Kəndimizin toy adətləri

350

    Hər bir xalqın özünə aid milli adət-ənənələri vardır. Həmin xalqın yaşadığı coğrafi mühit, iqlim, yaşayış şərtləri və sairə ilə əlaqədar adət-ənənələr də müxtəlif çalarlara malik olur. Ana vətənimiz  Azərbaycan ın milli mədəniyyəti, folkloru da belə çalarlarla zəngindir. Adət-ənənə ağacıımzın kökləri, gövdəsi bir olsa da o, şimal-cənub, şərq-qərb, dağ-aran budaqlarına şaxələnmiş və bu budaqlar da özlüyündə rəngarəngliyi ilə insanı valeh edir. Bu adət-ənənələrdə milli mənəvi köklərə bağlılıq o qədər güclüdür ki, 20-21-ci əsrlərin qloballaşan dünyasında mədəniyyətlərin birbirinə qarışaraq eybəcər bir şəkildə yenidən ortaya çıxdığı dövrdə də min illərin süzgəcindən keçərək gəlib bizə çatmış, dədə-baba yadigarı olan toy, yas, süfrə və sair adətlərimiz hələ də yaşayır. Doğrudur, zaman-zaman adət-ənənələrimiz dövrün tələbi ilə müəyyən dəyişikliklərə məruz qalsa da öz orijinallığını qoruyub saxlaya bilmiş, tarixi köklərindən qidalanmağa davam etmişdir. Bunun da əsasında Azərbaycan xalqının öz qədim tarixinə olan dərin və möhkəm bağlılığı durur. Təəssüflə qeyd etməliyik ki, son 40-50 ildə dünyamızda baş verən sürətli yeniliklər bütün dünya xalqlarının mədəniyyətində olduğu kimi, azərbaycanlıların yaşayış tərzində də müəyyən dəyişikliklər etmişdir.

    Dədə-baba yurdumuz, adı qədər özü də qədim olan doğma Alpanın özünə xas bir çox maraqlı adətləri vardır ki, bunlardan biri də toy adətləridir. Cavanlar üçün maraqlı olacağını nəzərə alaraq onları yazıya tökmək qərarına gəldik.

    Bəri başdan qeyd edim ki, alpanlılar adətən kənddən qız alar, kəndə qız verərdilər. 70-ci illərin sonlarına qədər başqa yerlərdən Alpana gəlin gələn xanımları saymaq üçün bir əlin beş barmağı çox olardı.

    60-70-ci illərdə Alpanda diş həkimi işləmiş Seyidağa doktor bir dəfə söhbət əsnasında mənə belə demişdi: – Rayon hərbi kommissarlığında çağırışçıları komissiyadan keçirdiyimiz zaman ən sağlam oğlanlar Alpan və Rustov kəndlərindən olardı.

    Bunun da əsasında yuxarıda dediyimiz kimi kənddən qız alıb kəndə qız vermək amili dururdu. (Səbəbini həkimlər daha yaxşı izah edər)

    Əlqərəz, bir ailə öz oğlunu evləndirmək istədiyi zaman oğlanın anası, bacısı və ya xalası-bibisi qızı seçər, onun haqqında bütün maraqlandıqları məlumatları öyrəndikdən sonra oğlana qızı görməyi məsləhət görərdilər. Qız bəyənmək üçün də ən münasib yer bulaq başı ya da axşam üstü bulağa gedib qayıdan qızların yolunun üstü olardı. Oğlan qıza gözaltı nəzər salar, sonra fikrini anasına, bacısına söyləyərdi.

Elçilik

    Bu hələ işin başlanğıcı idi. Ondan sonra oğlan evi qızın anasına xəbər yollayar, onun ağzını arayardı. Qız anası da ya ümidverici söz söyləyər ya da bu başdan: – Sizin istəyiniz bizdə tapılmaz.- deyərdi. Yox əgər oğlanın ailəsi qızın anasının xoşuna gəlirdisə bu barədə ərinə məlumat verəcəyini bildirərdi. Qızın valideynləri öz aralarında götür-qoy edər, əgər oğlanın ailəsini yaxşı tanımırdılarsa dost-tanışdan onlar haqqında məlumat toplayar, bəyənərdilərsə “Gəlin” deyə xəbər göndərərdilər.

    Demək lazımdır ki, hər bir ailə, ilk növbədə, qohum olmaq istədiyi ailənin əslini-nəslini axtarardı. Yəni əsli, nəcabəti olan ailə ilə qohum olmaq istəyərdi.

