Alpan məktəbi haqqında qeydlər

495

    Təzəliklə Qvami müəllimin yeni  yazılarını da oxuduq. Birbaşa Alpan məscidi və Alpan məktəbi barədə fikirləri də digərləri kimi maraqla qarşılandı və gözəl müzakirələrə səbəb oldu. Müzakirələr elə maraqlı ürəkdən aparılır ki, şəxsən mən kəndimin ziyalıları ilə qürur duydum.

    Fəlsəfədə belə bir fikir var ki, ziddiyyətlərin toqquşmasından inkişaf yaranır. Ziyalılarımızın apardığı diskussiyalar da bunu sübut edir. Mən də bu diskussiyalara qoşulub öz fikirlərimi bildirmək qərarına gəldim.

Alpan məsçidi, tarixi məsçid, islam, din, alpan.az
Alpan məsçidi, tarixi məsçid, islam, din, alpan.az

    Qvami bəyin məqsədi Alpan kənd məktəbinin tarixinə aydınlıq gətirməkdir. Bu arada Alpan kənd məscidi də söhbət mövzusuna çevrilib. Məscidin minarəsinin olub- olmaması barədə müxtəlif fikirlər söylənilir. Bununla əlaqədqr mən də öz fikrimi sizinlə bölüşmək istərdim. Əvvəl məscid barədə.

    Azərbaycan milli memarlığında iki cür məscid nümunəsinə rast gəlinir. Birinci nümunə minarəsi ayrıca yanında ucaldılan məscidlərdir. Bizim Quba meydanında yerləşən cümə məscidi kimi. İkinci nümunə isə cümə məscidindən bir az aralı yerləşən Səkinə xanım məscididir . Bu tip məscidlərin minarəsi binanın damında yerləşir. Damın qübbəsinin düz altında yerləşən meydançaya və ya kiçik otağa qalxan müəzzin qübbənin dörd tərəfində yerləşən pəncərələrdən əzan verir. Alpan məscidi də çox güman ki, tikildiyi zaman bu formada olmuşdur.

Quba cümə məsçidi və meydan

    Bir tarixi faktı da xatırlamağımız yerinə düşər məncə. Tarixi mənbələr Dədə Qorqudun VII əsrdə Dağıstanda İslam ordusunun tərkibində bütpərəstlərə qarşı vuruşarkən şəhid olduğunu xəbər verir. Onun qəbrinin də məşhur tarixi Dərbənd qəbiristanlığında olduğu məlumdur. (Yeri gəlmişkən Dərbəndən olan bir şagirdim Qaraca Çobanın qəbrinin də Dərbənd qəbiristanlığında olduğunu deyərdi. Bir də heyrətlə qəbrin cox böyük olmasından söz açardı. )

    Bu fakt İslamın Azərbaycanda VII əsrdə Hz. Ömərin dövründə qəbul edildiyini bir daha sübut edir.

    Azərbaycanda, o cümlədən də Alpanda məscidlər elə o zamanlardan tikilmiş və məscidlərin yanında elm öyrədən mədrəsələr də o vaxtlardan fəaliyyət göstərmişdir.

    Hamı mənimlə razılaşar ki, indiki məscidimiz kəndimizin birnci ibadətxanası deyil. Qubanin zəlzələ zonasında yeləşməsi, kəndin il-ildən böyüməsi bugünkü məscidin ikinci, üçüncü , bəlkə də dördüncü ola biləcəyindən xəbər verir.

    Alpan kimi böyük yaşayış məntəqəsində məscidin yanında mədrəsənin də olmaması mümkün deyil. Sonuncu mədrəsə otaqları Zabit müəllimin dediyi kimi taxıl anbarı kimi istifadə olunurdu.

    Azərbaycanda istər İslamdan əvvəl istərsə də sonra bilik həmişə yüksək səviyyədə olmuşdur.

İbtidai məktəb binası

    XVII əsrdə Azərbaycana gələn alman alimi Adam Oleari öz xatirələrində yazırdı: “Azərbaycanda yazıb oxumağı bacarmayan adam tapmaq çətindir.”

    Sovet hakimiyyətinin mollaxana adlandırdığı mədrəsələr yalnız dini bilik vermirdi. Orada həmçinin riyaziyyat, həndəsə, coğrafiya, tarix, ədəbiyyat, ərəb və fars dilləri də öyrədilirdi. Nizami, Füzuli, Nəsimi və s. kimi dahilər məhz mədrəsədə yetişmişdirlər.

