Alpanın kameral təsvirləri barədə

507

    Zaman-zaman tərtib edilmiş “kameral təsvir” adlanan siyahıyaalınma məlumatları kəndimizin tarixini öyrənməkdə müəyyən əhəmiyyət kəsb edir. Bəri başdan qeyd edək ki, həmin kameral təsvirlərdə əhalinin sayı, dini mənsubiyyəti, məşğuliyyəti ilə yanaşı, digər müəyyən qeydlər də yer alıb. Kameral təsvirlərin tərtibində əsas məqsəd çar Rusiyasının Azərbaycan ərazilərində vergi subyektlərini müəyyənləşdirməkdən ibarət olub.
    Hər şeydən əvvəl, həmin siyahıyaalmalar ayrı-ayrı şəxslərin öz şəcərələri haqqında müəyyən biliklər əldə etməsinə imkan verir. Həmin sənədlərdə kişi cinsindən olan şəxslərin adları, yaşları, ailə tərkiblərinin sayları öz əksini tapıb. Adların qarşısındakı rəqəmlər şəxslərin yaşlarını göstərir. Bir mühüm məlumatı da diqqətinizə çatdıraq ki, tarixçilər orta yaşı 25 il göstərməklə bir əsrdə 4 nəsilin dəyişdiyini qəbul edirlər.
    Tarixi mənbələrə görə, bu siyahıyalmalar müxtəlif bölgələrdə müxtəlif illərdə tərtib olunub. Alpanla bağıl əldə etdiyimiz kameral təsvirlər isə 1831, 1850, 1863, 1874-cü illərə məxsusdur. Deyilənlərə görə, kəndimizdə 1886-cı ildə də siyahıyaalma aparılıb. Lakin həmin sənədlə bağlı axtarışlarımız hələlik heç bir nəticə verməyib. Güman edirəm ki, bu istiqamətdə apardığımız axtarışlar öz bəhrəsini verəcək. Odur ki, bu yazıda əlimizdə olan kameral təsvirlərdən qısa söz açmaqla kifayətlənəcəyik.
1831-ci il
    Bu kameral təsvirə görə, Tip mahalına daxil edilən və poruçik Məmmədxan bəyin idarəçiliyində olan kəndimizdə 1831-ci ildə 195 ailə yaşayıb, kişi və oğlanların ümümi sayı 680 nəfər təşkil edib. Rəiyyətlərin və rəncbərlərin, hərbi nökərlərin adlarının ayrı-ayrı qeyd edilən bu siyahıda rəiyyət ailələrinin sayı 177, rəncbər ailələrinin sayı 13, hərbi nökər ailələrinin sayı isə 4-dür. Bir ailə, yəni 70 yaşlı Ramazan Şahbaba oğlunun ailəsi (İskəndər, Əkbər, İsmayıl, Mikayıl, Mirzəbəy) isə bağban kimi göstərilib.
Siyahıda ən yaşlı sakinimiz Ramazan kişidir ki, onun da o zaman 76 yaşı olub. Bu da həmin şəxsin təvəllüdünün təxminən 1755-ci ilə aid olması qənaətinə gəlməyə imkan verir. 8 nəfər ailə üzvü olan Kərim Qoca oğlunun və bir nəfər ailə üzvü olan kasıb Yusif Məmməd oğlunun 70 yaşında olduqları göstərilib.
    Siyahıda Məhəmməd hümməti kimi göstərilən kənd sakinlərimizin oturaq həyat tərzi keçirdikləri, taxılçılıq və ipəkçiliklə ailə saxladıqları, 40 tut bağının, 50 meyvə bağının, həmçinin 7 dəyirman olduğu, vergi verən rəiyyət və rəncbərlərin sayının 177 nəfər təşkil etdiyi barədə məlumatlar da əksini tapıb.
    Torpaq sahələrinə gəldikdə is… Həmin sənədə istinadən qeyd edək ki, 1831-ci ildə kəndimizdə 1000 ruba yararlı, 3000 ruba yararsız, 500 ruba biçənək əkin sahələri olub. Bu yerdə ruba kəlməsinə aydınlıq gətirmək istərdik. Publisist yazar Tahir Həsənlinin araşdırmalarına görə, 1 ruba 3 puda bərabər idi. Bir pud isə 16.3 kiloqramdır. Deməli, 1 ruba təxminən 49 kiloqrama bərabərdir. Bir gün ərzində bir adam 1 ruba toxum səpirdi. 1ruba toxum ¾ desyatin əraziyə səpilirdi. 1 desyatin 1.09 hektara bərabərdir. ¾ desyatin təxminən 0.77 hektara bərabərdir ki, bu da bir rubalıq ərazidir. Sərf olunan taxıla hesablandığından ölçü çəkiyə görə göstərilmişdir.
Yeri gəlmişkən, qeyd edək ki, kəndimizin bəylərinin adları 1831-ci ildə tərtib olunmuş digər siyahıda 12 nəfər Alpan bəyinin (Poruçik Məmmədxan bəy Hacıbəy oğlu, Qədirbəy Ədil bəy oğlu, Əlmurad bəy Əbil oğlu, Əli Sultan bəy, Cəfər bəy Əskərbəy oğlu, İskəndər bəy Əbil oğlu, Həsən bəy İbrahim bəy oğlu, Fərəməz bəy, Rüstəm bəy Kərim oğlu, Əli bəy, Mamed Sala bəy, Fərzalı bəy Rəcəb bəy oğlu), həmçinin ailə üzvlərinin, həmçinin yaxınlarının sayı (35 nəfər) və adları da əksini tapıb.

