BİR ADQOYMA ADƏTİ HAQQINDA

363

Anam, bacım, qız gəlin,

Əli, ayağı düz gəlin,

Yeddi oğul istərəm,

 Bircə dənə qız gəlin.

 

         Xalqımızın çox zəngin toy-düyün adətləri var. Quba bölgəsində bu gün də yaşamaqda olan belə adətlərdən biri təzə gəlinə xüsusi adın verilməsi ilə bağlıdır. Digər bölgələrimizdə də gəlinlərə bəzi adlar verilir. Ancaq bu advermə Qubada olduğu kimi canlı mərasim, ənənə şəklində yaşamır. Çox güman ki, bu adət digər bölgələrimizdə də olmuş, lakin zaman keçdikcə unudulmuşdur. 

         Ənənəyə görə, gəlin üzə çıxan vaxt(bu adətə “üzgördü” də deyirlər) qohum-qardaş, yaxın qonşular bir araya gələr, təzə gəlin də qonaqlara çay verərdi. Üzəçıxdı mərasimi Qubanın bəzi kəndlərində bir qədər fərqli şəkildə də icra olunmuşdur. Belə ki, kişilər bir otağa, qadınlar digər otağa yığışar, gəlin qadınlar olan otağa girərək baş əyib salam verər, bəy də eyni qaydada kişilərin yığışdığı otağa girərək baş əyib salam verərdi. Bununla da üzəçıxdı mərasimi tamamlanardı. 

          Üzəçıxdı zamanı qayınata, qayınana(onlar yoxdursa, ailənin ən böyük üzvü) gəlinin gəlinlik adını orada olanlara elan edər və bundan sonra onu bu adla çağırardılar. Qayınata gəlinə ad verəndə ona bəxşiş verər, nə isə bir şey alacağını vəd edərdi. 

          Ümumiyyətlə, ad vermədə bir sıra xüsusiyyətlər nəzərə alınır və ad gəlinin müəyyən əlamətinə və vəziyyətinə uyğun olaraq verilir. Bunlardan biri gəlinin böyük, ortancıl və ya kiçik olmasına uyğun adın verilməsidir. 

          İlk gəlinə (böyük gəlinə) Ağabacı, Xanbacı, Xanımana, Anaxanım, Xanbibi, Böyükxanım kimi adlardan birini verərdilər. Bu adlar onun gəlinlərin böyüyü, ilki olduğunu bildirmək üçündür. Bu adların tərkibindəki “xan”, “ağa”, “ana”, “böyük” sözləri böyüklük mənasını ifadə edir. Ad verdiyi böyük gəlininə və oğluna işarə ilə ata: “Özünüzə yeni vətən tapın”, -söyləyərdi. Məclisdə olanlardan biri də belə oxuyardı:

                                        Gəlin gəldi, xan gəldi, 

                                        Evləri yıxan gəldi.

                                        Özünüzdən muğayat olun, 

                                        Başları qırxan gəldi.

           İfa olunan bu bayatıda qədim bir etnoqrafik adətə işarə olunmuşdur. Belə ki, qayınatanın başının qırxılması vəzifəsi gəlinin boyununa düşürdü. Digər yandan da eyhamlı şəkildə gəlinin hökmranlıq istəklərinə də toxunulmuşdur. 

           Ortancıl gəlinin özünəməxsus adı yoxdur. Ona ümumi gəlin adlarından(Şəkərbacı, Şirinbacı, Şirincan, Şəkərcan, Şirinxala, Şirinbibi, Sonacan, Xonçacan, Xonçabacı, Gülabcan, Noğulbacı, Noğulcan, Gəlincan Gəlinbacı, Mirvarican, Xanımbacı, Gülbacı, Nurbacı, Qızbibi, Qönçəbacı, İydəcan, Püstəcan, Badamcan, Güldostu, Canbacı, Aymama kimi) birini verərdilər. Qayınatası ortancıl gəlininə və oğluna: “Özünüzə yeni ev tapın”,- deyərdi.

          Kiçik gəlinə, adətən, Balagəlin adını verərdilər. Qayınatası da ona ev-eşiyini, mal-mülkünü, üstəlik zarafatla qayınanasını da mükafat olaraq verdiyini söyləyərdi. 

         Bundan başqa, ən istəkli, sevimli gəlinə(xas gəlinə) Bahagül, Gülbaha, Şahbacı adlarından birini verməklə, onu digərlərindən üstün tutardılar. Tək oğlu olan ata-ana isə gətirdikləri gəlini Bircəgəlin, Bircəbacı, Bircəbibi adlandırardılar. Əgər gəlin qonşu kənddən və ya digər bölgədən gətirilibsə, ona Qəribcan adını verərdilər.