    Oğlanın ata-anası birinci dəfə ikisi qız evinə gedər, məqsədlərini bildirərdilər.

Heç bir ailə birinci elçilikdə “Hə” deməzdi:

  • Bizim də qohum-əqrabamız var, böyüklərimiz var, onlarla da məsləhət edək, sizə bir xəbər verərik.-deyərdilər. Cavab veriləcək vaxt da təyin olunardı.

    Vədə tamam olanda oğlan evi qız evinə “Necə oldu?” mənasında xəbər göndərərdi. Müsbət cavab alardılarsa ata-ana oğlan tərəfin ağsaqqalı və ağbirçəyiylə birlikdə pay-para ilə qız evinə böyük elçiliyə gedərdilər. Qız tərəf də ağsaqqalını, qarasaqqalını, yəni ən yaxın qohumlarını yığar, oğlan tərəfi qarşılayardılar (bu işlərə qədər təbii ki, qızın da fikrini öyrənərdilər). Birgə müzakirələrdən sonra tərəflər razılığa gələrdilərsə (əksər hallarda məsələ müsbət həll olunardı) ortaya şirinçay gələr, sonuncu elçilik günü təyin olunardı. Buna da el arasında “Verdim-aldım” deyilərdi. “Verdim-aldım”-dan sonra nişan günü təyin olunardı. Nişanda qızın barmağına üzük keçirilər, yüngül bir xonça çıxarılardı. Xonçada bir dəst paltarlıq parça və bəzi gəlinə aid şeylər olardı. Bəli, nişandan sonra tərəflər toy gününü təyin edərdilər. Həmin gün oğlan tərəfin qız evinə verəcəyi “Toy xərci” və “Süd pulu” da

Nişan mərasimi

müzakirə olunardı.

    Toydan bir gün əvvəl oğlan evində “malkəsdi” və “çörəkbişdi” olardı. Yaxın qohum-qardaş, əmi, dayı və qonşu kişilər heyvanları kəsər, doğrayar və sabaha hazırlayardılar. Qadınlar isə sac qoyar, təndir qalayar, toya çatacaq qədər çörək bişirərdilər. Bu işlər qurtardıqdan sonra süfrə açılar, kəsilmiş heyvanların içalatının qovurması, ətirli təzə təndir çörəyi, soğan qabığı kimi nazik, isti lavaşlar süfrəyə gələrdi. Yeyib-içib qarınlar doyduqdan sonra toy məclisinə böyüklük edəcək ağsaqqal vəzifə bölgüsü edərdi. Hərə öz işini bildikdən sonra dağılışar, səhəri gün yenidən toy evinə yığışardılar.

Müğənni Natiq və ansamblı

    Nəbi obadakı İbrahim dayı, İsgəndərov Səməd kişi, qonşumuz Güləmməd kişi (ona Gülü deyə müraciət edərdik) və yaxud da başqa bir şəxs ata minər, bütün kənd kişilərini axşam “çörəkkəsdi”yə dəvət edərdilər. Qız evinə yaxın qadınlardan biri də qız evinə “paltar”a dəvət edərdi.

    Saat 11-12-də məhəllə uşaqlarının: – Şabanlar gəldi, şabanlar gəldi. – çığırtısı ətrafa yayılardı. Bir neçə dəqiqə sonra rəhmətlik Şabanın qarazurnasının səsi və Zaidin (Zahidin) nağarasının gumbultusu ətrafı bürüyərdi. Onların yanında da şalvarının ütüsü ülgücə bənzəyən züytutan Əlibaba kişi yerini alardı.

    Bəli, şabanlar çala-çala toy həyətinə daxil olar, bəyin atası və anası əlində çalğıçılar üçün xonça ilə onları qarşılayar, üzlərindən sevinc yağa-yağa ortalıqda süzərdilər. Digər ailə üzvləri, qonum-qonşu, dost-tanışlar da onlara qoşular və toy başlayar, nə başlayardı.

    Toy məclisləri adətən şənbə-bazar günləri olardı. Həyət bacada, bağ-bağatda işlərini qurtaran kənd kişiləri ikindi vaxtından etibarən toy mübarəkinə gəlməyə başlayardılar. Bir kasa bozbaşını yeyər, deyib gülərdilər. Seyfəddin dayının (şofer Qiyasəddinin atası, kənddə ona “Poçtalyon Seyfəddin” də deyərdilər), Bədyal xalanın, bibim Həzimənin bişirdiyi bozbaşın ətri adamı bihuş edərdi.

