Əli Qədirbəyli: 3 şirkət təsis edən həmkəndlimiz

780
Əli Qədirbəyli
Əli Qədirbəyli

    Əksər həmkəndlilərimiz onu yalnız Vəlibəylilər şəcərəsindən olan Hacı Neman Qədirbəylinin oğlu kimi tanıyır. Lakin onun gördüyü işlərdən xəbərləri yoxdur. Bu yazını da qələmə almağımızda məqsədimiz onu, yəni Əli Qədirbəylini sizə daha ətraflı tanımaqdan ibarətdir.

    Əli Neman oğlu Qədirbəyli 1981-ci ildə Quba rayonunun Vladimirovka kəndində dünyaya göz açıb. O, 1988-ci ildə həmin kəndin orta məktəbində təhsilə başlayıb və orta təhsilini Quba Özəl Türk Liseyində (1993) davam etdirib. 1999-cu ildə bu təhsil ocağını bitirən Əli Qədirbəyli elə həmin il Qafqaz Universitetinin Kompyuter mühəndisliyi fakultəsinə qəbul olub. O bu fakültənin bakalavr (2003) və magistr (2007) dərəcələrini bitirib.

    Əli Qədirbəyli İqtisadi İnkişaf Nazirliyi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (2005-2010), Əmlak Məsələləri Dövlət Xidməti, Mərkəzi Bank (2010-2012) kimi dövlət qurumlarında və Saybernet MMC (2006), Omikron MMC kimi şirkətlərdə ixtisası üzrə çalışıb. 2014-cü ildən isə təsisçisi olduğu Emobile MMC şirkətinə rəhbərlik edir.

    Ailəlidir. 2 övladı var.

İlk addımlar və Alpan istəyi

Əli Qədirbəyli
Əli Qədirbəyli

    Əli Qədirbəyli Mərkəzi Bankda öz ixtisası üzrə işləyərkən oradakı stabil rejimdən, iş yükünün azlığından usanır, başqa sözlə desək, təngə gəlir. Odur ki, o, elə orada çalışa-çalışa qarşıya çıxacaq riksləri də nəzərə alaraq, özünəməxsus şirkət qurmaq planlarını cızır. Elə bu niyyətlə iş yerindən ayrılır. Amma öz ideyalarını gerçəkləşdirmək üçün tələsmir. Çünki yaxşı başa düşür ki, həmin sahəyə girişmək üçün onun özəlliklərinə bələd olmaq vacibdir. Odur ki, o, informasiya texnologiyaları üzrə fəaliyyət göstərən Omicron MMC-də iki il çalışmaqla bu sahənin incəlikləri ilə daha dərindən tanış olur və onu qane edəcək təcrübə toplayır. Nəhayət, o, bir neçə dostu ilə birlikdə 2013-cü ildə özünün Emobile MMC adlı şirkətini təsis edir.

    Qeyd edək ki, Emobile (bu ifadənən bəlli bir anlamı yoxdur. Yəni bu ifadə elektron və mobayl sözlərinin birləşməsindən yaranıb) əməkdaşlıq etdiyi şirkətlərin bizneslərinin inkişafına, satışlarının artırılmasına, müştərilərinin sadiqliyinə və digər məqsədlərə xidmət və həllər təklif edən peşəkar marketinq və texnologiya şirkətidir. Daha doğrusu, bu şirkət hazırda əməkdaşlıq etdiyi şirkətlərə günün tələbləri ilə uzlaşan layihə və proqramlar, biznesin inkişafına dair yeni kreativ ideyalar təqdim etməklə və gerçəkləşdirməklə məşğuldur.

Əli Qədirbəyli
Əli Qədirbəyli

    Ölkəmizdə belə sistemlər, daha doğrusu, əlaqələr qura bilən şirkətlərin sayı azdır. Hazırda Emobile-nin Bakcell, Mastercard, Kapitalbank, Rabitabank, restoranlar, əyləncə mərkəzləri, mağazalar şəbəkəsi və s. kimi müştəriləri var. Fəaliyyət müddətində bu şirkət bir sıra uğurlara imza atıb, yəni özünü doğruldub. Təkcə bir faktı qeyd edək ki, ölkəmizdəki ən böyük loyallıq proqramlarından biri sayılan Bakcell Ulduzum layihəsi Emobile-nin məhsuludur.

