı ərazidə pambıq sahələri olmuşdur.

    Alpanda Atlıxan nəslindən olan bəylərlə yanaşı,XVI əsrdən etibarən Dağıstandan gəlib Alpanda məskunlaşan ,Hacıqayıb nəslindən olan  bəylər də var idi.Qubanın “Hacıqayıb” kəndinin adı bu bəylə əlaqəlidir.Qayıbovların Dağıstan mənşəli olmalarını rəhmətlik  professor Tələt Qayıbov “Kommunist” qəzətində çap etdirdiyi məqaləsində xatırladırdı.Qayıbovlar Atlıxanlılarla qohumluq əlaqələri yaratmışdılar və Çar üsul-idarəsi dövründə Alpanda “Poruçiklik” edən Atlıxan bəylərinin hərbi xidmətçiləri olmuşdular.1831-ci ilin  “Kameral təsvir” sənədində Məhəmmədxan bəy poruçik kimi,Qayıbovlardan olan Əlsultan isə hərbi xidmətçi kimi göstərilirdi.1837-ci il Quba üsyanından sonra isə Atlıxan irsinin bəyləri tədricən siyasi səhnədən uzaqlaşırlar və Qayıbovlar onları əvəz edirlər.

    XIX əsrin 30-cu illərində Qayıbovlar nəslindən Əlsultanla yanaşı Xanbaba bəy və Könül bəyin də  adı çəkilir.Xanbaba bəy mayor rütbəsində Varşava Müsəlman Polkunda xidmət edirdi. O,Fətəli Xanın baçısı nəvəsilə evlənmişdi.

Bəybala bəy Qayıbov

    Ümumiyyətlə, Qayıbovların irsi şəcərəsi professor Tələt Qayıbov tərəfindən verilmişdir.Onların sırasında Ağasi bəy,Dənyar bəy,Osman bəy ,Mülküm bəy və s. adları da var.Hazırda Digah kəndinin yerləşdiyi ərazinin  böyük hissəsi Mülküm və Osman bəyə məxsus olan ərazilərdir.

Azay bəy və oğlu Osman bəy 1907 Dərbənd

    XX əsrin ən nüfuzlu bəyi  Azay bəy idi.Onun bəy əqrəbasının ümumi torpaq sahəsi 4784 desyatindən artıq idi.Sonuncu  bəylərdən olan  Zaman  müəllimin atası Cəbrayıl bəy haqda geniş bəhs olunmur və ən nüfuzlu sonuncu bəy kimi Beybala bəy göstərilir.O,həm Quba qəzasının rəisi Zizigski ilə,həm də 1917-ci ildə onun müavini olmuş  M,C, Bağırovla yaxın münasibətdə olmuşdur.Beybala bəy Quba yəhudisi Şəmini öz meşə sahələrinə qaravol təyin edərək,həm də ona qoyun sürülərini saxladırdı. “ Şimi”  meşə sahəsi adı həmin yəhudi Şəminin adı ilə əlaqəlidir. M.C.Bağırov həmişə öz qonaqlarını Beybala bəyin göndərdiyi azuqələr-qoyun,pendir,yağ,bal hesabına  qarşılayıb yola salardı.Bu münasibətə görə Sovet hakimiyyəti dövründə M.C.Bağırov  Beybala bəyin həbsinə imkan verməmişdi və M.C.Bağırov mühakimə olunan zaman bunu ona irad tutmuşdular.Digər bəylər isə Muğana və Qazaxa sürgün edilmişdilər.

Oturanlar. Soldan kepkalı Heybət bəy Qayıbov, papaqlı Dənyar bəy Qayıbov. Arxada soldan papaqsız Arif Dənyar oğlu, kepkalı kursant geyimli Ədhəm bəy

    XIX əsrin ikinci yarısında Atlıxan nəslinin bir neçə nümayəndəsi  bəy titullu şəxslər içərisində öz ictimai mövqelərini qoruyub saxlaya bilmişdilər.Bunlar Babay nəslindən olanlar idi.Bu nəslin nümayəndələrindən Əlirza,Şixirza və Aşurun adını xüsusilə qeyd etmək lazımdır.Onların hər birinin geniş torpaq mülkiyyəti sahələri var idi.Bu,Alpan kəndində mövcud olan toponomik adlarla da sübut edilir.Məsələn, “Əlirzanın yeri” (hazırda Tofiq Qubatovun pay torpağıdır) , “Aşurun yeri” (qaçqınlar evindən kvartal yola qədər olan ərazi), “Şixirzanın yeri” (aşağı gavalılıq  və ətraf əkin sahələri olan ərazi).

