Alpanlı şəhid Şükür Rəsulzadənin əziz xatirəsinə

1988-ci ildən üzü bəri Vətən sevgisi Millət dərdinə çevrildikcə düşmənə nifrəti artır, döyüşə can atırdı Şükür. Nəhayət, 1991-ci ilin noyabrında, Əfqanıstanda «xilaskar ordunun» apardığı anlaşılmaz müharibənin od – alovundan sağ salamat çıxmış təcrübəli kəşfiyyatçı könüllü olaraq yenicə yaradılmağa başlayan Milli ordumuzun sıralarına daxil oldu. Daşaltı, Şuşa, Laçın, Ağdərə və s. döyüş bölgələrində aparılan əməliyyatlarda bölmə komandirinin müavini kimi iştirak etmiş, Şuşadan axırıncı çıxan 17 döyüşçüdən biri olmuşdu. Son döyüşlərində 190 №-li briqadanın kəşfiyyat rotasının starşinası idi. 1994-cü il aprelin 13-ü Ağdamın Güllücə kəndində aparılan kəşfiyyat əməliyyatı zamanı ağır yaralanıb şəhid oldu. Vətənimiz bir vurğun övladını, Xalqımız bir igid oğlunu, Ordumuz bir təcrübəli kəşfiyyatçısını, doğmaları bir əziz adamını itirdi, uğrunda can qoyduğu vətən torpağı isə bir az da doğmalaşdı.
Döyüş dostları danışır: – Şükür deyərdi – «elə bil doğulduğum kənd, uşaqlığım keçən yerlər uğrunda döyüşürəm; bilirsiz buralar bizim yerlərə necə oxşayır?! İnşallah, gedərik görərsiz» – Niyə bizi yasına gətirdim, qardaş?! İki övlad atası şəhid Şükürün əziz xatirəsi doğmalarının niskilli ürəyində, onu tanıyan bütün vətənsevər yurddaşlarımızın yaralı yaddaşında, qanı tökülən vətən torpağının otunda – çiçəyində ömürlük yaşarıdı. Ruhu isə Rəbbinin yanında diri olub Millətin didərgin, Vətənin düşmən tapdağında qalmasından nigaranlıqla O qüdrət sahibindən xalqına kömək diləyir. Allah – təala isə ancaq həqiqi müsəlmanlardan köməyini əsirgəmir. Heç olmasa şəhidlərimizin narahat ruhlarının, bu müharibədə əlil olanların, yetim qalanların, əsir düşənlərin, alçaldılanların ahı bizi tutmamış dinə, qeyrətə gələk…
İndən belə Aysel və Rəsulu ataları Şükürün qəhrəman şəxsiyyətinə və Rəsulullahın sünnəsinə layiq böyütmək uşaqların anası Mənzarə bacının öhdəsinə düşən valideynlik borcu olmaqla yanaşı müqəddəs şərəf işidi. Hər ikisi 1991-ci il könüllülərindən olan, başına erməni ordusu tərəfindən məbləğ kəsilmiş zabit Fuad Zahir oğlu Kamilov 14 şəhidli kəndimizdə kişi sadəliyinin, səmimiyyətinin rəmzi sayılırdısa, Şükür Şahbaba oğlu kişi mənliyi, təmkini ilə nümunəvi bir şəxsiyyət idi. Allah dərəcələrin artırsın!






