    Daha sonra Əli Qədirbəyli daha iki şirkət – Alpi Group MMC (2015) və Kripton Business Solutions MMC-ni (2020) təsis edir. Məlumat üçün bildirək ki, Bakcell, Paşabank, Kapitalbank və s. şirkətlər ilə əməkdaşlıq edən Alpi Group əsasən telesatış sahəsində (telesatış dedikdə məhsul və xidmətlərin zənglə satışı nəzərdə tutulur) ixtisaslaşıb.

    Kripton Business Solutions isə özəl şirkətlər üçün e-satış platforması, referal sistemi, CRM və s. biznes həlləri təşkil edir, həmçinin dövlət təşkilatlarında tətbiq edilən elektron sənəd dövriyyəsinə və insan resurslarının idarəedilməsinə öz töhfəsini verir.

    Əldə etdiyimiz məlumata görə, Əli Qədirbəyli Bakıda şirkət təsis edən ilk alpanlıdır. Öz təvazökarlığı ilə diqqətimi cəlb edən və Macarıstanda, Bosniyada, Özbəkistanda işgüzar səfərlərdə olan Əli bəylə söhbət zamanı məlum oldu ki, o, təsis etdiyi şirkətinə dədə-baba yurdunun adını vermək istəyib. Lakin araşdırmalar zamanı aydın olub ki, sən demə, dünya miqyasında Alpan adı ilə qeydiyyatdan keçən şirkətlər varmış. Odur ki, o bu fikrindən vaz keçib. Amma təsis etdiyi ikinci şirkətinin, yəni Alpi Groupun adını qismən də olsa Alpan kəlməsinə uyğunlaşdıra bilib.

İnam-uğurun əsas şərti

    Şübhəsiz, Əli Qədirbəyli özəl sahədə addımlar atarkən müəyyən maneələrlə qarşılaşıb. Amma məqsədindən geri çəkilməyib. Məqsədinə doğru irəliləməkdə Əli Qədirbəyli üçün aktivlik, bacarıq və aldığı təhsildən səmərəli istifadə etmək, ən əsası bu məsələdə onda olan inamdan yararlanmaq böyük rol oynayıb. Müəllifini unutduğum belə bir kəlam var: “İnsanın özünə etibarı, böyük işlərə girişmənin ilk şərtidir”. Bu mənada müəllim ailəsində (onun həm atası, həm də anası ixtisasca müəllimdirlər) dünyaya göz açmış Əli Qədirbəylinin bu sahəyə meyl etməsində onun özünə olan inamı, eyni zamanda əxz etdiyi biliklər böyük rol oynayıb. Yəni o özünə heç zaman şübhə ilə yanaşmayıb. Çünki tanınmış Braziliya yazıçısı Paulo Koelyonun dediyi kimi, budağından şübhə etdiyi ağacın kölgəsində istirahət edə bilməyəcəyini yaxşı bilən, hər cür riskə getməyən, atacağı addımları yüz ölçüb bir biçən, inam kimi yaradıcı qüvvədən istifadə edən, dualarını heç bir zaman əskik etməyən Əli Qədirbəyli özünəinamın sayəsində qarşısına qoyduğu məqsədə çatıb.

Gələcək işləri və yaxud gələcək arzuları

    Əli Qədirbəylinin dediklərindən“Günlərin bir günü atam soruşdu ki bir milyon miqdarında pulun olsa nə iş görərsən? Düşünmədən dedim ki, rayonlarımızda günün tələblərinə cavab verən və ən çox ehtiyac olan peşələri özündə ehtiva edən peşə məktəbləri açardım. Onlardan birinin filialını da Alpan kəndində təşkil edərdim. Çünki bu, hazırda zəmanənin tələbidir. Mənim fikrimcə, hər orta məktəbi qurtaranın ali məktəb eşqinə düşməsi, yaxud valideynləri tərəfindən onların ali məktəblərə təşviqi, yaxud sevmədikləri ixtisaslar üzrə təhsil almaları doğru deyil. Onlar unudurlar ki, bu gün ali məktəbləri bitirən minlərlə insan var ki, özlərinə iş tapa bilmirlər. Amma indi bu və ya digər şirkətlərə müəyyən peşə sahibləri lazımdır.

    Mən hazırda əldə olunan nailiyyətlərlə kifayətlənmək fikrində deyiləm. Hələlik o qədər də böyük olmayan şirkətlərimizlə qlobal, yəni dünyəvi layihələr, proqramlar həyata keçirmək niyyətindəyəm. Onu da əlavə edim ki, qlobal layihələrimizdən birinə kəndimizin adını vermək fikrindəyəm. İnşallah, Allahın köməyi ilə bütün bunlara da nail olacağam”.

