Dəmirçi Zəfər.

2181

    Qədim vaxtlarda el sənətləri sayılan dəmirçilik, dulusçuluq, misgərlik  və s. kimi sənətlər mövcud olmuşdur. Bəzi rayonlarımızda hətta bu işlə məşqul olanların kəndi, kənd içində məhəllələri var idi. Məsələn,  “dulusçular məhəlləsi” və ya “dəmirçilər kəndi”. Bu sənətlərlə məşqul olanlar xalq arasında sayılıb-seçilən şəxslər olurdu. Bu insanların camaat arasında xüsusi hörməti vardı. Onların şagirdləri, köməkçiləri belə kənd camaatı üçün lazımlı insanlar idi.

    Tarixə nəzər yetirsək qədim el sənətlərindən olan dəmirçiliyin kəndimizdə bir inkişaf mərhələsini keçdiyini görə bilərik. Babalarımzdan, Alpan kəndinin ağsaqqalarından və günümüzdə yaşayan yaşlı nəslin nümayəndələrindən eşitdiklərimə görə kəndimizdə də el sənətlərinin məşhur biliciləri olmuşdur. Yaxın kəndlərdən belə onların onların yanına gəlirmişlər. Təəssüflər olsun ki, hazırda bu sənət növləri nəinki kəndimizdə , hətta bütün regionda unudulmaq üzrədir. Bu işlərlə məşqul olanların sayı günü gündən azalır.

    Haqqında danışacağım şəxsi nəinki Alpanda, hətta rayonumuzun digər kəndlərində də tanıyırlar. O, qədim el sənəti olan dəmirçilik sənətinin inkişafında, günümüzə qədər gəlib çatmasında əlindən gələni etmişdir. Kəndimizdə onu Usta Zəfər-Dəmirçi Zəfər kimi tanıyırlar. Sözlərinə görə 22 ildir bu sənətlə məşqul olur. Zəfər kəndimizdə 40 il dəmirçi işləmiş 1988-ci ildə haqq dünyasına qovuşmuş atası Bacan kişinin layiqli davamçısıdır. Deyir atasından müəyyən şeyləri öyrənsə də sırf bu işin dalınca gedəcəyəm kimi bir iddiası olmayıbmış. Müəyyən işləri özü sərbəst öyrənib. Burada genetik bağlılığın və belə el sənətlərinin nəsildən-nəsilə keçməsi faktorunun da təsiri olmamış deyil.

    Dəmirçi Zəfərin kəndimizdə kiçik bir emalatxanası-dəmirçi sexi var. Sex müasirliyi və qədimliyi özündə birləşdirib. Sexə daxil olarkən ustanın səliqəli bir insan olması diqqətdən yayınmır. Dəmirin qızdırılması prosesi kömür peçində həyata keçirilir. O, dəmir pəstahları ehmalca körügə(bizim kəndimizdə bu tip peçlərə körüg deyirlər) qoyur. Dəmir tam qızdırıldıqdan sonra dəmir məngənədə çəkiclə döyülüb müxtəlif formalara salınır.

    Usta Zəfərlə söhbətimiz zamanı o bir qədər iddialı danışaraq Quba ərazisində bu el sənətilə məşqul olan yeganə usta olduğunu bildirdi. Fikrini belə əsaslandırdı ki, dəmirçilər heç yoxdur demək olmaz. Sadəcə qara metaldan hər bir iş görə bilən ustalar yoxdur. Usta var ki, hansısa bir işlə, məsəslən nal düzəltməklə məşquldur. Amma, Zəfər qara metaldan yetmiş adda məhsul hazırlaya bildiyini deyir. Quba ərazisində ikinci belə bir ustanın olmadığını bildirir.

    Dəmirçi Zəfər qədim el sənəti olan dəmirçiliyin getdikcə tənəzzülə  uğradığını, marağın azaldığını bildirir. Son zamanlar sifarişləri nəzərə çarpacaq dərəcədə azalıb. O, bunu texnologiyanın inkişaf etməsi, əl ilə hazırlanmış məhsullara marağın azalması və bahalı olması ilə əlaqələndirir. Sadə bir misal göstərdi. Deyir, təxminən beş il əvvəl kəndimizdə yüzə yaxın at var idi. Onlar üçün mütamadi nal lazım olurdu. Hazırda kəndimizdə demək olar ki, at yoxdur. Bu, rayonumuzun digər kəndlərində də belədir.

    Son olaraq Zəfər ustaya qədim el sənəti olan dəmirçiliyin yaşadılması, onun  gələcək nəsillərə ötürülməsi üçün əlindən gələni əsirgəməməyi arzu edirik. Uğurlar olsun usta Zəfərə!

Müəllif: İlkin R. Balayev