Kəndimizin ilk jurnalisti və yaxud Əli Fəhminin kəndimizə gəlişi

176

    Kim nə deyir desin, ilklər həmişə insanların maraq dairəsindədir. Kəndimizdə də ilklərə imza atanlar olublar. Onların bəzilərindən kəndimizin sakinləri xəbərdardırlar. Lakin bu günlərdə keçirdiyim kiçik rəy sorğusundan aydın oldu ki, həmkəndlilərim Alpanın ilk peşəkar jurnalistinin (jurnalistika ilə məşğul olan peşəkar ədəbi işçi) kim olduğunu bilmirlər. Bu dəfə sizə elə kəndimizin ilk peşəkar jurnalistindən – Abdulhaşım Ələsgərovdan söhbət açacağam. Məlumat üçün xatırladım ki, o, çoxlarının tanıdığı Ramazan kişinin qardaşı, Zahir (Kamilov) müəllimin isə dayısı olub. Allah onlara rəhmət eləsin…

        Həyat yolundan səhifələr

Abdulhaşım Ələsgərov

    Ələsgərov Abdulhaşım Hacıövlad oğlu 1939-cü il iyul ayının 7-də Quba rayonunun Alpan kəndində dünyaya göz açıb. O, 1958-ci ildə kənd məktəbini bitirəndən sonra fizika-riyaziyyat müəllimi olmaq məqsədi ilə ali məktəbə sənədlərini təqdim edib. Lakin imtahan prosesində baş vermiş bir anlaşılmazlıq nəticəsində onun bu istəyi reallaşmayıb. Lənkərandakı (Port-İliçdə) sərhəd qoşunlarında hərbi xidmətini başa vuraraq bir müddət leytenant Şmidt adına Maşınqayırma (sonradan Səttarxan adına zavod adlanıb – Q.M) zavodunda çalışıb. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinə (Bakı Dövlət Universiteti) qəbul olaraq jurnalistlik ixtisasına yiyələnib. Ali təhsilini uğurla başa vurandan sonra (1968-ci il) Abşeron rayonunun ictimai-siyasi həyatını işıqlandıran “Abşeron” qəzetində müxbir kimi jurnalistika fəaliyyətinə başlayıb. Daha sonra məsul katib, redaktor müavini vəzifələrində çalışıb. Abdulhaşım müəllim 4 may 1996-cı ildə Bakı şəhərində həyatla vidalaşıb və Alpan kəndindəki Subaba qəbirstanlığında torpağa tapşırılıb.

      Xoşbəxtlik

    Abdulhaşım müəllim kəndə nadir hallarda gələrdi. Daha deyə bilmərəm bu, onun işinin çoxluğundan irəli gəlirdi, ya da başqa bir səbəb vardı. Amma onu deyə bilərəm ki, Abdulhaşım müəllimin kəndə hər gəlişi onu yaxından tanıyanlar üçün toy-bayrama çevrilərdi. Tanıdığı, tanımadığı adamlarla elə səmimi görüşərdi ki… Zahir müəllim isə uşaqlıq dostunu: “Bu dəfə səni mat edəcəyəm”,- deyərək şahmat taxtası arxasına dəvət edəndə Abdulhaşım müəllim: “Ay bacıoğlu, istəyirsən ki, yenə dərsini verim”, – deyərək oyuna başlardı. Onlar şahmat oynaya-oynaya öz uşaqlıq illərini xatırlayar, həmçinin siyasi aləmə baş vurardılar.

Abdulhaşım Ələsgərov

    … Mən, Sadıq müəllimin oğlu Əhmədlə birgə Abdulhaşım müəllimlə Bakıda tez-tez görüşərdim. Elə məndə jurnalistikaya dərindən marağı da o oyatmışdı. Bu mənada Abdulhaşım müəllim bu sahədə mənim ilk müəllimim olub. Onun bir söhbəti indi də qulaqlarımdan çəkilməyib: “Bəzi jurnalistlər özlərini lap müstəntiq kimi aparırlar. Belə olmaz. Mənim aləmimdə jurnalist vəsiqəsindən sui-istifadə etməyin özü də bir cinayətdir”

      O, necə jurnalist olub?