Ay əziz kəndimiz

Neman Qədirbəyli
Neman Qədirbəyli

    Əli bəy atasından şəcərəsi ilə bağlı eşitdiklərini də bizimlə bölüşdü. Bildirdi ki, Vəlibəylilər nəslindəndir: “Babam Qədirov Əli Vəli bəyin 5-ci törəməsi Ədilin oğludur. Onu da deyim ki, Vəlibəylilər həm də böyük övliyalardan sayılan Şıx Molla Yusifin nəslindəndir. Babamın ana tərəfi isə islam tarixində ən böyük şəxsiyyətlərdən biri sayılan Veysəl Qaraninin nəslindən olan, Susay kəndinin köhnə qəbristanlığında dəfn edilən Xəlil İbrahimin törəmələrindəndir. Belə ki, babamın anası Aşaxanım xanım Xəlil İbrahimin soyundan gələn, Alpanın Aşağıbaş qəbiristanlığında dəfn edilmiş Hacı Abdulxaliqin qızıdır.

    Babam Əli kişi (1917-1970) haqqında “Alpan etüdləri” kitabınızda material dərc etdiyinizi bilirəm. Buna rəğmən onunla bağlı bəzi məlumatlara da diqqət yönəltmək istərdim. Belə ki, ixtisasca baytar-feldşer olan, İkinci Dünya müharibəsi illərində vzvod komandiri kimi ön cəbhədə savaşan, müharibənin sonuna yaxın savaşların birində kontuziya alaraq ordudan tərxis olunan babam Sabir adına sovxozda ferma müdiri, həmçinin sovxoz direktorunun müavini kimi də fəaliyyət göstərib. Amma onun müavin kimi fəaliyyəti çox çəkməyib. Belə ki, sovxoz idarə heyətinin iclaslarının birində adını çəkmək istəmədiyim sovxoz direktoru: “Qədirov, eşitdim, alma oğrularını görəndə üzünü yana çevirib onları görməməzliyə vurursan”, – sözlərindən sonra babam öz ərizəsi ilə işdən azad olunub. Ümumiyyətlə, babam çox mərhəmətli, çörək verən, əl uzadanın əlindən tutan bir adam kimi tanınıb. Elə bu kimi səbəblərdən hətta özündən yaşca böyüklər də ona “Əli əmi”, “Əli dayı” deyə müraciət edərdilər. Hə, az qala unutmuşdum. Kəndimizin tarixçisi Zabit Babayevin sözlərinə görə, Əli kişi müharibə illərində Qiyasəddin Babayevlə birgə çox kasıb-kusuba əl tutub.

    2002-ci ildə 83 yaşında rəhmətə gedən nənəm Şəfixanıma gəldikdə isə… Mərhəməti və xeyirxahlığı ilə seçilən mübarək nənəm yaşlı və xəstə qonşu qadınlara hər cür kömək edərdi. Hətta eşitdiyimə görə, xəstə qonşu qadınlar üçün çörək də bişirərdi. Dərzilk qabiliyyəti olan nənəm qadınlara, uşaqlara paltar tikər, zəhmət haqqı kimi onlardan heç nə ummazdı. Qohum-qardaş, məhəllə adamları onu “Sonacan” çağırardılar.

    Onu da deyim ki, nənəm Şəfixanım Balaca bəy qızı Seyidli bəyi Zülfüqr bəyin nəvəsi idi. Nənəmin ulu babası Tahir bəy 1831-ci il kameral siyahısında Alpanın idarəcisi kimi göstərilən Məmmədxan bəyin əmisi olub. Nənəmin ana tərəfi isə Subabanın nəslindəndir. Çox təəssüf ki, o nəsil haqda çox az məlumatımız var.