ƏLİRZA İRSİNİN DAVAMÇILARI.

    Əlirzanın iki oğul övladı –Bəkir və Seyidrza olmuşdur.Əlirzanın özü XIX əsrin 90-cı illərində Həcc ziyarətindən qayıdarkən  Qara dənizdə quldurların  basqınına məruz qalıb öldürülmüşdür.Onunla yol yoldaşı olub sağ qayıdanlar baş vermiş hadisəni Əlirzanın yaxınlarına çatdırmışlar.Əlirzanın kiçik oğlu Seyidrza Quba şəhərində yaşayıb XX əsrin 60-cı illərində vəfat etmişdir.Böyük oğlu Bəkir isə gənclik illərini Xaçmazın  “Alekseyevka”(Xoc xaxolları) kəndində yaşayıb işləmiş,1930-cu ildə un üyüdən dəyirman daşının parçalanıb dəyməsi nəticəsində həyatını itirmişdir.Elə orada,Alekseyevka kəndində dəfn olunmuşdur.Bəkirin iki qızı –Nazan və Həva və yeganə oğlu Bəcan Alekseyevkadan Alpana qayıtmışlar.Sonra Nazan Həsənqala (Qusar) kəndinə ərə köçmüş,Həva isə Alpan kəndində ailə qurmuşdur.

    1920-ci ildə doğulmuş Bəcan Bəkiroğlu Alpanda ilk dəfə inşa olunub yanğına məruz qalmış “Uşkola yerində”ki ( Bədəlin evinin üstündəki Niftullagilin evləri olan yer) məktəbdə  Məmməd Rüstəmbəyli və Şahbaba Hacıyevlə bir sinifdə ibtidai təhsilini almışdır.Məhəmməd Babayev  yeni məktəb (indiki ibtidai məktəbi) inşa etdirdikdən sonra yeddillik  təhsilini tamamlamışdır. 1939-cu ildə hərbi xidmətə yollanmış,Finlandiya müharibəsindən başlamaqla İkinci Dünya müharibəsinin sonuna qədər  ağır döyüşlərin iştirakçısı olmuşdur.İki dəfə yaralanmış,Avstriya,Rumuniya və Çexoslovakiyanın azad edilməsində iştirak etmişdir.Döyüşlərdə fəal iştirakına görə  “Döyüş rəşadəti”medalı və başqa medallarla təltif olunmuşdur.1945-ci ildə müharibədən qayıtdıqdan sonra kolxoz dövrünün ən ağır vaxtlarında  dəmirçilik peşəsilə məşğul olub xalqına xidmət edib ailəsini dolandırmışdır.1989-cu ildə dünyasını dəyişib Alpan kəndində dəfn olunmuşdur.Hələ vəfat etməmişdən qabaq xəstəlik keçirdiyi zaman  deyirdi ki,  “Mən bir şeyi yaxşı bilirəm ki,mən öldükdən sonra məni heç kim söyməyəcək.Çünki həyatımı tam olaraq zəhmətlə  yaşamışam və heç kimə pislik etməmişəm.” Onun dəfnində doğrudan da min nəfərə yaxın adam iştirak edirdi.

    Bəcan Bəkiroğlunun  doqquz övladı- beş oğlu və dörd qızı olmuşdur. Övladları içərisində Sahib Babayev Qusar rayon Polis idarəsinin müstəntiqi olmuş və  “Sadval” hərəkatına qarşı mübarizə şəraitində  31 yaşında həyatını itirmişdir. Övladlarının hamısı müxtəlif sahələr üzrə təhsil almış və layiqli vətəndaş mövqeyi sərgiləmişlər. Bəcan Bəkiroğlunun böyük oğlu Zabit Babayev  müasir Azərbaycanın dövlət quruculuğunda müxtəlif vəzifələrdə  çalışmaqla, son iyirmi ili  gənc nəslin təlim-tərbiyəsinə  həsr etmişdir.Zabit Babayev həm də Azərbaycanda ilk dəfə Qubanın müfəssəl tarixini yazan tarixçidir,iki kitab və  çoxlu elmi məqalənin müəllifidir.

           Müəllif: Zabit Babayev.