Alpan tarixinə baxış

2848

    Mən tarixçi deyiləm. Amma tarixə olan marağım və ən əsası, kəndimizə olan sevgim məndə kəndimizin tarixinə başqa bir rakusdan baxmağa həvəs yaratdı. Qeyd edəcəyim məlumatlar oxuduğum kitablar, məqalələr və kənd camaatından eşitdiyim rəvayətlər əsasında tərtib edilmişdir.

Subaba türbəsi, tarix,     Alpan kəndi, Quba rayonu alpan.az    Uşaqlıq dövründə mən müxtəlif əşyaları toplamağı xoşlayardım. Məsələn, topladığım əşyalar arasında yüzlərlə  maşın şəkilləri, müxtəlif ölkələrin pulları, qədim əşyalar və saxsı qabların qırıntılarını görmək olardı. Topladığım əşyalar arasıda ən maraqlısı da elə saxsı qab qırıntıları idi. Bu soyuq saxsı parçaları mənə nəyisə anlatmağa çalışırdı. Amma, bilmirəm biliklərimin azlığındanmı, yoxsa başqa səbəbdən, mən sadəcə bu saxsı parçalarını birləşdirib tam formalı bir əşya tərtib etməkdən başqa heçnə edə bilməzdim. Yadımdadır, mən saxsı parçalarını əsasən kəndimizin ərazisində yerləşən “Təzəpir” ziyarətgahı ətrafından–şumlanılmış sahədən yığırdım. Kitablardan oxuduqlarıma əsaslansam, belə bir qənaətə gəlmək olar ki, saxsı qırıntılarının olduğu bu ərazi qədimdə yaşayış məskəni olmuşdur. Bu yaşayış məskəninə tam əminliklə mədəni yaşayış bölgəsi demək olar. Kəndimizin ağsaqqallarından olan babam Nadir kişidən eşitmişdim ki, qeyd etdiyim ərazidən qədim zamanlarda araba yolu keçmişdir. Və bu yol tarixi ticarət yolu olub Dərbəndlə Qəbələni birləşdirən yollardan biri imiş (Nadir kişi bu yolun “Təzəpir” yaxınlığından keçən hissəsini təmizləməyə də cəhd göstərmişdir.). Belə bir yolun ətrafında yaşayış məskənin olması heç də təəccüblü fikir deyil. Qədimdə Quruçayın (Alpançay) bolsulu çay olması haqqında deyilən rəvayətləri də bu dediklərimə əlavə etsəm, onda çayın sol sahilində yüksək təpəlikdə qədim yaşayış məskəninin olması fikirlərimin doğruluğunu bir daha sübut  edir.

    Tarixi araşdırmalara görə, kəndimizin ərazisində e.ə I minilliyə aid şəhərgah olmuşdur. Ptolemeyin (eramızın II əsri) bizə gəlib çatmış xəritəsində Albaniyanın 29 şəhər və kəndinin adı qeyd edilmişdir. Bunlardan biri də Albana şəhəridir və tarixçilərin fikrinə görə bu şəhər Quba rayonunun Alpan kəndi ərazisində olmuşdur. Kas (Samur) çayı ilə Alban çayı arasında Xəzər dənizinə yaxın ərazidə yerləşən Albananın  Quba ərazisində olduğuna şübhə yoxdur (Bu ərazinin mənim qeyd etdiyim “Təzəpir” yaxınlığındakı ərazi ilə də əlaqəsi olması fikiri istisna olunmur.). Ehtimal olunur ki, bu şəhər köçərilərin Qəbələyə hücumu zamanı tənəzzülə uğramışdır (Digər məlumatlara görə bu şəhər islam dininin buralarda yayılmağa başladığı ilk dövrlərdə (VII-VIII əsrlər) şəhərdaxili müharibə nəticəsində dağılmışdır.).

    Alpan kəndindəki e.ə I minilliyə aid edilən şəhərgah iddia edildiyi kimi Xəzər dənizənə yaxın olmuş Albana şəhəri olmuşdur. Tarixi qaynaqlara görə, bu şəhər Xəzər dənizinə yaxın yerləşmişdir (40 km məsafədə). Nəzərə alsaq ki, dənizin suyunun enməsilə (bu məlumatlar tarixə əsaslanan məlumatlardır) əlaqədar olaraq Xəzərin əvvəlki sahili uzaqlaşmışdır və həmən ərazidə yeni yaşayış məskənləri yaranmışdır. Digər mənbələrdə Albananın Samur çayı yaxınlığında yerləşməsi haqqında məlumatlar verilir. Nəzərə alsaq ki, müasir Alpan kəndi Samur  çayının 30-40 kilometrliyindədir. Onda tam əminliklə qeyd etmək olar ki, qədim Albana müasir Alpan kəndi ərazisində mövcud  olmuş şəhərgahdır.

