Məktəbin ürəyi

585

“Məktəbin ürəyi” illər boyunca apardığım müşahidələr, öz təcrübələrim, yaşadığım, şahidi olduğum hadisələr, həmkarlarımın söz-söhbətləri, pedaqogikada “resepti”ni tapa bilmədiyim məqamlar,  oxuduqlarımın real həyatla əlaqəsini öyrənmək istəyi sayəsində yarandı. Müxtəlif zamanlarda yazdığım pedaqoji yazıları toplayıb bu ad altında çap etdirməyi qərara aldım. Hamı bilir ki, milli mətbəximizin ən ləziz xörəyi olan plovun nə qədər çeşidi və resepti var. Hər çeşidi də hər aşpaz öz dəst-xətti ilə hazırlayır. Pedaqoji prosesin çətinliyi onun üçün reseptlərin olmamasıdır. Bu, pedaqoji prosesin xaosdan, hərc-mərclikdən ibarət olması anlamına gəlməməlidir. Müəllim işinin obyekti insandır – marağı, meyli, dünyaya baxışı, böyüyüb başa çatdığı ailənin özünəməxsusluğu, qavrama qabiliyyəti, insanlarla münasibətləri, məsuliyyəti və s. fərqli olan şagirdlərdir. Qırx beş dəqiqə davam edən dərs əslində bir insan ömrünün zaman və məkan simvoludur. Sinif adlı dünyada kimin nəyi, necə və nə üçün öyrənəcəyi elə insanın bu dünyaya nə üçün gəldiyinin cavabına bənzəyir. Uzun ömür yaşayıb, ölüm ayağında israf etdiyin illərin təəssüfünün nə faydası? Müəllim də dərsini elə təşkil etməyə çalışmalıdır ki, nə öz ömrü, nə də şagirdlərinin vaxtı israf olsun. Dərindən düşünsək, dilimizdə tez-tez işlənən “vaxtı öldürmək” sözləri, bilirsinizmi, nə qədər ağır ifadədir. Ölüdrənə “qatil” demirikmi? Zaman o qədər qiymətlidir ki, Uca Allah belə onu ikinci dəfə vermir. Artıq qırx ilə yaxındır ki, müəlliməm. Obyektiv səbəb olmadan qırx saniyə belə dərsə gecikdiyim olmayıb. Məni tanıyanlar yaxşı bilir ki, zəngin son sədası sinfə girməkdə hələ məni qabaqlamayıb. Dərsdən həmişə narahat ayrılmışam – kiminsə dərsimdən tam faydalanmadığından qorxmuşam. Bütün bu və buna bənzər, ilk baxıçda qeyri-adi səslənən düşüncələr məndə məhz müşahidələrim, mütaliəm sayəsində yaranıb. 1978-ci ildə universiteti bitirsəm də, ən böyük və ən çətin universitet olan həyat universitetinin imtahanından bu gün də qorxan, bu gözəl qorxu ilə oxuyan, öyrənən tələbəsiyəm.

 

… Çıxmaq istədiyim zirvənin dağı,

Qəlbimin sevinci, üzümün ağı,

Yoluma nur saçan zəhmət çırağı,

Tərimin şöləsi – şamdı imtahan…

 

Hələ tələbəlik illərində müəllim nüfuzunun enməyə başladığını görməyim məni narahat edib. Araşdırmalarım göstərib ki, müəllim nüfuzunun enməsində bizim günahımız da az deyil. Pedaqoji təhsili və diplomu əldə etməklə iş bitmir. Hər bir işdə, o cümlədən, müəllimlik sənətində də daşıdığı adın, tutduğu vəzifənin fəzilətini layiqincə daşımayanlar, özləri bir yana, həmin işi və o işin layiqli nümayəndələrini də hörmətdən, nüfuzdan salırlar. Peşəsinin vurğunu, bilik səviyyəsi ilə seçilən, öyrənərək öyrədən müəllimlər həmişə seçilib, seviliblər. Bu misralar da belə müəllimlər haqqında düşüncələrdən yaranıb:

 

Sən fəzilət bulağısan, müəllim,

Sönməz hikmət çırağısan, müəllim.

 

Bilik dərya – üzənlərin mayakı,

Dünyamızın güvənc yeri, dayağı.

 

Elin sərvətidi barın, bəhərin,

Parlaq ülkərisən aydın səhərin.

 

Bir ömürsən – cavanlaşar, qarımaz,

Zəhmətini itirənlər yarımaz.

 

Sən məktəbin ürəyisən, müəllim,

İnsanlığın gərəyisən, müəllim!

 

Üzüyün qiyməti onun qaşında olduğu kimi, məktəbin də şanı, şöhrəti, dəyəri, onun müəllimlərindədir. Bəzən etiraz edib deyirlər ki, məktəbin ürəyi onu idarə edən direktordur. Məktəb işini yaxşı bilən, müəllimlər müəllimi olan bir direktorun rolu məktəbin uğurlarında danılmazdır. Lakin notdan başı çıxmayan musiqiçiləri ən mahir drijorun idarə edə bilmədiyi kimi, öz sənətinin ustası olmayan müəllimləri idarə etmək, pedaqoji orkestr yaratmaq da mümkün deyil. Bundan savayı, səriştəli məktəb direktoru həmişə öz məktəbində usta, bacarıqlı, yaradıcı müəllimlərin olmasını istər. Belə müəllimlərlə işləmək, uğur qazanmaq çox asandır. Burada dünya şöhrətli Bill Geytsin bir fikrini xatırlamaq yerinə düşərdi: “Uşağının mümkün ən yaxşı təhsil alması üçün ona böyük məktəbdənsə böyük müəllim tapmaq lazımdır”.

Əsl müəllimlərlə həmişə fəxr etmişəm, onların səviyyəsinə yüksəlməyə can atmışam. Kitabda bu haqda ətraflı bəhs olunur. “Məktəbin ürəyi”, zənnimcə, müəllim sənətini seçib, müəllim olmağa hazırlaşan gənclər, gənc müəllimlər, valideynlər, şagirdlər və məktəb, müəllim işi ilə maraqlanan hər kəsin marağına səbəb olacaq. Artıq ilk reaksiyalar gəlməyə başlayıb. Müəllif üçün bundan gözəl nə ola bilər.

Şəkildə gördüyünüz, kitabımı oxuyan gözəl balamız 20 il bundan əvvəl dərs dediyim şagirdimin övladıdır.

 

“Sevə-sevə oxuyuruq.” – deyən İlqar Hacıyev universitetdə dərs dediyim tələbəm, gələcəyin gözəl müəllimlərindəndir.

 

“Təbrik edirəm, bağrıma basıram… gözəl və dəyərli müəllimimiz…” – sözləri ilə məni kövrəldən istedadlı şair Elxan Yurdoğlu hələ kitabı oxumasa da, öz müəllimini təbrik etməyi özünə borc bilən vəfalı şagirdlərimdəndir.

 

Müəllim haqqında nə qədər yazılsa da, azdır. Ümidvaram ki, bu şərəfli peşə sahibləri haqqında daha sanballı əsərlər yazılacaq.

Müəllif: Rahib Alpanlı