Bozbaş,dolma və aş

    Həyətlərində mal-qaranı, toyuq-cücəni rahatladıqdan sonra adamlar mağara toplaşardılar. Mağar açıq havada qurulardı. Çünkü toylar adətən yayda olardı. Kişilər qabaqda qoyulmuş oturacaqlarda əyləşər, qız-gəlin isə onların arxasında ayaq üstə durar, toyu seyr edərdilər. Yaşlı qadınlar isə kişilərin arxasında stullarda əyləşərdilər. Kənddə ildə 1 və ya 2 toy olduğundan hamı həvəsli, sevincli olardı. Şıdırğı rəqs edən cavanların sevincindən cuşa gələn Şaban həvəslə qarazurnasını inildətər, Əlibaba kişi ovurdlarını köptürə-boşalda ona züy tutardı. Nağaraçı Zaid isə özü ayrıca bir “toy” idi. Anadangəlmə komik olan bu kişi etdiyi gülməli hərəkətlərdən uğunub gedən uşaqların şirin-şən qəhqəhələrinin müşaiyəti altında zoğal ağacından düzəltdiyi çubuqlarla nağarasını döyəcləyərdi. Kişilər növbə ilə 2-2, 3-3 rəqs edər, öz anasını, bacısını, həyat yoldaşını və yaxud da yaxın qohumu olan qız-gəlini rəqsə dəvət edərdi.

    Kişisiz evlərin qadınlarına isə xüsusi hörmət olardı. Ya toy sahibi, ya qohumlar, ya da həmin evlərə qonşu olan kişilər mütləq onları da rəqsə dəvət edərdilər. Şənlik gecə yarısına qədər davam edərdi.

    Səhəri gün günortaya yaxın oğlan adamları çal-çağırla qız evinə “paltar” aparardılar. Gəlin üçün alınmış paş-paltar, ayaqqabı, parfumeriya əşyaları və digər şeylərdən xonça tutulardı. Şirniyyat və xına xonçası da öz yerində. Bəyin yaxınları – xala, bibi, ərə getmiş bacısı varsa onun ailəsi, mütləq bir xonça çıxarardılar.

Kababçı Çingiz

    Bəli, qabaqda “şabanlar”, arxada xonçalı qız-gəlin, lap arxada isə “harda aş, orda baş” məhəllə uşaqları qız evinə yollanardı. Həyətə çatdıqdan sonra qız-gəlin başlarında xonçalarla rəqs edər, qızın atası ya qardaşı şirinlik verərək xonçaları bir-bir alardı. Toyun bu mərhələsi “paltar” adlanardı. Gələn qonaqlara yemək verilər, gəlin üçün gətirilən xonçalar göstərilərdi. Qonaqlar da xonçalara baxaraq müəyyən məbləğdə pul salar: “Çox mübarək”- deyərdilər.

    Ailələrin razılaşmasından asılı olaraq bəzən toyun ikinci günü mağar qız evində olardı yaxud da ikinci gecə də mağar oğlan evində qurulardı. Ikinci günün axşamı qız evində xınayaxdı olardı. Qızın rəfiqələri, yaxınları, məhəllədəki qız-gəlinlər dəvət olunardı. Xınayaxdıdan əvvəl gənclər “tar-kamança” adlı bir şənlik məclisi düzəldər, çalıb oynayardılar. Adı “tar-kamança”olsa da heç vaxt orada kamança görmədim. Qonşumuz Seyfulla kişi tar, qardaşı Niftulla kişi qaval çalar, (Allah hər ikisinə rəhmət eləsin) gənclər oynayardılar. Yadımdadır, ən çox da “Heyvagülü” və “Kolxoz” rəqsi çalardılar. Maraqlıdır ki, orada ancaq qızlar olardılar.

Xına mərasimi

    Digər adətlər kimi sonradan bu adət də pozuldu. Elə ki, həmin məclisə oğlanlar ayaq açdı, o, öz orijinallığını itirdi və tədricən yaddan çıxdı.