    Bəs o, necə jurnalist olub? Mən bu sualla 2014-cü ilin oktyabr ayında bir zamanlar “Abşeron” qəzetində Abdulhaşım müəllimlə birgə çalışmış, sonradan “Kirpi” jurnalının baş redaktoru olmuş tanınmış jurnalist Polad Qasımova müraciət etmişdim. O demişdir: “Felyeton janrına daha çox üstünlük verən Abdulhaşım cəmiyyətdəki neqativ hallara qarşı Mirzə Cəlil sayağı mübarizə aparırdı. O, qələmə aldığı mövzuya vətəndaşlıq mövqeyindən yanaşırdı. Yalanı, saxtakarlığı xoşlamazdı. Abdulhaşım bir çoxunun cəsarət etmədiyi mövzular baş vururdu və istədiyinə də nail olurdu. Onun, demək olar ki, hər yazısı əks-səda doğururdu. Çünki qələmi bəzən qılıncdan kəsərli, bəzən də problemlərə məlhəm olurdı. Abdulhaşımın həm də təxəyyülü güclü idi. Bu mənada Abdulhaşım, sözün həqiqi mənasında, jurnalist idi”.

 

Abdulhaşım Ələsgərov

    Bu məqamda hazırda Türkiyənin Karabük Universitetinin beynəlxalq münasibətlər kafedrasının müdiri vəzifəsində çalışan Ələsgər Ələsgərovdan eşitdiklərimdən söz açsam, məncə, yerinə düşər: “Bir dəfə adını dəqiq xatırlamadığım respublika qəzetlərinin birində əmim Abdulhaşım müəllimin Alpan kəndinin yolu ilə bağlı bir felyetonu-tənqidi yazısı dərc edilir. Bu yazı o vaxtkı yerli partiya-sovet bürokratlarına sanki od qoyur. Buna görə rayonda meşə idarəsində sahə müdiri işləyən atam Ramazan kişinin başını o qədər ağrıtdılar ki…” Elə Ələsgər Ələsgərovun bu səviyyəyə çatmasında Abdulhaşım müəllimin kifayət qədər əməyi olub.

    Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov o zaman (1962-1976-cı illərdə) “Abşeron” qəzetində rəhbər vəzifədə çalışıb. Onunla da Abdulhaşım müəllimin isti münasibəti olub. Hətta Namiq Abbasov sonradan müxtəlif vəzifələrdə çalışanda belə Abdulhaşım müəllimlə maraqlanardı.

      Bir dostluğun tarixi

Əli Fəhmi (1919-1975)

    Abdulhaşım müəllim ali məktəbdə də fəal tələbələrdən olub. Onun bu fəallığı, eyni zamanda fars və ərəb dillərindən xəbərdar olması o zamanlar BDU-da mətnşünaslıqdan dərs deyən Əli Fəhminin də diqqətini çəkib. O Əli Fəhminin ki, o, klassik Şərq ədəbiyyatının bilicisi sayılırdı. O Əli Fəhminin ki, o, bədahətən şeir demək bacarığına görə Mikayıl Müşfiq: “Sən çox fəhmli oğlansan”, – deyərək ona “Fəhmi” təxəllüsünü vermişdi. O Əli Fəhmi ki, “Nəsimi” filmində məsləhətçi kimi çalışmışdır.

    Aralarında düz 20 yaş fərq olmasına baxmayaraq, onların münasibətləri az sonra dostluğa çevrilib. Günlərin bir günü Əli Fəhmi Abdulhaşım müəllimdən ərəb əlifbasına necə vaqif olması ilə bağlı sual verib. Abdulhaşım müəllim bu sualın müqabilində onu kəndimizə dəvət edərək deyib: ”Müəllim, ataların belə bir kəlamı var: “Yüz danışmaqdansa, bir dəfə görmək yaxşıdır”. Kəndimizdə, evimizdə olsan, hər şey sizə aydın olar”. Abdulhaşım müəllimin bu sözləri Əli Fəhminin tələbəsinə olan marağı birə-beş artırıb. Odur ki, elə tələbəsi ilə birgə Alpana üz tutub. Əli Fəhmi Abdulhaşım müəllimin ata evindəki əski əlifba, həm də ərəb və fars dillərində nəşr olunmuş kitabları görəndə heyrətini gizlədə bilməyərk bu sözləri pıçıldayıb: “Sizin evinizdə xəzinə varmış ki…Ay bala, daha de ki, neçə illərdir xəzinənin üstündə oturmuşam da”. Əli Fəhmi hər dəfə kəndə gələndə həmin kitablardan bəhrələnmək məqsədi ilə onlardan bir neçəsini özü ilə aparıb. Yeri gəlmişkən, kənd gəzintisi zamanı Subaba türbəsini Alpanın gerbi, Qalacıq ərazisini isə Alpanın gizli tarixi kimi xarakterizə edən Əli Fəhmi kəndimizi əsl türk yurdu kimi xarakterizə edib.