         Gəlinlərə belə adların verilməsi heç də təsadüfi olmayıb əskidən bəri davam edən ənənədən qaynaqlanmaqdadır. Məlumdur ki, qədim türklərdə advermə geniş yayılmış bir mərasim olmuşdur. Bu mərasimin izləri öz əksini əksər dastan və nağıllarımızda da tapmışdır(məsələn, “Əsli və Kərəm”, “Tahir və Zöhrə” dastanlarında, bir sıra nağıllarda yeni doğulmuş uşağa, “Kitabi-Dədə Qorqud” dastanlarında isə qəhrəmanlıq, hünər göstərmiş şəxsə adqoyma mərasimi keçirilir).

          Adlar fərdin sosial düzəndəki yerini göstərirdi. Gəlinlərə ad verilməsi də bu ənənə ilə bağlıdır. Əski türk toplumlarında adqoyma şəxsin bir sosial statusdan digərinə keçməsini ifadə edirdi. 

Söhbət zamanı söyləyicilərə “Gəlinlərinizə niyə ad verirsiniz?” sualı ilə müraciət etdik. Onlar bu adları gəlinlərinə hörmət əlaməti olaraq, əzizləmək üçün və xüsusilə uşaqların onları bu adlarla çağırması üçün verdiklərini bildirdilər. Söyləyicilərin bir neçəsi isə bu cavabla yanaşı, “gəlin olduğu bilinsin” deyə əlavə etdi. Bu sonuncu yuxarıda qeyd etdiklərimizi bir daha təsdiqləyir. 

          Gəlin adlarının quruluşları, yaranma yolları da maraq doğurur. Toplayıb öyrənə bildiyimiz adları incələyərkən onların müəyyən bir qaydaya tabe olduğunu gördük. Adlar iki hissəli olub, ikinci hissələri “can”, “bacı”, “gəlin”, “xanım”, “mama”, “dostu”, “xala” kimi sözlərdən ibarətdir. Məsələn, Nazbacı, Gəlinbibi, Bircəgəlin, Bikəxanım, Güldostu, Şirinxala, Aymama və s.

           Adların birinci tərəfləri daha rəngarəngdir və müxtəlif mənalı, məzmunlu sözlərdir. Bu sözləri aşağıdakı kimi qruplaşdırmaq olar:

1. Şirniyyat mənalı: Noğulcan, Şəkərbacı, Şirincan, Şirinbibi, Şirinxala;

2. Gül, meyvə mənalı: Laləcan, Mixəkcan, Bəhərcan, Qönçəbacı, İydəcan, Gülbacı, Gülabcan, Püstəcan, Güldostu, Badambacı;

3. Quş, bəzək əşyası mənalı: Sonacan, Minəcan, Mirvarican, Minəbacı, Xonçabacı

4. Böyüklük və kiçiklik və ya istəklilik bildirən: Ağabacı, Xanbacı, Xanbibi, Böyükxanım, Şahbacı, Balagəlin, Bahagül, Bircəgəlin, Bircəbacı, Bircəbibi

Bunlar, təbii ki, adların hamısını əhatə etmir. Gəlinlərin xüsusiyyətlərinə, müəyyən əlamətlərinə görə onlara verilən adlar çox zəngindir. Adların birinci tərəfləri müxtəlif mənalı, məzmunlu sözlər olsalar da, hamısı özündə incəlik, zəriflik, qiymətlilik və əzizləmə kimi xüsusiyyətləri birləşdirir. 

 

 

A

Ağabacı 

Anaxanım

Aymama

 

B

Badambacı 

Badamcan 

Bahagül 

Balagəlin

Bəhərcan

Bikəxanım 

Bircəbacı

Bircəbibi 

Bircəgəlin 

Böyükxanım

 

C

Canbacı

 

G

Gəlinbacı

Gəlinbibi

Gəlincan

Gülabcan

Gülbacı

Gülbaha

Güldostu

 

X

Xanbacı 

Xanbibi

Xanımana 

Xanımbacı

Xonçabacı

Xonçacan

 

İ

İydəcan

 

Q

Qəribcan

Qızbibi 

Qönçəbacı 

 

L

Laləcan

 

M

Mixəkcan

Minəbacı

Minəcan 

Mirvarican

 

N

Nazbacı 

Noğulbacı 

Noğulcan

Nurbacı 

 

P

Püstəcan

 

S

Sonacan

 

Ş

Şahbacı

Şəkərbacı

Şəkərcan 

Şirinbacı 

Şirinbibi

Şirincan 

Şirinxala

Müəllif: Fərhad Fərhadlı