Cabir Alpoğlu Albantürk.

694

              Kəndçimiz şair-publisist Cabir Alpoğlu Albantürk (Cabir Səbrullah oğlu Ağaoğlu) 6 may 1961-ci ildə Quba rayonunun Alpan kəndində müəllim ailəsində anadan olub. 1978-ci ildə Alpan kənd orta məktəbini fərqlənmə ilə bitirən Cabir bəy 1979-1981-ci illərdə hərbi xidmətdə olub.Əsgərlikdən sonra Bakı Maliyyə Kredit Texnikumunda təkmilləşmə və ixtisas artırma kursunu bitirmiş və əmək fəaliyyətinə davam etmişdir. Cabir bəyin nə ali nə də orta ixtisas təhsili var. Sadəcə, bu yaradıcı insan öz üzərində çalışıb bu səviyyə gəlib çatıb. O, 1982/89-cu illər arası Quba Mərkəzi Əmanət bankında nəzarətçi-xəzinədar vəzifəsində çalışmışdır.1997-ci ilədək  müxtəlif vaxtlarda Konserv zavodu və İnşaat briqadasında , Meşəçilik və meyvəçilik təsərrüfatı sahələrində işləmişdir.

    Cabir bəy yaradıcılığa 1983-cü ildən başlamış və onun yazıları dövrü mətbuatda dərc edilimişdir. Şair-publisist Cabir bəy müxtəlif illərdə müxtəlif təxəllüslərlə  yazılar,məqalələr şeirlər yazmışdır. Əvvəllər C.Ağayev, C.Zaman,C.Alpoğlu imzaları ilə çıxış edib. Müxtəlif imzalarla çıxış etməyinin səbəbini Cabir bəy belə izah edir: “Başqa imzalarım da olub, müxtəlif dövrlərə,mövzulara uyğun imzalar qoymuşam yazılarıma,şeirlərimə… məni şöhrət, tanınmaq bir elə maraqlandırmır, əsas məqsədim fikirlərimi çatdırmaqdir… qısası bu qədər”

    1997-2000-ci illərdə Qubada fəaliyyət göstərən “Gülüstan” ədəbi məclisinin sədri olub. Həmçinin “Gənclik” “Məcməüş-şüəra”, “Ay işığı” ədəbi məclislərinin iştirakçısı bir neçə qəzetin bölgə yazarı olub.1998-ci ildən II qrup gözdən əlil olmaqla Yaradıcı əlillərin 2-ci, 4-cü və 5-ci Ümumrespublika yaradıcılıq baxış-müsabiqələrinin, habelə Dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümü ilə bağlı istiqlalçı deputatların 2011-ci ildə keçirdiyi müsabiqənin də qaliblərindən olub.

    Şair-publisist Cabir bəyin üç kitabı işıq üzü görüb. İlk kitabı olan  “Qədim Alpan və Albanlar”(2007) kitabında Alpan kəndi, qədim albanlar haqqında geniş tarixi məlumatların və araşdırmaların yazarın anlaşıqlı dildə oxucuya çatdırılmasının şahidi oluruq. Daha sonra onun “Yaralı Varlığımız”(2009) və “Üçüncü nöqtə” (2011) kitabları nəşr edilmişdir.

    Cabir bəy haqqında dövrümüzün sayılıb-seçilən şairləri, yazarları və publisistləri xoş sözlər yazmışlar. Onun yaradıcılığına biganə olmamış şeir və yazılarını yüksək qiymətləndirmişlər. Hazırda Cabir bəyin yazıları dövrü mətbuatda və elektron nəşrlərdə mütamadi işıq üzü görür. Müəllifin oxucularının sayı günü-gündən artmaqdadır.

           Daha sevindirici bir xəbər isə yaxın günlərdə Cabir bəyin Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv seçilməsidir. Cabir bəyi bu münasibətlə təbrik edirəm və uğurlarının davamlı olmasını arzulayıram. Yaxın gələcəkdə AYB üzvü olacaq kənçilərimin artmasını arzu edirəm.

Müəllif: İlkin R. Balayev