    Yazılarda fikir ayrılığına səbəb olan faktlardan biri Zaman bəyin ilk təhsilini harada almasıdır.Mədrəsələrin o zaman Azərbaycanda yeganə təhsil ocaqları olduğunu qəbul ediriksə Zaman bəyin də ilk təhsilini məscidin yanındakı mədrəsədə alması tamamilə mümkündür və çox güman ki belədir.

Alpan ibtidai məktəbi-1932

    Alpanda ilk məktəbin 1910-cu ildə açılması fikrini də təbii qarşılamalıyıq. Çünki , bu məktəb rus dilində təhsil verən müasir məktəb idi, ilk müəllimi də Mariya Timofeyevna adlı rus olmuşdur.

    Həmin məktəbin Zaman bəygilin evində açılması faktı da mübahisə obyekti olmamalıdır. Öz savadı, dünyagörüşü, milləti üçün fədakarıığı ilə seçilən bir bəyin evində məktəb açdırması faktına Azərbaycanın digər bölgələrində də rast gəlinib.

Alpan kənd orta məktəbi-1969

    Rəhmətlik Qəzənfər müəllimin dediyinə görə Hənifə xanımın evinin yanında Zaman bəygilin 6 otaqlı imarəti olmuş, imarətin 2 otağinda məktəb yerləşdirmişlər. Həmin ev barədə mən gənc ikən yaşlılardan eşitmişdim. Bu faktı bu gün Ceyhun bəy də təsdiq edir. Həmin ev yandıqdan sonra onlar Şələçi məhəlləsində Kənan bəyin dediyi 2 otaqlı evi tikdirmişlər və bir otağı da yenə məktəbə vermişlər. İndi də uşkula yeri adlanan yer həmin yerdir.

    Digər bir diskussiyaya səbəb olan fikir isə Zaman bəyin 1910-cu ildə həm Alpan ibtidai məktəbində həm də həmin ildə Dərbənd Realnı məktəbində oxumasıdır.

    Məncə bunu da təbii qarşılamalıyıq. Yəqin ki, o, həmin ildə mədrəsəni ya bitirmiş ya da yarımçıq qoyaraq Dərbənd rus məktəbində təhsil almağa getmişdir.

Tərcümeyi hal Zaman bəy Qayıbov
Tərcümeyi hal Zaman bəy Qayıbov

    1915-ci ildə kənddə ilk məktəb tikilmiş və həmin bina 1926-cı ildə yanmışdır.Bu da faktdır. Zaman bəyin də həmin ildə müəllim fəaliyyətinə başlaması isə özünün yazdığı tərcümeyi halında göstərilir. Mübahisə doğuran cəhətlərdən biri də budur. Yanmış, binası olmayan məktəbdə necə müəllim işləmək olar. Məncə hər iki fakt doğrudur. Burada çox sadə bir nüansı gözdən qaçırırıq. Köhnə məktəbdə oxuyanların yaxşı xatirindədir ki, bəzən bina darısqallıq edər, bütün sinifləri tutmazdı. O vaxt 1 və ya 2 sinfi haradasa kənar otaqlarda yerləşdirilərdi. Yadımdadır, 6-cı sinifdə oxuduğumuz zaman sinfimizi poçt  yerləşən binanın bir otağında, indiki çayxanada yerləşdirmişdilər. 1926-cı ildə məktəbin yandığı vaxt da bu üsuldan istifadə oluna bilərdi. Hər tərəfdən meşə ilə əhatə olunmuş kənddə ağac materialı problem ola bilməzdi. Binanı yenidən tikmək üçün ehtiyac duyulan qədər çiy kərpicin hazırlanması isə böyük bir kəndin əhalisi üçün çətin olmazdı. Mən belə düşünürəm ki, məktəb binasının yanması tədrisin gedişinə təsir etməmişdir.Dərslər harada isə keşilmiş, bina isə bir neçə ay müddətində təmir edilərək istifadəyə verilmişdir. Zaman bəy də həmin ildə Alpan kənd məktəbində müəllim işləməyə başlamışdır.

    Bütün bunlar mənim subyektiv fikirlərimdir. Məncə axtarışlar davam edəcək və yeni faktlar üzə çıxacaqdır.

Hamıya uğurlar.

Müəllif:Neman Qədirbəyli

PS: Yazıda Qvami müəllimin “Zaman…nələr söyləyir” məqaləsinə istinadən müzakirələrdən söz açılır.