Əli Qədirbəyli
Əli Qədirbəyli

    Vəlibəylilərin fəaliyyətlərinə gəldikdə isə… “Şimi dərəsi”ndəki erməni daşnakları ilə alpanlıların döyüşündə Əli kişinin babası yüzbaşı Qədir bəy komandir Bəybala bəyin müavini olub. O, həmin döyüşdə başından yaralanıb. Yara sağalsa da illər sonra təzələnib (El arasında buna yara simlədi deyirlər) və həmin yaradan vəfat edib. Deyilənlərə görə, Qədir bəy çox qorxmaz bir insan olub. Əli kişinin atası Ədil babam da həmin döyüşün iştirakçısı olub. O, Qara İbriimlə (Xəlilov) birlikdə həm də kənd camaatını kənddən köçürüb müəyyən yerlərdə yerləşdirmək tapşırığını da yerinə yetiriblər. Atamın əmisi Yusif Ədil oğlunun dediyinə görə, İbriim kişi də zəmanəsinin mərd və qoxmaz bir şəxsi kimi tanınıb. Əmim Əfqandan eşitdiyimə görə, döyüşdən sönra Nuru Paşa Qədir kişiyə minbaşı hərbi rütbəsi veribmiş. Yeri gəlmişkən onu da deyim ki, rəhmətlik əmim Əfqan müəllim Alpanın tarixi ilə bağlı olduqca əhəmiyyətli faktlar toplamış və onları qələmə almışdı. Təəssif ki, onun qeydlərindən ibarətə dəftər sonradan it-bata düşdü”.

    Neman Qədirbəylinin yaddaşından: “Kəndimizdə “Ata yerləri” adlanan onlarla hektar torpaq sahəsi Qədir bəyə məxsus olub. Digah kəndinin yerləşdiyi ərazi (Qusar yoluna qədər) onun mülkü hesab edilərdi. Əmim Yusif kişi deyərdi ki, Digah kəndinin ictimai hamamı yerləşən ərazidə onun meyvə qurudan təndirləri vardı. Yeri gəlmişkən, bəzilərinin dediyi kimi, Digah qədim kənd deyil. Yaşlı və kifayət qədər savadlı bir digahlının dediyinə görə, Digah kəndi XX əsrin əvvəllərində salınıb. İlk sakinləri də Suvacaldan köçüb gələnlər olublar. Quba qəzasının 1873-74-cü illərə aid yaşayış məntəqələri siyahısında Digah adlı kənd yoxdur.

Əli Qədirbəyli
Əli Qədirbəyli

    Qədir bəyin naxırı, ilxısı da olub.. İlxını molla Murad (Əli kişinin əmisi) qış aylarında Seyidlidə saxlayarmış. Bir şey də əlavə edim ki, Vəlİbəylilər zadəgan nəslindəndirlər. Yəni sonradan rus tərəfindən bəylik verilənlərdən deyillər. Çox güman ki, onlar Quba üsyanlarından sonra müxtəlif təqiblərə məruz qalıblar. Bir faktı da qeyd edim. Uzun müddət əmim Yusif kişinin yaşadığı Qədirbəyin evi (həmin həyət Qədir bəyin parağı adlanardı) iki il bundan əvvəl dağıdılıb”.

Neman müəllim və həyat yoldaşı barədə bəzi qeydlər

    Qədirov Neman Əli oğlu 1953-cü ildə anadan olub. 1969-cu ildə Alpan kənd orta məktəbini bitirib. Həmin il də Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun İngilis-Azərbaycan dilləri fakültəsinə daxil olub. 1974-cü ildə institutu bitirərək Qubanın Vladimirovka kənd məktəbinidə ixtisası üzrə pedaqoji fəaliyyətə başlayıb. 1995-ci ilə qədər həmin məktəbdə müəllim və bir müddət dərs hissə müdiri vəzifələrində çalışıb. Paralel olaraq Petropavlovka (indiki Dəlləkli) məktəbində də müəllim kimi fəaliyyətini davam etdirib. O, 1995-ci ildə Quba Özəl Türk Liseyində idarə işlər üzrə müdir müavivni kimi fəaliyyətini davam etdirib. 2004-cü ildə Əlibayramlı Özəl Türk Liseyində, daha sonra isə Bakı Qafqaz Gimnaziyasında (2010) çalışıb. 2016-cı ildən təqaüddədir.

    İşlədiyi müddət ərzində bir neçə dəfə rəhbərlik tərəfindən təşəkkürnamə və başqa mükafatlara layiq görülüb.Təhsil Nairliyi tərəfindən isə Qabaqcıl Təhsil İşçisi fəxri adına layiq görülüb. Bir oğlu, bir qızı, 4 nəvəsi var. Hazırda Bakıda yaşayır.

    Qədirova Fəxrəndə Hacı qızı 1956-cı ildə Qusar şəhərində ziyalı ailəsində doğulub. Qusar şəhər 2 saylı məktəbi bitirdikdən sonra M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstituna daxil olub 1977-ci ildə oranı bitirib, həmin ildən Vladimirovka kənd məktəbində pedaqoji fəaliyyətə başlayıb. Hazırda pensiyaçıdır.

Müəllif:Qvami Məhəbbətoğlu (Rəsulov)