“Alpan” toponimi haqqında

686

Alban // Alpan mifoloji toponimi

    Türk xalqlarının, eyni zamanda Azərbaycan xalqının məişətində movcud olan dil və folklor materiallarını tutuşdurarkən mifologiyamızada xüsusi yer tutan “Al” tapınışı ilə əlaqədar mifoloji toponimlərin  olması üzə çıxır.

    Materialların təhlili göstərir ki, Azərbaycan dilində Al tapınışı ilə bağlı olan toponimlər 3 fonetik variantda işlənir:

  1. Al  morfemi  və digər hissəciklərdən ibarət mifoloji toponimlər:

Alban, Alpan, Alpout, Allar, Alar, Alpı Aldədə və s.

  1. Ala morfemli və hissəciklərdaən ibarət mifoloji topnimlər:

Alakol, Alaşa, Alaşar, Alatava, Ala göllər, Alazan , Alagöz, Alaqurşaq. və s.

  1. Al//Əl fonetik dəyişməsi işlənən mifoloji toponimlər: Ələt,Ələyəz,       Dərələyəz, Əlincə və s.

Tədqiqatlar göstərir ki, Al tapınışı ilə əlaqədar toponimlər əksər türk xalqlarında geniş yayılmışdır. Biz isə imkanımız daxilində yalnız Azərbaycanda qeydə alınan həmin toponimləri tədqiqata cəlb edəcəyik.

              Alban\\Alpan. Quba rayonunda kənd.Quruçayın sahilində, Qusar maili düzənliyindədir. Toponim özündə qədim alban tayfasını adını əks etdirir. Alban\\ Alpan adı indi də Orta Asiyada türkdilli xalqlarda: qırğızlarda, qazaxlarda, qaraqalpaqlarda, buryatlarda tayfa adı kimi mövcuddur.Adın alban formasına ilk dəfə e.ə. I əsrdə başlayaraq antik mənbələrdə təsadüf olunur.

    “Kitabi-Dədə Qorqud” dastanında isə alpan  şəklində işlənmişdir. Alban\\ Alpan adının qədim türk dilli etnosun adını bildirməsi  heç kimdə şübhə doğurmur. Ancaq onun mənası haqqında tədqiqatçılar müxtəlif fikirlər yürüdürlər.

    N.Y.Marr, A.Yanovski, K.V. Trever, R.M.Maqomedov, Z.İ. Yampolski və başqaları bu fikirdədilər ki, “alban” adı latın mənşəli söz olub “yüksəkliklər, dağlar ölkəsi” mənasını verir.

    A.Bakıxanov “Alban” etnoniminin tərkibindəki “alb” hissəsini latın dilindəki “alp” sözü ilə əlaqələndirir və bunun da mənası təxminən “ucalıq, hündürlük” anlayışına yaxındır.

    K.V.Trever isə bu sözün “dağ” mənasında kelf mənşəli “alp” morfemi ilə bağlı olduğunu göstərmişdir. Şotlandiyanın adının qədim keltcə Albaniya olduğunu və Şotlandiyanın ən dağlıq adalarından birinin Arran adlandığını da qeyd etmişdir.

    Ə.Dəmirçizadə “50 söz” kitabında “Alban” adının etimologiyasından danışarkən bu sözün mixi yazılarında “al-ban” şəklində yazıldığını, “şimal əyalət”, “dağlıq”, “dağıstan” mənalarında olduğunu göstərmişdir.

    K.Əliyev “alban” sözünü Xevusar ayalət kahinlərinin dilində olan “müqəddəs meşə” mənasında “alvani” sözü ilə müqayisə etmiş, lakin “alban” sözünün bu sözdən ola biləcəyini güman etməmişdir.

    A.Məmmədov və Y.Yusifov isə öz əsərində Altan\\ Alpan, arran, ağvan sözlərini “işıqlı,parlaq səma” mənalarında izah etmiş və onu mənşəcə avarlara tətbiq olunan halbi sözü ilə əlaqələndirmişlər.

    O.Kazımov da “Azərbaycan dilinin tarixi” kitabında Albaniya, Alban toponiminin etimologiyası haqqında ətraflı danışmış və onun türk dillərinə məxsus “cəsur, igid” mənalarını verən “alp” və “an” hissələrindən ibarət olduğunu bildirməklə, Albaniya adının “igidlər,cəsurlar ölkəsi” mənasına gəldiyini vurğulayır.

    Q.Qeybullayev, Q. Məşədiyev, M. Adilov, B. Budaqov, F. Xalıqov və  digər  tədqiqatçıların da Alban\ Alpan\ Alpout toponimi haqqında fikirləri belədir ki, həmin söz “igid, cəsur” mənasını ifadə edən türk sözü “alp” və “an” morfemlərindən ibarətdir.

    Alban\ Alpan toponimi haqqında deyilənləri nəzərdən keçirdikdən sonra belə qənaətə gəlmək olur ki, tədqiqatçıların bu söz haqqındakı fikirlərini iki yöndən araşdırmaq olar:

  1. Bir qrup tədqiqatçı hesab edir ki, Alban\ Alpan adı türk mənşəli olmayıb, “alp” və “an” hissələrindən ibarətdir ki, bu da “uca,dağlıq yer” mənalarına gəlir.
  2. Digər bir qrup araşdırmaçılar isə elə düşünürlər ki, “Alban” toponim “al” və “ban” morfemlərindən əmələ gəlib və türk mənşəli sözdür. Mənası isə əvvəldə qeyd etdiyimiz kimi, hündürlük, yüksəkliklə əlaqədardır.

    Biz isə Alban\ Alpan toponimi haqqında o fikirdəyik ki, bu ad türk mənşəlidir və “al” morfemi ilə “ban”-ın birləşməsindən əmələ gəlmişdir.            Burada “al” qədim türklərin mifologiyasından gələn “Al” tanrısı ilə əlaqədardır ki, o da “ucalığı, yüksəkliyi” ifadə edir.Yəni Alban sözündən “ucalıq, yüksəklik” həmin “Al” tanrısından qalan yüksəklikdir. “Ban” morfemi də qədim türklərdə yer mənasını ifadə edən sözdür.

    Yekun olaraq o qənaətə gəlirik ki, Alban\ Alpan toponimi qədim türklərin mifik dünya görüşü ilə əlaqədar olaraq meydana çıxmış və zaman kecdikcə etnonim və toponimə çevrilmişdir.

                                                     Müəllif: Tapdıqov Adil Səməndər oğlu.(AMEA Nəsimi adına Dilçilik İnstitutu)

Paylaş
Əvvəlki məqalə“ALPAN” sözü
Növbəti məqaləAlpan xalçası