Alpan xalçası

830

İSTEHSALI

    Bu xalça kompozisiyası Quba rayonunun Alpan, Susay və Səbət kəndlərində yayılmışdır. XIX əsrin ikinci yarısından başlayaraq Qusar rayonunun xalçaçılıq məntəqələrində də geniş yayılmağa başlamışdır.

BƏDİİ XÜSUSİYYƏTLƏ

    «Alpan» xalçalarının bədii kompozisiyası iki varianta malikdir.

Birinci variant.

    Bu xalçaların ara sahəsinin kompozisiyası kvadrat şəbəkə prinsipi əsasında qurulmuşdur. Kompozisiyanın əsas elementlərindən biri olan kiçik və orta çoxbucaqlı göllər rapport oxlarının təpələri boyunca keçən künc nöqtələrini təşkil edir. «Xərçəng» adlanan element göllərin ətrafında diaqonal xətt boyunca yerləşərək xalçanın kompozisiya əsasını təşkil edir. «Alpan» qrupundan olan bütün xalçaların bütövlükdə köbəsi və ayrılıqda hər bir zolağı Azərbaycanın digər xalçalarının köbə zolaqları ilə oxşardır. Birinci variantda olan «Alpan» xalçalarının ara sahəsi əksər hallarda göy və ya mavi olur. Bəzən qırmızı və ya açıq – şabalıdı fonlu xalçalara da rast gəlinir. Köbə zolaqlarının rəngi ara sahənin rənginə uyğunlaşdırılmışdır.

İkinci variant

    «Alpan» xalçasının ikinci variantının kompozisiyası birinci variantın kompozisiyasından tamamilə fərqlənir. İkinci variantın kompozisiyası rombşəkilli şəbəkə təşkil edir. Bu şəbəkə kiçik məsafələrlə, üfiqi istiqamətdə simmetrik və şaquli istiqamətdə asimmetrik yerləşmiş bir neçə rapportdan ibarətdir. Burada qırıq xətlərlə yerinə yetirilmiş bitki elementləri rapport ox boyunca yerləşdirilmişdir. Bu variantda olan xalçaların fonu əksər hallarda ağ, nadir hallarda göy olur. Haqqında söhbət aparılan xalça 1283-cü ildə toxunmuşdur.

TEXNİKİ XÜSUSİYYƏTLƏRİ

    «Alpan» xalçalarının ölçüsü 100x150sm-dən 125x180sm-ə qədər olur. Nadir hallarda birinci variantdan olan xalçaların böyük ölçüsünə rast gəlmək olur (iki göllü).

    İlmələrin sıxlığı 38×38-dən 45×45-ə qədərdir (bir kvadrat metrdə 145000 ilmədən 200000 ilməyə qədərdir, bir kvadrat metrində 250000 ilmə olan xalçalara da rast gəlinir).

Xovun hündürlüyü 5-7mm-dir.

Axtarıb-tapan: İlkin R. Balayev