Babayev Zabit Bəcan oğlu

564


    Babayev Zabit Bəcan oğlu 1952-ci ildə Quba rayonunun Alpan kəndində anadan olub. Uşaqlığını Alpan kəndində keçirən Zabit müəllim tarixçi olmaq arzusunda idi. Kənd məktəbini əla qiymətlərlə bitirən Zabit müəllim 1976-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsinə qəbul edilib. 1981-ci ildə universiteti əla qiymətlərlə bitirib.

    Zabit müəllim ali məktəbdə oxuduğu illərdən ictimai işlərlə məşğul olmuşdur. Elə bu səbəbdəndir ki, o  1989-1991-ci illərdə Quba ərazi partiya komitəsinin katibi vəzifəsində çalışmışdır.

    1996-1997-ci illərdə Sabir adına sovxozun direktoru işləmişdir. İdarəetmədə qazandığı təcrübə onu yenidən 2000-ci ildə  Quba Rayon İcra Hakimiyyətinin başçısının Alpan İnzibati Ərazi Vahidliyi üzrə nümayəndəsi vəzifəsinə təyin edilməsi ilə nəticələnmiş və o bu vəzifədə 2004-cü ilədək çalışmışdır.

    Zabit müəllim inzibati idarəetmə ilə yanaşı həm də kənd məktəbində tarix müəllimi vəzifəsində də çalışmışdır. 1999-cu ildən davamlı olaraq kənd məktəbində çalışan Zabit müəllim məktəbimizdə tarix fənninə marağın artırılmasına çalışmışdır.

    Zabit müəllimin tarix elminə olan marağı onun elmi fəaliyyətində də özünü göstərir. Onun elmi məqalələri tez-tez dövrü mətbuatda dərc edilir. Onun  tarixi araşdırmalarının nəticəsi olaraq  Qubanın ilk müfəssəl tarixi yazılmışdır. Bu həm də Zabit müəllimin ilk kitabı idi. “Qədim Quba” adlanan bu kitab tariximizə yeni baxış formalaşdırdı. Zabit müəllim uzun illər qazandığı savadı və bacarığından istifadə edərək dolğun bir əsər yaratmışdır. Hal-hazırda  Zabit müəllim “Ermənilər və haylar. Erməni problemi” adlı kitabını çapa hazırlayır.

    Zabit müəllim sağlam mənəvi mühitdə, savadlı insanların əhatəsində, millətimizin zülm və fəlakətlərdən uzaq bir şəraitdə yaşamasını görmək arzusu ilə yaşayır və fəaliyyət göstərir.

Müəllif: İlkin R. Balayev