    Kənd əhalisinin hal-hazırda məskunlaşdığı Alpan kəndinin 4-5 km. qərb tərəfində kəndçilərin “Qələcuq” adlandırdığı sirli-sehrli bir yer var. Tədqiqatçıların araşdırmalarına görə bu yer qədim Alban şəhərinin yerləşdiyi ərazi olub Qalacıq (kiçik qala) kimi adlandırılmışdır.  Əgər  tarixçilər bu ərazidə tədqiqatlar aparsalar nəinki kəndin tarixi, hətta Alban tarixi haqqında da dəyərli məlumatlar əldə etmək olar.

    Qələcuqdan başqa kənd ərazisində kəndin tarixini özündə gizlədib saxlayan digər yerlər də vardır. Onlardan kəndin 3-4 km cənub tərəfində yerləşən Sifəqələ (Sufə qala-ibadət yeri olan qala) deyilən qala yeri, Xan təpəsi (xan oturan təpə) və s. məlumdur.

    Rəvayətə görə, islam dinin Azərbaycanda yayılmağa başladığı ilk dövrlərdə (VII əsrin sonu-VIII əsrin əvvəllərində) Alpan kəndi ərazisindəki qədim şəhərdə dörd dini icma yaşamışdır – xaçpərəstlər, atəşpərəstlər, bütpərəstlər və göy cisimlərinə inananlar. Müsəlmanların çoxaldığı bir vaxtda onların qanunlarının keçərli olması əsas şərt idi. Elə bu səbəbdən bu icmalarla müsəlmanlar arasında ədavət güclənir və onlar arasında münaqişə silahlı qarşıdurmaya gətirib çıxarır.  Onların qanunlarına əməl edənlər, onlara tabe olanlar əfv, digərləri isə qılıncdan keçirilir  və ya şəhərdən qovulurdular. Qovulanlar Sifəqələyə çəkilir, sonra isə Müşkür düzünə və ya dağlara gedirdilər. Bu münaqişəyə  şəhərin böyüyü Qılıc xan rəhbərlik edirdi. Son döyüşdə ağır yaralanıb şəhid olan müsəlman sərkərdəsi vəsiyyət edir ki, öldürüldüyü yerdə dəfn edilsin və başdaşı əvəzinə qılınc qoyulsun. Onun vəsiyyətinə əməl edilir. Həmin yer hal-hazırda “Qılıncpir” adlanır.

    Alpan kəndi ərazisində, daha dəqiq desək, kəndin cənub-qərb tərəfində XVI əsrdə tikildiyi iddia edilən “Subaba” türbəsi vardır. Tarixi rəvayətlərə görə, türbə Şah Təhmasibin 1544-cü il Dərbənd səfəri zamanı Alpan və Kürkündən keçərkən vəfat etmiş ulu babası Şeyx Cüneydin müridlərindən biri olan sufi Mikayılın qəbri üstündə tikilmişdir (Türbənin adının “Subaba” şəklinə düşməsini belə izah etmək olar-Sufbaba, Subbaba, Subaba.). “Subaba” türbəsində dəfn edilən müridin kəndin naxırçısı olmuş sufi Mikayılın olduğu da rəvayət edilir.Türbənin hazırkı vəziyyəti ürək ağrıdıcıdır. Baxımsızlıq üzündən aşınmaya məruz qalmış türbə – tarix göz önündə yox olmaq üzrədir. Türbə 1918-ci il soyqırımında ermənilər tərəfindən dağıdıldıqdan sonra bərpa edilsə də indiki vəziyyəti acınacaqlıdır.

    Alpan kəndi haqqında məlumatların azlığı və sistematik olmaması kəndin tarixi haqqında daha dəqiq fikir söyləməyə imkan vermir. Tarixçilər bu sahədə müəyyən işlər görsələr kəndin tarixi haqqında ətraflı məlumat əldə etmək olar. Məsələn, Qələcuqda və kəndin digər qəbiristanlıqlarında, eləcə də qədim araba yolları ətrafında arxeoloji qazıntılar aparılarsa nəinki Alpan kəndinin tarixi üçün yararlı ola biləcək məlumatlar, həm də qədim Albaniya tarixi haqqında dəyərli dəlillər əldə etmək olar.

Müəllif: İlkin R. Balayev