Qvami Məhəbbətoğlu

834

    Qvami Məhəbbət oğlu Rəsulov 20.07.1959-cu ildə Quba rayonun Alpan kəndində müəllim ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra ali məktəbə qəbul olunur və  1986-cı ildə Bakı Dövlət Universitetinin  Filologiya fakültəsini  bitirir.

   Qvami müəllim 18 ilə yaxın Səttərxan adına maşınqayırma zavodunda çalışıb və bu müəssisənin “Qabaqcıl texnika uğrunda ” qəzetində yazıları dərc olunub. Bir müddət “Hüriyyət” qəzetində fəaliyyət göstərib. 1998-ci ildən isə “Zaman-Azərbaycan”da çalışır.  Qvami müəllimin müxtəlif tipli gündəlik xəbərlərin,yazıların dərc edildiyi alpaninfo.com saytı da var ki, onun yaradıcılığı ilə oradan yaxından tanış olmaq olar.

    Qvami Məhəbbət oğlunun dövrü mətbuatda yazıları vaxtaşırı dərc edilir. Hadisələrə özünəməxsus yanaşma tərzi olan yazarın yazılarında fərqli fikirlər,sətraltı ifadələr xüsusi ustalıqla oxucuya çatdırılır. Cümlələrin axıcılığı,fikrin dolğun ifadə edilməsi və maraqlı yanaşma tərzi oxucunu yormur. Qvami müəllimin gözəl yumor hissi var. Onun yazılarında bu diqqətdən qaçmır.“Hərdən gülməyim gəlir”(2011) müəllifin  ilk kitabıdır və çox maraqlı üslubda yazılıb.

    Onunla ilk tanışlığım alpan.az saytını yaratdığım vaxta təsadüf edir. Sosial şəbəkələr vasitəsilə yazışmalarımız olsa da şəxsi tanışlığımız yox idi. Bir dəfə özü görüşməyimizi təklif etdi və görüşüb tanış olduq. Mənə ilk kitabını hədiyyə də etdi. Səmimi söhbətimiz alındı. Məsləhətlərini dinlədim.  İlk tanışlığımızdan məndə müsbət fikir yaratmışdı Qvami müəllim. Yaş fərqimizin çox olmasına baxmayaraq o mənim fikirlərimi səbrlə dinləyir və öz qeydlərini də edirdi. İlk tanışlığımızdan sonra bu təvazökar insanla bir çox məsələləri müzakirə etdik. 

Müəllif: İlkin R. Balayev