    Toyun üçüncü günü bəyin hamam günü olardı. Evlərdə hamam olmadığından sağdış-solduş onu xüsusi təmtəraqla Qubaya hamama aparardılar. Oradan qayıdan bəy birbaşa əmisi və ya dayısıgilə yollanardı. Adət belə idi ki, toyun üçüncü günü bəyin yaxınlarından biri onu qonaq edərdi. Orada da heyvan kəsilər, qohum-qardaş, dost-tanış yeyib içərdi. Bəzən mağar da bəyin qonaq olduğu evdə qurulardı. Axşam “bəydurdu” olardı. Mağarın başında bir stol açılar, bəy sağdış-solduşu ilə oturar, “çörəkkəsdi”də yeyib içən kişilər toyxanaya girər, rəqs edər, “toy mübarəki” olaraq bəyin qarşısına pul salardılar.

    Həmin gün günortadan sonra kənd sovetinin katibi qız evinə gələr, onun aparacağı cehizi siyahıya alardı. Bəyin atası isə gəlinə qiymətli bir mehir bağışlayardı. Elə olurdu ki, bəzən gənc ailənin yaşayacağı evi qaynata gəlinin adına keçirirdi ya da cavanlara camış, inək, bir neçə qoyun bağışlanardı. Mehir adına bağışlanan şeylər də siyahıya daxil edilər, şahidlər qol çəkər və sovetlik sədri tərəfindən möhürlənərdi. Gələcəkdə ailə boşanmış olsaydı siyahıda göstərilən bütün əşyalar gəlinə qaytarılırdı.

Toy adəti

    Axşamüstü oğlan adamları gəlini aparmaq üçün qız evinə gələrdilər. Evdən gəlin çıxarmağın da özünə xas adətləri vardı. Bir müddət həyətdə çalıb oynadıqdan sonra oğlan adamı gəlini aparmaq istədiklərini bildirərdilər. Gəlin tərəfin ağsaqqalından, ağbirçəyindən icazə alındıqdan sonra gəlini çıxarmaq üçün otağa daxil olardılar. Gəlini evdən çıxarmamışdan əvvəl onun başı üzərində ballı çörək kəsilər, bir parçası oğlan evinə, bir parçası da qız evinə verilərdi. Gəlinin sağdış-solduşu da öz şirinliklərini alar, dayısı isə sandıq üstə oturub bəyin atasından xələt tələb eliyərdi. Bu işlərdən sonra gəlinin bir qolundan bəyin atası, digər qolunan isə öz atası tutararaq qapıya doğru gətirərdilər. Burda da “qapıkəsdi” olardı. Gəlinin yaxınlarından biri qapıda durar və xələt tələb edərdi. Bu “maneə”ni də dəf etdikdən sonra gəlini evdən çıxarar və gəlin maşınına mindirərdilər. Gəlinlə birgə bəy üçün şərbət dolçası və gəlinin lampası gedərdi. Bəy evində gəlinin ayağı altında qurban kəsilərdi. Başına bərəkət əlaməti olaraq arpa, buğda və yaxud da şirniyyat səpilərdi. Bəyin anası şərbət və lampa gətirən uşaqlara şirinlik verərdi.

    Camaat artıq yorulduğundan üçüncü gün toy biraz tez qurtarardı. Səhəri gün “üzəçıxdı” olardı. Kişilər bir otaqda, qadınlar isə başqa otaqda yığışardılar. Əllərində aftafa-ləyənlə bəy kişilər olan otağa, gəlin isə qadınlar olan otağa daxil olar, qonaqlara “xoşgəldin” edər və əllərinə su tökərdilər. Lap əvvəllər hətta qonaqların ayaqlarını da yuyurmuşlar. Gələn qonaqlar da onlara yüngülvari xərclik verərmişlər. Üzəçıxdıdan sonra gənclər sərbəst şəkildə həyət-bacaya çıxa bilərdilər.

Neman Qədirbəyli

    Alpanda doğulub boya-başa çatdım. Orta məktəbi orada qurtardım. 26 yaşıma qədər ailəmlə orada yaşadım. 12 cavan oğlanın toyunda solduş oldum. Neçə toylarda iştirak etdim. Həmin dövrdə doğma kəndimizdə bircə ailənin belə dağıldığını xatırlamıram. Çünkü ailələr ağsaqqal-ağbirçək xeyir-duası ilə qurulurdu.

    Bunlar mənim xatirimdə qalanlardır. Təbii ki, nələrisə unutmuşam. Ağsaqqal və ağbirçəklərdən xahiş edirəm ki, bildiklərini şərhlər bölməsində əlavə etsinlər ki, bizdən gələcək nəsillərə yadigar qalsın.

 

Müəllif: Neman Qədirbəyli