    Abdulhaşım müəllim söhbətlərinin birində Əli Fəhminin Alpanla bağlı bir məqalə yazacağını da bildiribmiş. Lakin Əli Fəhminin 56 yaşında dünyadan köçməsi onun bu fikrini həyata keçirməsinə imkan verməyib.

      Haşiyə

Abdulhaşım Ələsgərov

    Abdulhaşım müəllimdən eşitdiklərimdən: Atam Hacıövlad dinə bağlı insan idi. Babam da Həcc ziyarətinə gedib-gələnlərdən olub. Elə atama belə bir adın verilməsi də bu ziyarətdən irəli gəlib. Belə ki, Hacıövlad Həccə gedən adamın övladı, yəni Hacının övladı anlamındadır. Mənə belə gəlir ki, atama belə bir ad verilməsi əgər belə demək mümkünsə, babamın öz fantaziyasının məhsuli olub.

    Mən gözümü açandan evimizdə dini kitablar görmüşəm. Amma anam Nəcabət xanım deyərdi ki, evimizdə belə kitablar yüzlərlə olub. Sovet dönəminin ilk illlərində elə sovetlərin təbirincə desək, təhlükəli kitabların bir hissəsi zaman-zaman məhv edilib. Bəzilərini də atam müxtəlif yerlərdə gizlətmişdi. Hətta evimizdəki bir taxçanı (əşyaları qoymaq üçün divarda açılan oyuq) kitabla doldurub üstünü çubuqlarla hördükdən sonra palçıqla suvamışdı. Çünki o vaxtlar belə kitablardan bəhrələnənləri ya həbs edərdilər, ya da sürgünə göndərərdilər.

     Son günləri

    Abdulhaşım müəllim ötən əsrin 90-cı illərində birdən-birə xəstələnir. Həkimlər onun ağ ciyərində problem olduğunu bildirirlər. Amma bu istiqamətdə aparılan müalicə heç bir effekt vermir; vəziyyəti gündən-günə pisləşir. Başqa həkimin yanına üz tutan Abdulhaşım müəllimə bildirirlər ki, bəs sizə yanlış diaqnoz qoyulub, siz peşə xəstəliyindən əziyyət çəkirsiniz. Həkimlərin sonrakı diaqnoz düzəlişinin də bir faydası olmur, çünki əvvəlki yanlış diaqnoz və bunun əsasında qəbul edilən iynə-dərman artıq öz sözünü demişdi.

    …Abdulhaşım müəllimi vəfatından bir neçə gün öncə yorğan-döşəkdə gördüm. Özünün ayrılmaz “dostu” adlandırdığı siqareti də yanında idi. Yarızarafat, yarıgeçək: “Bəlkə, yenə də xatirələrinizdən söz açasınız?”, -dedim. O, əli ilə xatirələrə baş vuracaq halı olmadığını bildirməklə yanaşı, çox astaca şəkildə: “Səhər gələrsən, danışarıq”, – dedi.

    …Səhər tezdən isə Abdulhaşım müəllimin ölüm xəbərini aldım. Bununla da o, növbəti dəfə məni mat etdi.

     Haşiyə

    Abdulhaşım müəllimin qeyri-adi şahmat oynamaq bacarığı vardı. Onu bulvarda rəqiblərini dəfələrlə mat edən görmüşdüm. Heç mən özüm də onunla bacarmırdım. Bir dəfə Abdulhaşım müəllimə dedim: “Görəsən, sizi mat edən adama rast gələcəyəm?” O, ani fikrə gedəndən sonra bu misraları söylədi:

Abdulhaşım Ələsgərov-diplom

Mənim adım Abdulhaşım,

Çox cəfalar çəkib başım.

Sən tələsmə, a qardaşım,

Mat edəcək dünya məni…

    Son

    Tanınmış rus yazıçısı Maksim Qorkinin belə bir kəlamı var. Təxminən belə bir məna verir. İstedad bir qığılçımdır, üfləsən alovlanacaq, əks halda sönüb kül olacaq. Rəhmətlik Abdulhaşım da həqiqətən istedad idi. Amma… Bir də yetimlik, kasıblıq, həyatda qalma mübarizəsi onu çox sıxdı… Bu mənada, çox sevdiyi şahmat termini ilə desək, həyat, dünya onu həqiqətən də mat qoydu.

 

Müəllif:Qvami Məhəbbətoğlu (Rəsulov)