1850-ci il
    1850-ci ildə tərtib olunmuş kameral təsvirdə (Kameralnoye opisaniye seleniy Kubinskiy uezda za 1850) Alpan kəndində 249 ailə qeyd olunub. Sakinlərin sayı isə 825 nəfər göstərilib. İlk siyahıyaalma ilə tutuşduranda bu qənaətə gəlmək olar ki, ötən dövr ərzində kənddə ailələrin sayı 54 nəfər, əhalinin sayı isə 145 nəfər artıb. Bu ailələrdən 21-i hərbi nökər kimi qeydə alınıb. Digər ailələr rəiyyət kimi göstərilib.
    1850-ci ilə aid digər siyahıda kəndimizdə 50 nəfərə yaxın ailə üzvü olan 12 bəy ailəsi qeydə alınıb. Qeyd edək ki, bəy ailəsinin üzvlərindən Hacıağa bəy (25 yaş), Xanbaba bəy (33 yaş) praporşik kimi göstərib.
Həmin sənədlərin birində kəndimizin mollaları barədə də məlumat verilib. Onlardan biri 60 yaşlı Molla İbrahim Molla Nəbi oğlu, digəri isə 50 yaşlı Molla Məmmədvəli Molla Yəhya oğludur. Siyahıda Molla İbrahimin ailə üzvlərinin sayı 10, Molla Məmmədvəlinin isə 12 nəfər göstərilib. Yeri gəlmişkən qeyd edək ki, o illərdə Quba qəzasındakı məscidlərin sayı 306 olub.

Qvami Məhəbbətoğlu alpan.az
Qvami Məhəbbətoğlu alpan.az

1863-cü il
    1863-cü ildəki siyahıyalmada Alpan kəndində 130 evdə 518 nəfər kişi cinsindən olan şəxslərin yaşadıqları öz əksini tapıb. (Qadınların sayı 457 nəfər göstərilib) Bundan öncəki siyahıyaalma ilə müqayisədə həm evlərin, həm də kişi cinsindən olan şəxslərin sayının az olduğu diqqəti çəkir. Bu siyahıda 50 yaşlı Tarquli Əliqulu oğlu və onun ailə üzvləri (oğlu Mustafa, qardaşı Babay, qardaşı oğlu Cəbrayıl Məmmədqulu oğlu) siyahı üzrə birinci qeyd edilib.
1874-cü il
    1874-cü ildə keçirilən siyahıyaalmaya görə Alpanda 130 kəndli evi olub. Burada kişilərin sayı 513 nəfər, qadınların sayı isə 417 nəfər göstərilib.
    Əldə etdiyimiz digər maraqlı sənəd isə Seyidli ərazisində müvəqqəti yaşayan həmkəndlilərimizlə bağlıdır. 1886-cı ildə tərtib edilmiş bu siyahıya görə o illərdə 10 ailə (ailə üzvlərinin sayı 32 nəfər) bu kənddə məskunlaşıb.

Müəllif:Qvami Məhəbbətoğlu (Rəsulov), İlkin Balayev